Manşet Təhsil

Məleykə Abbaszadə imtahanlarda saxtakarlıq edənlərdən danışdı

Zaman-zaman bəzi abituriyentlər qaydaları pozmağa cəhd göstərirlər və onlara qarşı müvafiq tədbirlər həyata keçirməyə məcbur oluruq.

Oxu.Az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə aprel ayı ərzində keçirilən buraxılış imtahanları və nəticələr, imtahanda baş verən müxtəlif hallar, aparılan araşdırmalarla bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, DİM-in hər il keçirdiyi müxtəlif imtahanlarda 600 mindən çox insan iştirak edir:

“İmtahanlarda iştirakçıların hüquqları ilə yanaşı, vəzifələri də var. Bu vəzifələrin başlıcası tələb olunan imtahan qaydalarına əməl olunmasıdır.

Saxta sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək, imtahan binasına, zalına mobil telefon və digər rabitə vasitələri gətirmək və onlardan istifadə etmək, başqasının cavab vərəqinə, sual kitabçasına baxmaq və ya öz cavab vərəqinə, sual kitabçasına başqasının baxmasına şərait yaratmaq, cavab vərəqini və sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq və digər pozuntular daha çox müşahidə olunur.

Bütün bunlar DİM tərəfindən həyata keçirilən təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsini, əlavə işçi qüvvəsinin cəlb olunmasını və imtahanların təşkilinə ayrılan xərclərin artırılmasını tələb edir.

Abituriyentin göstərilən hərəkətlərə yol verməsi halları aşkar edildikdə o, imtahandan xaric olunur və onun imtahan nəticələri ləğv edilir.

Həmçinin, abituriyentin imtahan qaydalarına zidd hərəkətini imtahandan sonra da aşkar etmək üçün müxtəlif üsullardan istifadə edilir və yenə də DİM-in nəticələri ləğv etmək hüququ var”, – deyə M.Abbaszadə qeyd edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir