Bakıda keçiriləcək Avroliqa finalının biletlərini 100-dən çox ölkənin vətəndaşları alıb
Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu Azərbaycan üçün xarici ölkələrin vətəndaşlarının böyük maraq göstərməsi baxımından da əlamətdar olacaq.
“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA-nın onlayn satışa çıxardığı 21 min 500 ədəd bilet 100-dən artıq müxtəlif xarici ölkənin vətəndaşları tərəfindən alınıb.
Bura finala yüksələcək komandalar üçün nəzərdə tutulmuş 12 min + 4 min (hər bir finalçı üçün 6 min bilet nəzərdə tutulub, finala yüksələcək komandaların istəyinə uyğun olaraq hər biri üçün daha 2 min bilet əlavə oluna bilər) daxil deyil.
Bundan başqa, UEFA-nın tərəfdaşları, sponsorları üçün də ayrılmış 3 mindən çox bileti Azərbayan vətəndaşı olmayan şəxslər əldə edib.
Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da olacaq.