Ötən günlər ərzində Bakıda dörd nəfərin meyiti tapılıb.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.
Məlumata görə, 07:20 radələrində Nəsimi rayonu 3-cü Alatava, ev 250 ünvanında yerləşən evin qarşısında Məmməd Əmin Rəsulzadə qəsəbə sakini, əvvəllər qarət və qanunsuz narkotik vasitə saxlamağa görə məhkumluğu olan 47 yaşlı Dadaşov Pərviz Nuru oğlunun meyiti tapılıb.
Tapılmış meyitin üzərində hər hansı zorakılıq əlamətləri olmayıb. Ölüm səbəbi araşdırılır.
İki qardaş – 44 yaşlı Yuri və 40 yaşlı Aleksandr Məhərrəmovun meyiti isə aprelin 11-də, 20:30 radələrində Xətai rayonunun Babək prospektində yerləşən 90 saylı yaşayış binasının mənzillərindən birində tapılıb.
Qardaşların artıq dozada narkotik vasitə qəbulundan baş verən zəhərlənmədən öldüyü ehtimal edilir. Hazırda məhkəmə-tibbi ekspertləri qardaşların ölüm səbəbini araşdırır.
Binəqədi rayonunda isə cümə axşamı 51 yaşlı Zeynalov Natiq Zeynal oğlunun meyiti aşkarlanıb, onun üzərində hər hansı zorakılıq əlamətləri olmayıb. Onun səfil həyat tərzi sürdüyü, daimi yaşayış ünvanının olmadığı öyrənilib.