Siyasət

İqbal Məmmədov bizneslə məşğul olduğunu təsdiqlədi: “Deputatlığa görə əmlakımdan keçəsi deyiləm ki?”

78 saylı Lerik seçki dairəsinin deputatı İqbal Məmmədov Modern.az saytına geniş müsahibə verib. Qanunvericiliyə görə, deputatın biznes fəaliyyəti ilə məşğul olmasına baxmayaraq millət vəkili sayta müsahibəsində şirkət sahibi olduğunu çəkinmədən ictimaiyyətə məlumat verib.

Həmin açıqlamanı sizlərə təqdim edir.

– Səmimi danışaq, bu gün necə, biznesiniz varmı? 
– Bunu inkar etsəm, düz olmaz. Mən dediyim şirkətin təsisçisiyəm. Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişik. Bu gün də təsisçi kimi qalıram. Amma onun işlətməsi ilə məşğul olmuram. Bu gün “Kaspi Yıldız” adlı şirkəti ərsəyə gətirdik. Təsisçisi mən olmuşam. Bu gün o zavodda 120 insan çalışır. 2010-cu ildə deputat seçildikdən sonra zavodu bütövlükdə qardaşıma dövr etdim.

– Qanunvericiliyə görə, deputat biznes fəaliyyəti ilə məşğul ola bilməz. İndi dediyinizdən belə nəticə çıxarmaq olarmı ki, İqbal Məmmədov biznesindən imtina etməyib?
– Bizneslə məşğul deyiləm. 2010-cu ildə işlətməciliyi başqasına dövr etmişəm. Amma inkar etmirəm ki, mənim bu gün də həmin şirkətdə məsləhətlərim var. İqtisadiyyat üzrə fəlsəfə doktoruyam. Dünyagörüşüm iqtisadiyyata əsaslanır. Qardaşıma hər gün məsləhətlər verirəm.

Çox sevinirəm ki, o da iqtisadçı olduğu üçün yaxşı işləyir. Ona tövsiyəm bu olub ki, istehsalatla məşğul olsun! Deputat olduğuma görə isə bütün əmlakımdan keçəsi deyiləm. O şirkətdən illik mənfəət çıxarılırsa, ondan gəlir mənə çata bilər. Bundan kim imtina edə bilər ki?!

– Biznesdə uğurlu olmanızdan danışdınız. Bəs deputat fəaliyyətində də özünüzü uğurlu hesab edirsiniz? 

– Gözəl sualdır. Siyasətlə iqtisadiyyat bir-birinə bağlıdır. Siyasətin özü iqtisadiyyatdan asılıdır. İqtisadiyyatı güclü olan ölkənin siyasəti də güclü olur. Bu, reallıqdır. Vaxtı ilə, 1990-cı illərdə xarici ölkələrə gedəndə bizi o qədər də saymırdılar. Bizimlə müqavilə bağlamağa belə çəkinirdilər. Amma 2008-2009-cu ildə xaricə gedəndə hamı bizimlə iş görmək istəyirdi.

Özümü biznesmen yox, iqtisadçı sayıram. Çünki uğurlarım iqtisadi savadıma görədir. Amma şans da böyük rol oynayır. Allaha çox şükür edirəm ki, mənə bu şansı verib.

Ola bilər ki, bir çox deputat həmkarımdan fərqli olaraq natiq deyiləm. Ancaq özümü deputat kimi də uğurlu hesab edirəm. Lerikdə sorğu aparsanız, görərsiniz ki, məni deputat kimi necə qiymətləndirirlər. Mən seçicilərimə hansı sözlər vermişəmsə, ona cənab Prezidentin apardığı siyasət nəticəsində əməl etmişəm.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir