Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Barselona” (İspaniya) – “Liverpul” (İngiltərə) matçı öncəsi qalmaqal yaşanıb.
ONA-nın məlumatına görə, liverpullu azarkeşlər Barselona şəhərində turistlərin toplaşdığı meydanda əylənməyə qərar veriblər.
İngiltərəlilər qarşılarına çıxanları fəvvarəyə itələməklə diqqət mərkəzinə düşüblər. Yaxınlıqdan keçən asiyalı turist onların “qurbanı” olub. Fəvvarədən çıxan islanmış turistin onlara sərt narazılıqları isə gülüşlə qarşılanıb.
“Liverpul” rəhbərliyi baş verənlərdən narahat olub. Klubun icraçı direktoru Piter Mur sosial şəbəkədəki səhifəsində Barselonadakı azarkeşlərinə müraciət edib. Klub rəsmisi onları “Liverpul”a layiq şəkildə, daha ciddi aparmağa çağırıb.
Qeyd edək ki, bu gün keçiriləcək “Barselona” – “Liverpul” oyunu saat 23:00-da başlayacaq.
ONA