Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında rayonun təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə Nərimanov rayonunun sanitar təmizlik vəziyyətinə, yazın gəlişi ilə əlaqədar ağacların budanması, abadlıq və yaşıllıqların salınması, qorunması, yaşıllıqlara aqrotexniki qulluq göstərilməsi məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.
Müşavirədə bu günlərdə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılmış xüsusi komissiya tərəfindən keçirlən reydlərdə müşahidə olunmuş nöqsan və çatışmazlıqlar barədə danışılıb, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun göstəriş və tapşırıqları bir daha iclas iştirakçılarının nəzərinə çatdırılıb. Nərimanov rayonunun paytaxtın mərkəzi rayonlarından biri olduğunu, respublikamıza gələn turistlərin bu rayonda çoxluq təşkil etdiyini, Heydər Əliyev, F.X.Xoyski, M.K.Atatürk, Azadlıq prospektlərinin və digər mərkəzi küçələrin, eləcə də Bakı şəhərinin atributlarına çevrilmiş Heydər Əliyev və Bakı Konqres Mərkəzlərinin Nərimanov rayonunda yerləşdiyini nəzərə çatdıran Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qeyd edib ki, təmizlik ayı çərçivəsində Rayon İcra Hakimiyyətində işçi qrupu yaradılıb və işçi qrupuna müvafiq tapşırıqlar verilib. Abdin Fərzəliyev bildirib ki, rayon ərazisinin bəzi yerlərində, xüsusilə də gözdənkənar məhəllədaxili ərazilərdə narahatlıq doğuran problemlər, məişət tullantılarının vaxtında daşınmaması, bəzi küçə və həyətlərin natəmiz olması və s. hallar mövcuddur. Müşavirə zamanı mövcud nöqsan və çatışmazlıqlar müzakirə olunaraq, onların aradan qaldırılması üçün əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş və məsələ ciddi nəzarətə götürülüb.
İşində ciddi nöqsanlara yol verdikləri üçün, sanitar-təmizliyi qənaətbəxş olmayan 2 Mənzil Kommunal İstismar Sahəsinin rəisinə töhmət verilib və digər mənzil istismar sahələrinin, eləcə də başqa xidmət sahələrinin rəhbərlərinə işlərində dönüş yaratmaları barədə ciddi xəbərdarlıq edilib.
Həmçinin müşavirədə Bakı şəhərində təmizlik aylığının keçirilməsi və yazın gəlişi ilə əlaqədar ağacların budanması, yeni yaşıllıqların salınması, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilməsi və qorunması, məişət tullantılarının gündə 2 dəfə, lazım gələrsə 3 dəfə daşınması və utilizasiyaya göndərilməsi, məişət tullantıları üçün yeni konteynerlərin qoyulması, küçə və prospektlərin təmizliyi, işıqlandırılması, rayonun sanitar vəziyyətinin yaxşılaşdırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi barədə rayonun təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinə ciddi tapşırıqlar verilib.
Artıq Ziya Bünyadov prospekti boyu və s. məhəllələrarası və məhəllədaxili ərazilər və küçələr işçi qrup tərəfindən təmizlənib və nəzarətə götürülüb.