Manşet Siyasət

Əlixan Əlizadə: Heydər Əliyev Azərbaycanın müstəqil xarici siyasətinin memarıdır

Hər xalqın öz həyat yolu var. O, tarixi zamanda formalaşır. Elə insanlar var ki, mənsub olduqları xalqın tarixi təkamülünə məzmun verirlər. Fəaliyyətləri ilə həyat yolunun qaranlıqlarına işıq saçır, milyonlara öndərlik edirlər. Həmin insanlar tarixi şəxsiyyətdirlər. Onlar yalnız bir xalqa deyil, bütövlükdə bəşər tarixinə mənsubdurlar. Azərbaycanın böyük oğlu, görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyev məhz bu cür şəxsiyyətlərdəndir. O, həm də əvəzedilməz lider idi.

Liderlik xüsusi istedad və qabiliyyət tələb edir. Milyonlarla insana rəhbərlik etmək üçün qüdrətli tarixi şəxsiyyət olmaq gərəkdir. Burada son dərəcə yüksək məsuliyyət tələb olunur. Heydər Əliyev qüdrəti XX əsr kimi mürəkkəb bir yüzildə Azərbaycanın ümummilli lideri olmaq imkanı yaratdı. Sözün həqiqi mənasında o, müasir Azərbaycanın tarixi təkamülünə dinamika verdi. Ulu öndər müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu, siması və hərəkətverici qüvvəsidir. Bu məqamda tarixi şəxsiyyət kimi Heydər Əliyev fenomeninin əsas cəhəti ifadə olunub.

Ümummilli liderin bütün həyat fəaliyyəti müstəqil Azərbaycan dövlətinin təşəkkül etməsinə köklənmişdi. Sovet dövründə, zamanın tələbinə uyğun olaraq bu, xüsusi məzmun və forma kəsb edirdi. Ulu öndər ustalıqla, SSRİ-nin rəhbərliyini şübhəyə salmadan millətin inkişafına xidmət edən addımlar atırdı. O, Azərbaycanın müstəqil olacağını öncədən görürdü. Həmin mərhələnin daha ağrısız və uğurlu keçməsi üçün xüsusi planlarını həyata keçirirdi. Respublikanın sosial-mədəni və iqtisadi inkişafı naminə gecə-gündüz çalışırdı. Bunun sayəsində Azərbaycan SSRİ-də qabaqcıl respublikalardan birinə çevrildi. Azərbaycanı bütün dünya tanıdı.

Dövlət quruculuğu mürəkkəb prosesdir. Onun müxtəlif aspektləri mövcuddur. Bundan başqa, XX əsrin 90-cı illərində qlobal miqyasda çətin və mahiyyəti tam aydın olmayan geosiyasi proseslər gedirdi. Müstəqilliyini yeni əldə etmiş resbuplikaların düzgün inkişaf yolu seçməsi böyük siyasi müdriklik, zəngin təcrübə və strateji təfəkkür tələb edirdi. Həyat göstərdi ki, Heydər Əliyev həmin keyfiyyətlərə malik olan nadir şəxsiyyətdir. Azərbaycanın müstəqil dövlət kimi bütün sahələrdə əldə etdiyi uğurlar bu fikri tam təsdiq edir. Dünyanın inkişaf etmiş ölkələri belə böhrandan əziyyət çəkdiyi bir zamanda, ölkəmiz böyük nailiyyətlər qazanır. İqtisadiyyat inkişaf edir, cəmiyyətin bütün sahələri üzrə islahatlar davamlı həyata keçirilir, demokratik təsisatlar daha da möhkəmlənir. Bütün bunlar Heydər Əliyevin işləyib hazırladığı dövlət quruculuğu konsepsiyası əsasında reallaşdırılır.

Müstəqil dövlət quruculuğundan danışarkən ölkənin xarici siyasət kursuna nəzər salmamaq mümkün deyildir. Müasir tarixi dövrdə xarici siyasətin daxili siyasətin davamı olması xüsusi məzmun və məna kəsb edir. Qlobal miqyasda baş verən sürətli geosiyasi dəyişikliklər suverenlik məsələsini daha da aktuallaşdırır. Dövlətin suverenliyinin təmini strateji aspektdə prinsipial əhəmiyyət daşıyır. Həmin müstəvidə müstəqil dövlət quruculuğu ilə suverenliyin təmini məsələsinin bir-birini tamamlaması son dərəcə vacib vəzifəyə çevrilir. Şübhəsiz, xarici siyasət kursu bu kontekstdə əsas funksiyalardan birini yerinə yetirməlidir.

Heydər Əliyev mürəkkəb qlobal və regional vəziyyətin mövcudluğu, ölkə daxilində destruktiv qüvvələrin fəallaşdığı bir şəraitdə elmi olaraq əsaslandırılmış xarici siyasət kursu müəyyənləşdirə bildi. Bu, Azərbaycan dövlətçiliyi üçün tarixi töhfə idi. Ulu öndər ölkənin xarici siyasətinin bütün əsas istiqamətlərini müəyyənləşdirdi. Həmin istiqamətlər üzrə siyasi-diplomatik fəaliyyətin məzmunu və məqsədini dəqiqləşdirdi. Onun konkret tövsiyyələri və tapşırıqları əsasında xarici siyasətdə bir-birinin ardınca uğurlar əldə edildi.

Ulu öndərin müəyyən etdiyi xarici siyasət hər şeydən əvvəl dünyanın bütün dövlətləri ilə bərabər hüquqlu surətdə faydalı əlaqələr qurmaq və inkişaf etdirmək məqsədini daşıyır. Eyni zamanda, bu əlaqələrdən iki aspektdə faydalanmaq lazım gəlir. Onlardan biri Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirməkdən ibarətdir. İkinci aspekt isə respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirməkdir. Buna görə Azərbaycanın xarici siyasəti sülhsevər mahiyyətlidir. O, ilk növbədə, dövlət müstəqilliyinin möhkəmləndirilməsi işinə xidmət edir. Bütün bunları nəzərə alaraq, Heydər Əliyev Azərbaycan dövlətinin xarici siyasətinin başlıca prinsiplərini müəyyənləşdirdi. Onları aşağıdakı kimi qruplaşdırmaq olar:

  • beynəlxalq hüquq normaları ilə tənzimlənən dövlətlərarası münasibətlərə hörmət etmək;
  • bütün dövlətlərin suveren hüquqlarına hörmətlə yanaşmaq;
  • bütün mübahisəli məsələləri sülh və danışıqlar yolu ilə həll etmək;
  • qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq qurmaq;
  • dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətləri aradan qaldırmaq.

Bunlardan əlavə, Azərbaycanın xarici siyasəti dünya təcrübəsinin bütün nailiyyətlərini və sivil beynəlxalq normaları özündə əks etdirir. Bir daha vurğulamaq istərdim ki, Heydər Əliyev olduqca mürəkkəb bir şəraitdə, ölkənin əvvəlki rəhbərlərinin yarıtmaz fəaliyyətinin meydana çıxardığı mənfi tendensiyaların baş alıb getdiyi vaxtda xarici siyasət kursunu formalaşdırırdı. 1991-1992-ci illərdə Azərbaycana rəhbərlik edən şəxslərin beynəlxalq, regional və dövlətlərarası münasibətlərlə bağlı verdikləri məsuliyyətsiz bəyanatlar ölkənin beynəlxalq nüfuzuna olduqca mənfi təsir göstərmişdi. Yaxın qonşularımızdan Rusiya, İran və Mərkəzi Asiya respublikaları ilə münasibətlər gərginləşmişdi. Yaranmış bu ağır vəziyyətdən ölkəni xilas etmək lazım idi. Bu istiqamətdə atılan ilk addımlardan biri kimi Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olmasını göstərmək olar. Paralel olaraq, keçmiş sovet respublikaları ilə birbaşa ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparılırdı. Gərgin fəaliyyət nəticəsində 1993-cü ilin sonuna qədər Mərkəzi Asiya respublikaları ilə əlaqələrin köklü surətdə yenidən qurulması üçün yeni forma və vasitələr tapıldı. MDB-yə üzv dövlətlərlə iqtisadi münasibətlər inkişaf etdirildi, Gürcüstan, Özbəkistan, Ukrayna və Moldova ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin yaradılması öz müsbət nəticələrini verdi.

Bununla da xarici siyasət kursunda MDB ölkələri ilə münasibətlərin möhkəmləndirilməsi və inkişaf etdirilməsi layiqli yerini tutdu. Bu, Azərbaycanın müstəqilliyi və suverenliyi baxımından çox əhəmiyyətli məsələ idi. Çünki uzun tarixi əlaqələri olan bir geosiyasi məkandan ölkənin qəfil qopması dövlətçiliyə ciddi zərbə vura bilərdi. Hətta cəmiyyətin parçalanması təhlükəsi mövcud idi. Proseslərin bu cür mənfi istiqamətdə davam etməsinin qarşısını Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursu aldı. Burada təbii ki, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi məsələsini ayrıca qiymətləndirmək gərəkdir.

Onu demək lazımdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin xarici siyasət kursunda mərkəzi yer tutması təsadüfi deyil. Məhz Heydər Əliyevin səyləri sayəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi xarici siyasətin prioriteti kimi qəbul edildi. Bunun səbəbi aydındır. Ərazi bütövlüyünün təmin edilməsi dövlətin müstəqilliyinin və suverenliyinin əsas göstəricilərindən biridir. Məsələnin digər tərəfi Heydər Əliyevin siyasi kursunun bütünlükdə regionun inkişaf perspektivinə istiqamətlənməsi ilə bağlıdır. Müasir tarixi şəraitdə dünyadan təcrid edilməyə xidmət edən siyasət kursunun heç bir perspektivi yoxdur. Bu mənada Azərbaycanın inkişafı region miqyasında inteqrasiya prosesi ilə sıx bağlıdır. Öz növbəsində Cənubi Qafqaz da dünya siyasi və iqtisadi məkanına inteqrasiya olunmalıdır. Lakin bu prosesin qarşısını kəsən ən böyük maneə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsidir. Bütün bunlar sübut edir ki, ərazi bütövlüyünün təmin olunması yalnız Azərbaycanın inkişafı üçün deyil, həm də ümumilikdə regional inteqrasiyanın baş tutmasının təməl şərtlərindən biridir. Problemin bu aspektdə ölkənin xarici siyasət kursunda yer alması şübhəsiz ki, ulu öndər Heydər Əliyevin tarixi xidmətidir.

1993-cü ilin yayına qədər Azərbaycanın xarici siyasətində həqiqi yerini tutmamış başqa bir məsələ Türkiyə ilə münasibətlərin lazımi səviyyədə və məzmunda qurulmaması idi. Heydər Əliyev Türkiyəyə münasibətdə xarici siyasət kursunda ciddi dəyişikliklər etdi. Bundan sonra faktik olaraq, Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir mərhələ başladı. Hazırda Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqidir. Eyni zamanda, qardaş ölkə bərabərhüquqlu iqtisadi tərəfdaşdır. Əminliklə demək olar ki, indi Azərbaycan-Türkiyə münasibətləri bölgədə və dünyada sülhün bərqərar olması, təhlükəsizliyin təmin edilməsi işinə öz töhfəsini verir.

Heydər Əliyev qonşu İranla mehriban qonşuluq prinsipləri əsasında ikitərəfli siyasi, iqtisadi, mədəni münasibətlər yaratmağa nail oldu. İki ölkə arasındakı əlaqələr qarşılıqlı faydalı əməkdaşlıq prinsipi üzrə inkişaf edir. İqtisadi və mədəni sahələrdə əlaqələr getdikcə genişlənir.

Azərbaycanın xarici siyasətində ABŞ, Avropa və Uzaq Şərq istiqamətləri xüsusi yer tutur. Amerika Birləşmiş Ştatları, Britaniya, Çin, Yaponiya, Fransa, Almaniya, İtaliya kimi iri dövlətlərlə münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı hörmət əsasında qurulmasında ümummilli liderin müstəsna rolu olmuşdur. 1993-cü ilin sonundan başlayaraq həmin aspektdə ardıcıl və intensiv iş aparılmışdır. Enerji sahəsində əməkdaşlığın sağlam təməllər üzərində qurulması Azərbaycan-ABŞ əlaqələrinə xüsusi təkan vermişdir. İki ölkə arasında münasibətlərin tənzimlənməsi ilə bağlı ayrıca sənəd imzalanıb.

Amerika ilə Azərbaycan arasında müdafiə və hərbi əlaqələri, investisiyaların təşviqi və qorunması, ticarət və kapital qoyuluşu, banklararası və digər sahələrdə əməkdaşlığı nəzərdə tutan hökumətlərarası müqavilələr mövcuddur. İki ölkənin tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi haqqında imzalanmış xüsusi sənəd Amerika iş adamlarının ölkəmizdə fəaliyyət göstərmələri üçün əlverişli şərait yaradılmasının hüquqi bazasını təşkil edir. Bunlar Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, milli təhlükəsizliyinin təmin olunmasına və sosial-iqtisadi tərəqqisinə xidmət edir.

Azərbaycanın xarici siyasətində Avropa istiqamətinin xüsusi yeri vardır. Avropa İttifaqına üzv olan böyük və nüfuzlu dövlətlərlə qarşılıqlı əməkdaşlıq daim inkişaf etdirilir. Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Belçika, Yunanıstan, Polşa, Rumıniya və digər Avropa ölkələri ilə müxtəlif sahələrə aid sazişlər imzalanmışdır. Bu prosesin əsasını ulu öndər Heydər Əliyev qoymuşdur. Onun Avropa ölkələrinə hər bir səfəri zamanı çox mühüm sazişlər bağlanırdı. Heydər Əliyev hər bir sənəddə Azərbaycanın dövlət maraqlarının ciddi surətdə nəzərə alınmasına nail olurdu. Avropa İttifaqı ilə münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki, ölkə hazırda bu təşkilatın bir çox proqramlarında aktiv iştirak edir. Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur.

Heydər Əliyevin siyasətçi kimi uzaqgörənliyini keçən əsrin 90-cı illərində Uzaq Şərq ölkələri ilə sıx əlaqələr qurmaq üçün ciddi addımlar atması təsdiq edir. Ulu öndərin Çin Xalq Respublikasına etdiyi səfər bu aspektdə tarixi əhəmiyyət daşıyır. Həmçinin ümummilli lider Yaponiya ilə qarşılıqlı faydalı əməkdaşlığa böyük diqqət yetirirdi. Həmin dövrdə çoxlarının dərk edə bilmədiyi məqamları çox gözəl başa düşən Heydər Əliyev, bununla faktik olaraq, Azərbaycanın tarazlaşmış xarici siyasətinin özülünü qoyurdu. Bu gün qlobal miqyasda cərəyan edən geosiyasi hadisələr ulu öndərin hər şeyi öncədən gördüyünü tam sübut edir.

Hazırda Azərbaycanın dünyanın 176 dövləti ilə diplomatik münasibətləri vardır. Ölkəmizdə 81 diplomatik nümayəndəlik və konsulluq fəaliyyət göstərir. Öz növbəsində Azərbaycanın 62 ölkədə səfirliyi, 5 baş konsulluğu və 10 daimi nümayəndəlikləri mövcuddur. Lakin bunlar son hədd deyil. Azərbaycan xarici dövlətlərlə diplomatik münasibətlərini genişləndirir, yeni səfirliklər açır. Heydər Əliyev ölkənin xarici siyasət kursunu son dərəcə çevik prinsiplər üzərində qurduğundan Azərbaycan diplomatiyası durmadan fəallığını artırır. İndi Azərbaycan mötəbər beynəlxalq təşkilatların üzvüdür və orada çox aktiv fəaliyyət göstərir. Avropa Şurasında, İslam Əməkdaşlıq Təşkilatında, BMT-nin Təhlükəsizlik Şurasında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında, YUNESKO-da, digər nüfuzlu təşkilatlarda Azərbaycanın xüsusi yeri vardır. Ölkəmiz Avropa İttifaqının TRASEKA, “Yeni Qonşuluq”, “Şərq tərəfdaşlığı” kimi proqramlarının aktiv iştirakçısıdır. Bütün bunlara görə Azərbaycan ulu öndər Heydər Əliyevə borcludur.

Burada mən çox vacib bir məqamın üzərində dayanmaq istərdim. Xarici siyasətdə varislik son dərəcə böyük əhəmiyyət kəsb edir. Postsovet məkanı ölkələrinin təcrübəsi göstərir ki, varisliyi qoruya bilməyən dövlətlər olduqca çətin vəziyyətə düşürlər. Azərbaycanda isə siyasi varislik yüksək səviyyədə təmin olunmuşdur. Məhz bu səbəbdən xarici siyasət sahəsində davamlı olaraq nailiyyətlər əldə edilir. Heydər Əliyevin xarici siyasəti öz bəhrələrini verir. Beynəlxalq əməkdaşlıq, mədəniyyət, siyasət, terrorla mübarizə, idman və başqa sahələrdə Azərbaycanın qazandığı uğurlar dostları sevindirir, bəzilərində isə qısqanclıq hissi oyadır.

Ölkəmiz beynəlxalq enerji layihələrində fəal iştirak edir. Bunun regional və qlobal miqyasda baş verən geosiyasi proseslərə təsirini görməmək mümkün deyil. İndi Azərbaycan özü Trans-Anadolu qaz kəməri (TANAP) adlı enerji layihəsinin təşəbbüskarıdır. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzrum qaz kəmərləri neçə ildir ki, fəaliyyətdədir. “Cənub axını” və “Nabukko” layihələrinin taleyi rəsmi Bakının bu məsələlərdə tutacağı mövqedən xeyli dərəcədə asılıdır. Azərbaycanın enerji daşıyıcıları bir neçə istiqamət üzrə ixrac edilir. Bu cür diversifikasiya ölkənin geosiyasi vəziyyətinə müsbət təsir edir, onun rəqabətədavamlılığını artırır. Eyni zamanda, dünyanı bürüyən böhrandan qorunmaq imkanı yaradır. Azərbaycana hər hansı dövlətin təzyiq etməsi mümkün deyil. Bakı müstəqil xarici siyasət yeritmək üçün lazım olan bütün şəraiti yaratmışdır.

Azərbaycanın mədəniyyət sahəsində əldə etdiyi nailiyyətlər qürur hissi oyadır. Ölkəmizin təmsilçiləri “Avroviziya” mahnı müsabiqəsində qalib gəldilər. Bu qələbə səsverənlərin rəyi əsasında baş tutdu. Bundan sonra həmin beynəlxalq müasbiqənin Bakıda keçirilməsi haqqında qərar qəbul edildi. “Avroviziya” beynəlxalq mahnı müsabiqəsi Bakıda uğurla keçirildi. Məlumdur ki, bu tədbirə qara yaxmaq, Azərbaycana qarşı şər-böhtan atmaq və ölkənin mənfi obrazını yaratmaq istəyən dairələr oldu. Lakin Azərbaycan bütün bu təxribatların qarşısını alaraq, “Avroviziya”nı yüksək səviyyədə təşkil edə bildi.

Burada Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətini dünyada tanıtdırmaqla bağlı gördüyü işləri mütləq vurğulamaq gərəkdir. MDB məkanında, Avropada, ABŞ-da və digər regionlarda milli mədəniyyətimizin təbliği istiqamətində geniş işlər görülür. Fransada bununla əlaqəli böyük bir tədbirin keçirilməsi çox sevindiricidir. Bunlar böyük qələbədir.

Şübhəsiz, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi xarici siyasətin ən böyük qələbələrindən biridir. Bu prosesdə ölkəmiz dünyanın ən qüdrətli dövlətləri ilə mübarizə aparmalı oldu və qalib gəldi. Tarixdə ilk dəfə olaraq Azərbaycanın dövlət başçısı BMT TŞ-nin iclasına sədrlik etdi. Təbii ki, burada ölkə rəhbərliyinin düşünülmüş xarici siyasət kursunu qətiyyətlə həyata keçirməsi əsas rol oynadı.

Beynəlxalq terrorla mübarizədə Azərbaycanın aktiv iştirakını mütləq vurğulamaq gərəkdir. Bu barədə dünyanın böyük dövlətləri açıq danışırlar. Azərbaycan əsgərləri BMT-nin himayəsi ilə həyata keçirilən sülhməramlı əməliyyatların daimi iştirakçısıdır. Kosovo, İraq, Əfqanıstan və başqa qaynar nöqtələrdə əsgərlərimiz layiqincə sülhün keşiyində durmuşlar və mükafatlandırılmışlar. Ümummilli liderin ordunun formalaşması və daha peşəkar səviyyəyə qalxması ilə bağlı başladığı işlər indi müvəffəqiyyətlə davam etdirilir. Azərbaycan xarici siyasət kursunun sülhsevərliyini terrorla mübarizədə göstərdiyi təşəbbüslərdə tam sübut etmişdir. Erməni terrorundan əziyyət çəkən Azərbaycan dünyanın heç bir ölkəsində buna oxşar hadisələrin baş verməsini istəmədiyini nümayiş etdirmişdir. Təəssüf ki, hələlik Azərbaycanın bu humanizmliyi və sülhsevərliyinə böyük dövlətlər lazımi səviyyədə qiymət verməyiblər. Onlar Ermənistanın təcavüzkar siyasətinin qarşısını almaq məsələsində qətiyyətli davranmırlar. Bu haqda açıq danışmaq zəruridir. Lakin Azərbaycan torpaqlarının bir qarışını belə kimsəyə güzəştə getməyəcək və bu istiqamətdə başladığı mübarizəni inamla davam etdirəcək.

Müasir dövrdə idman dünya miqyasında böyük əhəmiyyət kəsb edən sahədir. Hər hansı bir ölkənin qüdrəti həm də onun bu sferada əldə etdiyi nailiyyətlərilə ölçülür. ABŞ, Çin, Rusiya və digər böyük dövlətlərin idman sahəsində qazandıqları uğurlar onların dünya miqyasında nüfuzunu daha da artırmışdır. İndi müəyyən mənada böyük dövlətlər idman yarışlarına həm də nüfuz uğrunda rəqabət meydanı kimi baxırlar. Azərbaycanın son illər bu istiqamətdə əldə etdiyi nailiyyətlər olduqca təqdirəlayiqdir. İndi ölkəmizin idmançıları bir sıra Avropa, Asiya və dünya yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxırlar.

Eyni zamanda, Azərbaycan mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi ölkədir. Bu aspektdə Avropa Olimpiya Komitəsinin ilk Avropa olimpiya oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul etməsi tarixi əhəmiyyət daşıyır. Yüksək səviyyəli beynəlxalq idman yarışlarını Cənubi Qafqazda Azərbaycandan başqa heç bir dövlət keçirmək qüdrətində deyil. Əminik ki, ölkəmiz bu istiqamətdə daha böyük uğurlara imza atacaq.

Artıq Azərbaycanın bir neçə nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edəcəyi məlumdur. Bu sırada Davos İqtisadi Forumu və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi tədbirlərin xüsusi yeri vardır. Bunlar ölkəmizin beynəlxalq miqyasda nüfuzunun sürətlə artdığını təsdiq edən faktlardır. Eyni zamanda, düşünülmüş, elmi əsaslandırılmış xarici siyasət kursunun həyata keçirildiyinin təsdiqidir. Bu yerdə onu vurğulamaq lazımdır ki, müasir dövrdə müstəqil xarici siyasət daxili siyasətin məntiqi davamıdır. Sosial, iqtisadi və mədəni sahələrdə əldə edilən nailiyyətlər bu fikrin düzgünlüyünü nümayiş etdirir.

Azərbaycan liberal prinsiplərə əsaslanan iqtisadi modelini yaratmışdır. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində böyük irəliləyişlər əldə edilib. Yoxsulluğun azaldılması istiqamətində çox ciddi proqramlar həyata keçirilib. Azərbaycan enerji və ərzaq təhlükəsizliyi problemlərini həll edib. Dünya İqtisadi Forumunun dərc etdiyi “Qlobal rəqabətədavamlılıq hesabatında” Azərbaycan dünyanın 144 ölkəsi arasında 46-cı yeri tutur. Bu, ölkənin MDB-də ən rəqabətədavamlı iqtisadiyyata malik olduğunu göstərir. Azərbaycan kredit reytinqinin səviyyəsinə görə MDB məkanında ilk yerlərdən birini tutur. Beynəlxalq reytinq agentlikləri Azərbaycanın reytinqini investisiya səviyyəsində saxlamaqda davam edirlər. Burada bəzi rəqəmləri xatırlamaq yerinə düşər.

2003-2011-ci illərdə ölkəmizdə ümumi daxili məhsulun (ÜDM) orta illik artım tempi 14,2 faiz olub. Qeyri-neft sektoru 10,7% böyüyüb. Həmin müddətdə Azərbaycanın strateji valyuta ehtiyatları 25,3 dəfə artıb. Dövlət büdcəsi isə 16,6 dəfə böyüyüb. Nominal əmək haqqı 5,9 dəfə artıb. Yoxsulluğun səviyyəsi 44,7%-dən 7,6%-ə enib. Hazırda ölkəmizdə hər 100 nəfərdən 65-i internet istifadəçisidir. 2020-ci ildə ölkədə adambaşına düşən gəliri 13 min ABŞ dollarına çatdırmaq planlaşdırılıb.

Digər sahələrdəki nailiyyətləri ifadə edən rəqəmləri də göstərmək olar. Azərbaycanda islahatlar sistemli şəkildə aparılır. Bu proses indi özünün növbəti mərhələsinə qədəm qoyur. Təbii ki, bunu bütün dünya diqqətlə izləyir. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, bəzi dairələr Azərbaycanın əldə etdiyi uğurlara qısqanclıqla yanaşırlar. Ancaq Azərbaycan yalnız özünü təqdim edir, onun başqa niyyəti yoxdur. Biz yalnız ölkəmizin deyil, bütövlükdə regionun inkişafını düşünürük. Xarici siyasət kursunda bu məqam ciddi yer tutur.

Azərbaycan hər bir dövlətə böyük hörmətlə yanaşır. Bakı kimsənin hüququnu tapdalamır. Bununla yanaşı, özünə qarşı da eyni münasibətin göstərilməsini tələb etməyə haqqı vardır. Heydər Əliyevin müstəqil və demokratik dövlət quruculuğu kursunu qətiyyətlə həyata keçirən ölkə rəhbərliyinin bundan sonra da milli maraqlara uyğun olan mövqedə olacağına heç kəsin şübhəsi olmamalıdır.

Azərbaycana qarşı bəzi dairələrin təxribatları davam edir. Ölkəmizin müstəqil xarici siyasət yeritməsi onları qıcıqlandırır. Bütün sahələrdə inkişafın getməsini, müstəqil dövlətçilik xəttindən kənara çıxılmamasını və beynəlxalq aləmdə ölkənin nüfuzunun durmadan artmasını bədxahların gözləri götürmür. Son zamanlar bu istiqamətdə həmin dairələrin bir qədər də fəallaşdığı müşahidə edilir. Lakin bütün bunlar heç bir nəticə verməyəcək. Azərbaycan dövləti öz maraqlarını qorumaq üçün bütün imkanlara malikdir. Prezident İlham Əliyevin qətiyyətli və düşünülmüş addımları ölkənin daha sürətlə inkişaf etməsinin təminatıdır. O cümlədən, xarici siyasət kursu ulu öndərin müəyyən etdiyi xətt üzrə dönmədən davam etdiriləcəkdir. Azərbaycan kiçik dövlət olsa da, beynəlxalq və dövlətlərarası münasibətlərə təsir edərək öz maraqlarını müdafiə edə bilir. Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı hazırlanmış əsassız hesabatın qəbul edilməməsi bunun nümunələrindən biridir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində ölkə rəhbərliyinin gördüyü işlər mütləq öz müsbət bəhrəsini verəcəkdir.

Artıq dünyanın bütün böyük dövlətləri Ermənistanı işğalçı ölkə kimi tanıyır. Beynəlxalq təşkilatlar bununla bağlı çoxlu sayda sənədlər qəbul ediblər. İndi rəsmi İrəvan əvvəlki kimi fəallıq göstərə bilmir. Azərbaycan diplomatiyasının tutarlı arqumentləri qarşısında ermənilər aciz vəziyyətə düşüblər. Bakının ədalətli mövqedə dayanması və haqqını tərəddüsüz tələb etməsi tamamilə normaldır. Düşünürəm ki, bu proses getdikcə daha sürətlə aparılacaqdır. Ulu öndərin dövlətçilik fəlsəfəsi bütün çalarları və incəlikləri ilə inkişaf etdiriləcəkdir. Azərbaycan rəhbərliyi diplomatiyanın ən son nailiyyətlərindən bəhrələnərək, öz haqlı mövqeyini daha böyük inamla dünyaya təqdim edəcəkdir.

Ümummilli lider Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaqdır” fikri tam reallaşacaq. Dünya birliyi müstəqil, qüdrətli və demokratik Azərbaycan dövlətini örnək göstərəcək. Ölkəmizin taleyi etibarlı əllərdədir.

Əlixan Əlizadə “Az Logistika and Managment Services” –in direktoru 

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir