Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilib
Fevralın 20-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.
Tədbirdə Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı, Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottinger iştirak ediblər.
Əvvəlcə birgə foto çəkdirildi.
Azərbaycan Prezidenti İlham Əliyev toplantıda nitq söylədi.
-Hörmətli xanımlar və cənablar.
Hörmətli qonaqlar, hörmətli dostlar.
Azərbaycana xoş gəlmisiniz, sizi görməyə çox şadam, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının beşinci toplantısında iştirakınıza görə sizə təşəkkür edirəm.
Biz 2015-ci ildə bu mühüm prosesə start verdik və Azərbaycan belə bir əməkdaşlıq formatının təşəbbüskarı oldu. Bu təşəbbüs Avropa Komissiyası tərəfindən də dəstəkləndi və beləliklə, bu proses başlandı. Biz belə toplantıların və bu nəhəng layihənin irəli aparılması ilə bağlı görülməli işlərə dair geniş müzakirələrin faydasını görürük. Mən Avropa Komissiyasına bu prosesdə fəal iştiraka görə təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan və Avropa Komissiyası bu şuranın həmtəşkilatçılarıdır və bizim sıx əməkdaşlığımız yaxşı nəticələr verir. Böyük məmnuniyyətlə komissar Ottingeri salamlayıram. O, vaxtilə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı olub və Avropa İttifaqı ilə Azərbaycan arasında enerji məsələləri üzrə əməkdaşlığın möhkəmlənməsi və Cənub Qaz Dəhlizi layihəsinin irəliləməsində mühüm rol oynayıb. Bu, həqiqətən də vahid komanda işidir və ildən-ilə biz bunun nəticəsini görürük.
Mən Azərbaycanın təşəbbüskarı olduğu bütün enerji layihələrinin, xüsusilə də Cənub Qaz Dəhlizinin reallaşdırılmasında göstərilən davamlı dəstəyə görə Amerika Birləşmiş Ştatları hökumətinə minnətdarlığımı bildirirəm. Mən ABŞ və Böyük Britaniyanın yüksək səviyyəli nümayəndələrini salamlayıram. Əminəm ki, sizin töhfəniz sayəsində bu toplantının gözəl nəticələri olacaq. Mən, eyni zamanda, Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində iştirak edən qonşularımız Türkiyə və Gürcüstan, habelə Avropa ölkələrindən Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyadan olan nümayəndələri salamlayıram. Biz artıq bu layihənin reallaşdırılmasına məsul olan bir komandayıq.
Bildiyiniz kimi, Azərbaycan Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro ilə Avropada enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu imzalayıb. Bunun nəticəsində biz Azərbaycanın enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradacağıq və mən həmin dövlətlərin nümayəndələrini də burada salamlayıram. İllik toplantılarımızda iştirak edən qonaqlarımızın sayı artır. Mənə verilən məlumata görə, burada Macarıstan, Rumıniya, Serbiya, San-Marino və Türkmənistandan olan nümayəndələr iştirak edirlər və şadam ki, bu layihəyə maraq göstərən dövlətlərin sayı artmaqdadır.
Əlbəttə, burada şirkətləri də qeyd etmək lazımdır, çünki onların fəal iştirakı olmadan bu nəhəng layihəni reallaşdırmaq mümkünsüz olardı. Mən SOCAR və BP arasında olan sıx strateji tərəfdaşlığı xüsusi qeyd etmək istəyirəm. BP şirkəti bizim strateji tərəfdaşımız və investorumuzdur, o, Azərbaycanda 25 ildir ki, fəaliyyət göstərir. BP Azərbaycanda enerji layihələrinin icrası ilə bağlı böyük səylər göstərir və onun yatırdığı sərmayələr tərəfimizdən yüksək qiymətləndirilir. Biz Azərbaycanda enerji sahəsinin inkişafı ilə bağlı bir sıra vacib layihələr üzərində çalışırıq.
Beynəlxalq maliyyə qurumlarının güclü dəstəyi olmadan bizim birgə səylərimiz faydalı olmazdı. Bu gün toplantımızda dünyanın aparıcı maliyyə qurumlarının – Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və Avropa İnvestisiya Bankının nümayəndələri iştirak edirlər. Fürsətdən istifadə edərək, bu layihə ilə bağlı maliyyə töhfəsinə və bizə olan etimada görə sizlərə təşəkkür edirəm. Bizim nə qədər böyük təşəbbüs və nəhəng layihəni həyata keçirdiyimizi təsvir etmək üçün, zənnimcə, bu toplantıda iştirak edənlərin siyahısını səsləndirmək kifayət edər.
Cənub Qaz Dəhlizi ümumi marağımızı əks etdirən və qarşılıqlı surətdə əhəmiyyətli layihədir. Bu, Azərbaycanın 1994-cü ildə təməli qoyulmuş enerji strategiyasının tərkib hissəsidir. O zaman Azərbaycan nəhəng “Azəri-Çıraq-Günəşli” neft yatağı ilə bağlı beynəlxalq neft şirkətlərindən ibarət konsorsiumla müqavilə imzaladı. Bu, bizim beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığımızın başlanğıcı idi. O vaxt Azərbaycan öz təbii resurslarını beynəlxalq əməkdaşlıq üçün əlçatan etdi. İlk dəfə beynəlxalq sərmayələr Xəzər dənizinə yatırıldı və 1994-cü il, əslində, Azərbaycanın inkişafı baxımından da dönüş nöqtəsi oldu. Azərbaycan o zaman yalnız üç il idi ki, gənc müstəqil dövlət idi və iqtisadi vəziyyət çox çətin idi. Ölkəni xarici sərmayə üçün açaraq biz milyardlarla dollarlıq sərmayə cəlb edə bildik. On minlərlə yeni iş yerləri açdıq, Azərbaycanın münbit sərmayə mühitinə malik dövlət olduğunu nümayiş etdirdik. Bunun nəticəsində neftdən gələn gəlirləri iqtisadiyyatın şaxələndirilməsi və müasir infrastrukturun yaradılmasına yönəltdik. Bu gün isə biz artıq qeyri-neft sektorunun inkişafına diqqət yetiririk. Bu, bizim üçün prioritetdir. Ancaq enerji sektoru bundan sonra da Azərbaycanın iqtisadiyyatının aparıcı sahəsi və regional əməkdaşlığın mühüm komponentlərindən biri olacaq.
1996-cı ildə “Şahdəniz” qaz yatağı ilə bağlı müqavilə imzalanmışdır ki, həmin yataq Cənub Qaz Dəhlizinin əsas resurs mənbəyidir. Ümidvaram ki, bu, yeganə mənbə olmayacaq, ancaq hazırda bu, belədir. Bu, nəhəng bir qaz yatağıdır və onun təbii ehtiyatları artıq hasil və ixrac olunur.
Bizim enerji sahəsinin xronologiyasına nəzər salsaq görərik ki, tədricən məqsədimizə çatmışıq. Məqsəd enerji resurslarının nəqlinin şaxələndirilməsi və bunun üçün müasir infrastrukturun yaradılması idi. Bu baxımdan 1990-cı illərin sonunda Xəzər və Qara dənizləri birləşdirən Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi enerji resurslarının nəqli və şaxələndirilməsi baxımından vacib məsələ idi. Daha sonra 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəməri istifadəyə verildi. Bu, tarixi hadisə idi. Bu nəhəng layihə sayəsində şirkətlər daha çox sərmayə qoymaq və daha çox neft çıxarmaq imkanı əldə etdi. Biz isə ixracımızı mümkün qədər artırdıq və bu gün Bakı-Tbilisi-Ceyhan vasitəsilə digər ölkələrə də neft nəql edilir.
Azərbaycan neft ehtiyatlarının nəqli baxımından vacib tranzit ölkədir və əlbəttə ki, Azərbaycanın regiondakı rolu artmaqdadır. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışı oldu və ilk dəfə olaraq Azərbaycan beynəlxalq bazarlara təbii qaz nəql edən dövlətə çevrildi. Çünki o vaxta qədər biz təbii qazı idxal edirdik. Yəni, biz əsas enerji layihəsi olan Cənub Qaz Dəhlizi istiqamətində davamlı olaraq irəliləmişik və bu gün bu layihənin icrası artıq reallıqdır. Xatırlayıram ki, 2012-ci ildə Azərbaycan və Türkiyə TANAP layihəsi ilə bağlı müqavilə imzaladı və bu, Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsi idi. Bir il sonra, 2013-cü ildə “Şahdəniz-2” layihəsi üzrə sərmayə qərarı qəbul edildi və elə həmin ildə Trans-Adriatik boru kəməri TANAP-ın davamı olaraq seçildi. Bütün bunlar onu nümayiş etdirir ki, biz tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Biz vahid komanda şəklində çalışmağımız nəticəsində uğurdan bəhs edə bilərik.
Ötən ilin fevral ayındakı sonuncu görüşümüzdən sonra iki mühüm tədbir keçirildi – biri Azərbaycanda, digəri isə Türkiyədə. May ayında Cənub Qaz Dəhlizinin, iyunda isə TANAP-ın rəsmi açılışları baş tutdu. Bunlar “Şahdəniz” yatağının istismarı və Cənub Qaz Dəhlizinin həyata keçirilməsi baxımından mühüm hadisələr idi. Bu gün biz bu nəhəng enerji layihəsinin yekunlaşdırılmasına yaxınıq. Onun dörd elementindən üçü artıq hazırdır və istifadə olunur. TANAP layihəsinin istifadəyə verilməsindən sonra 1 milyard kubmetr qazın Türkiyə bazarına ixracı bizi məmnun edir.
Trans-Adriatik boru kəmərinin inşasında da böyük irəliləyiş var. Ötən ilin fevral ayında şura qarşısında çıxışımda TAP-ın hazırlığının 67 faiz səviyyəsində olduğunu qeyd etmişdim. İndi isə son göstəricilərə görə bu rəqəm 87 faizdir. Yəni, bir ildə biz böyük irəliləyişə nail olmuşuq, işlər uğurla gedir və ümidvaram ki, gələn il biz yeni nəticələr haqqında danışacağıq.
Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir. Enerji resurslarının şaxələndirilməsi istehsalçı, istehlakçı və tranzit ölkələr üçün çox vacibdir. Hesab edirəm ki, biz burada yaxşı balans tapa bilmişik – yəni, istehsalçı olan Azərbaycan və istehlakçı və tranzit dövlətlər arasında. Maraqların balansı bu layihənin uğurunu şərtləndirir. Çünki biz bir-birimizin ehtiyac və narahatlıqlarını anlamağa çalışırıq. Çalışmışıq ki, bir-birimizi dəstəkləyək, zənnimcə, bu işdə uğurlu olmuşuq və belə toplantıların əhəmiyyəti olduqca böyükdür. Çünki biz il ərzində görülən işləri nəzərdən keçirir, eyni zamanda, gələcək addımlarımızı planlaşdırır və işimizin irəlilədilməsi məqsədilə il ərzində isə ikitərəfli və çoxtərəfli görüşlər, məsləhətləşmələr və konfranslar keçiririk. Bir daha qeyd edirəm ki, Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir. Çünki o, həmçinin nəqliyyat marşrutlarını və mənbələri şaxələndirir. Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbədir və təbii ki, yeni kəmərlər inşa etməklə biz enerji marşrutlarını şaxələndiririk. Yəni, bu, tam şaxələndirmədir, əslində, bu, Avropanın enerji xəritəsini dəyişdirir və beləliklə, Cənub Qaz Dəhlizinin əhəmiyyəti artır.
Əlbəttə ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Biz yaxşı anlayırıq ki, enerji təhlükəsizliyi olmadan milli təhlükəsizliyin təmin edilməsi çətinləşir. Enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz bir hissəsidir. O dövlətlər ki, xarici enerji mənbələrindən asılıdır, onlar əmin olmalıdırlar ki, bu marşrut dayanıqlı və uzunmüddətli olacaq. Onlar özlərinin gələcəyini və sənaye inkişafını planlaşdırmalıdır. Eyni zamanda, təbii sərvətlərlə zəngin olan istehsalçı dövlətlər etibarlı bazarlar olmadan öz məqsədlərinə çata bilməzlər. Beləliklə, bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və geniş beynəlxalq əməkdaşlıq layihəsidir.
Bu gün toplantının formatı onu nümayiş etdirir ki, biz çox geniş beynəlxalq əməkdaşlıq formatını yarada bilmişik. Maliyyə qurumları, şirkətlər və ölkələrin bir amalı var. Biz bu layihənin reallaşdırılmasına inanırıq və hesab edirik ki, hər birimiz üçün bu, uzunmüddətli uğur hekayəsi olacaqdır.
Azərbaycanın qaz ehtiyatlarına gəldikdə, təsdiq edilmiş ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Əlbəttə ki, “Şahdəniz” Azərbaycanın əsas qaz yatağıdır. Lakin, eyni zamanda, hazırda istismar prosesində olan digər yataqlar da var və düşünürəm ki, tezliklə biz “Abşeron” yatağından yaxşı nəticələr əldə edəcəyik. Əminəm ki, ən yaxın gələcəkdə biz oradan qaz hasil etməyə başlayacağıq. Böyük qaz ehtiyatına malik “Ümid”, “Babək” yataqları və digər yataqlar da çox ümidvericidir. Ona görə də mən əminəm ki, “Şahdəniz” Cənub Qaz Dəhlizi üçün yeganə resurs mənbəyi olmayacaq və yataqlarımızdan nə qədər çox qaz hasil edilsə, tərəfdaşlarımızı təchiz etmək və haqqında danışdığımız təchizat şəbəkəsini şaxələndirmək üçün daha çox potensial olacaq.
Əlbəttə ki, enerji əməkdaşlığı layihələri digər sahələrdəki əməkdaşlıqda da çox mühüm rol oynayır. Mən xüsusilə nəqliyyatı qeyd edərdim. Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri bizim ölkəmizin ərazisindən keçir. Biz müasir nəqliyyat infrastrukturuna böyük həcmdə investisiya yatırmışıq. Bakı dəniz limanı, Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, magistral yollar, Xəzər dəniz gəmiçiliyi, hava limanları – bütün bunlar bizim neft və qaz satışından əldə etdiyimiz gəlirlər sayəsində mümkün olub. Beləliklə, biz gəlirləri əlavə gəlir gətirəcək və ümumi işə xidmət edəcək sektorlara yönəltmişik. Çünki nəqliyyat layihələri, eləcə də enerji layihələri ölkələri birləşdirir. Ölkələr əlaqəli, qarşılıqlı şəkildə bir-birindən asılı olur və hər kəs mənfəət əldə edir. Ona görə də biz enerji təhlükəsizliyi layihələrinin faydasını digər sahələrdə görürük.
Əlbəttə ki, Azərbaycanın uğurlu enerji inkişafı bizə özümüzü dünyaya etibarlı ölkə, etibarlı tərəfdaş, xarici investisiyaları 100 faiz qoruyan ölkə kimi təqdim etməyə imkan verib. Bizim enerji şirkətləri ilə bütün müqavilələrimiz parlament tərəfindən ratifikasiya olunur və qüvvəyə minir. Bu səbəbdən də investorlar 100 faiz əmin olurlar ki, bu müqavilələrdə bir söz belə dəyişdirilməyəcək. Bu, etimad yaradır. Bu, həmçinin bizə digər sektorlara milyardlarla investisiya cəlb etməyə imkan verib.
Azərbaycana yatırılmış investisiyaların ümumi həcmi 250 milyard dollara yaxındır. Bunun yarısı xarici investisiyalardır. Bu, bizə iqtisadiyyatımızı şaxələndirməyə, islahatları uğurla həyata keçirməyə, yaxşı biznes mühiti yaratmağa imkan verib. Dünya Bankının sonuncu “Doing Business” hesabatına əsasən Azərbaycan 25-ci yerdədir. Beləliklə, biz möhtəşəm uğur qazanmışıq və biznes mühiti nöqteyi-nəzərindən 10 ən islahatçı ölkədən biriyik.
Enerji resursları və gəlirlərindən düzgün istifadə sayəsində biz infrastruktura, sosial infrastruktura böyük həcmdə investisiya yatırmağa, əhalinin yaşayış səviyyəsini qaldırmağa nail olmuşuq. Ona görə də bu layihə bizim üçün, əminəm ki, hamımız üçün olduqca mühüm əhəmiyyət kəsb edir.
Şadam ki, bu gün biz uğurlar, nəticələr barədə danışa bilirik və sözsüz ki, bu gün biz gələcək planlar barədə də danışacağıq.
Sizə uğurlar arzulayıram. Bizimlə birgə olduğunuza görə sizə təşəkkür edirəm.
X X X
Azərbaycanın energetika naziri Pərviz Şahbazov budəfəki toplantıda da mühüm məsələlərin müzakirə olunacağını deyərək sözü Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottingerə verdi.
Avropa Komissiyasının komissarı, Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottinger çıxış edərək bildirdi ki, Avropa İttifaqı strateji əhəmiyyətə malik Cənub Qaz Dəhlizi layihəsinin yaxın zamanlarda tamamlanması üçün üzv dövlətlərlə sıx əməkdaşlıq edir. Bu layihənin Avropa İttifaqının enerji təhlükəsizliyini xeyli gücləndirəcəyini deyən Günter Ottinger Prezident İlham Əliyevə bu toplantılara dəstək verdiyinə görə təşəkkür etdi və Məşvərət Şurasının iclaslarının layihənin reallaşmasında mühüm rol oynadığını bildirdi. “Bu gün Azərbaycan güclü artım tempinə malik ölkədir və iqtisadi çağırışlarını inamla həll edir”, – deyən Avropa İttifaqının rəsmisi əlverişli geosiyasi mövqeyə malik Azərbaycanın enerjini hasil və ixrac edən mühüm ölkə olduğunu və Avropa İttifaqının Azərbaycanın zəngin enerji təcrübəsindən faydalandığını vurğuladı. “Avropa İttifaqı üçün Azərbaycan Mərkəzi Asiya və Çinə çıxış yoludur”, – deyən komissar Azərbaycanın enerji şaxələndirilməsi planlarına da Avropa İttifaqının öz dəstəyini ifadə etdiyini bildirdi.
X X X
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı işini plenar sessiya ilə davam etdirdi.
Sessiyada Azərbaycanın energetika naziri Pərviz Şahbazov, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi, ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Sandra Oudkirk, Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Türkmənistan Prezidentinin müşaviri Yaxşıgəldi Kakayev, Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, TANAP-ın baş direktoru Saltuk Düzyol və TAP-ın icraçı direktoru Luka Şipati çıxış etdilər.
Sonra Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi və “Şahdəniz-2” layihəsinə həsr olunan videoçarx nümayiş olundu.
Daha sonra Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən Birgə Bəyannamə qəbul edildi.