Siyasət

Nazir fermerlərin suallarını cavablandırdı

Kənd Təsərrüfatı Nazirliyində “2019-2023-cü illərdə meyvəçiliyin inkişafına dair Dövlət Proqramı” layihəsinin ictimai müzakirəsi keçirilib.

Bu barədə nazirliyindən bildirilib.

Məlumata görə, ictimai müzakirədə nazirliyin təmsilçiləri, icra strukturlarının nümayəndələri və fermerlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan nazir İnam Kərimov bildirib ki, proqram prezidentin tapşırığı ilə hazırlanıb və vacib sənədlərdən biridir. Proqramın əsas məqsədi bu sahədə daha yüksək inkişafa, məhsuldarlığı artırmağa nail olmaqdır: “Bildiyiniz kimi, meyvəçilik aqrar sahənin prioritet istiqamətlərindən biridir. Azərbaycanın iqlim şəraiti daha çox məhsuldarlıq üçün münbit şərait yaradır. Meyvəçilik ölkəyə valyuta axınına imkan verən, məşğulluğu təmin edən, əmək tutumlu önəmli bir sahədir. Müasir dünyada intensiv bağçılıqdan geniş istifadə olunur. Biz də minimum ərazilərdə maksimum məhsuldarlıq əldə etməyə çalışmalıyıq. Bu sahədə fermerlərin bilik və bacarıqlarının inkişaf etdirilməsinə ehtiyac var. Aqrar sahəyə daimi dövlət dəstəyi var. Dövlət Proqramında meyvə istehsalı sahəsində mövcud potensialdan tam istifadə edilməsi nəzərdə tutulur”.

Onun sözlərinə görə, Dövlət Proqramında meyvəçiliyin regionlar üzrə ixtisaslaşması, meyvə emalı müəssisələrinin yaradılması, meyvə qurusu istehsalı sahəsinin inkişaf etdirilməsi ilə əlaqədar müvafiq tədbirlər nəzərdə tutulub.

Daha sonra nazir İ.Kərimov fermerlərin suallarını cavablandırıb. Tədbir zamanı Aqrar Tədqiqatlar Mərkəzinin İqtisadi təhlil və proqnozlaşdırma bölməsinin aparıcı mütəxəssisi Eldar Quliyev “2019-2023-cü illərdə meyvəçiliyin inkişafına dair” Dövlət Proqramı layihəsi ilə bağlı təqdimat edib. Təqdimatdan sonra keçirilən müzakirələrdə ölkədə meyvəçiliyin mövcud vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb, bu sahədə qarşıya qoyulan vəzifələrə, məhsuldarlığın artırılması üçün həyata keçiriləcək tədbirlərə toxunulub. Tədbirin sonunda analoji ictimai müzakirələrin mütəmadi olaraq keçirilməsi qərara alınıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir