Fəaliyyətə başladığı dövrdən ölkənin idman həyatında önəmli rol oynayan “Zirvə” Beynəlxalq İdman Klubları bu ildən etibarən öz inkişaf strategiyasına yeni yön verərək bir çox idman növlərini də öz çətiri altında inkişaf etdirməyi qərara alıb.
Klubdan verilən məlumata görə, əsasən də olimpiya idman növlərində peşəkar idmançıların yetişdirilməsini özünə əsas vəzifə seçib. Bunun üçün isə peşəkar idman infrastrukturunun qurulması olduqca vacibdir.Bu baxımdan növlər üzrə təlim-məşq bazalarının qurulması önəmlidir. Məhz bu istiqamətdə görülən işlərdən biri də martın 6-sı “Zirvə” Beynəlxalq İdman Klublarının Sumqayıt şəhərində açılan boks zalı oldu. Kikboksinq və pauerliftinq kimi populyar idman növlərinin idmançıları üçün də müvafiq şəraitlə təmin olunan zal Sumqayıt idmansevərlərinin ixtiyarına verildi. Azərbaycan Kikboksinq Fedarasiyası ilə də sıx əməkdaşlıq edən “Zirvə” Beynəlxalq İdman Klublarının bu növbəti zalı bu baxımdan da olduqca yararlı olacaqdır. Açılış mərasimində iştirak edən Azərbaycan Kikboksinq Fedarasiyasının prezidenti, millət vəkili Adil Əliyev çıxış edərək bu əlamətdar işdən danışdı, uğurlar arzuladı. Həmçinin “Zirvə” Beynəlxalq İdman Klublarının prezidenti Tofiq Heydərov da çıxış edərək əsas məqsədlərindən söz açdı.
Daha sonra açılış lenti kəsildi. Qonaqlar zaldakı şəraitlə əyani tanış oldular.
Sumqayıtda açılan yeni zalın ünvanı isə belədir: Sumqayıt şəhəri, Koroğlu prospekti,28