Dünya Manşet

Türkiyə XİN: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın razılıq vermədiyi həll yolunu dəstəkləməyimiz mümkün deyil

“Cənubi Qafqaz bölgəsində daimi sabitliyin və sülhün bərqərar olması Türkiyənin ən çox önəm verdiyi məsələlərdən biridir”. Bu barədə ONA-nın Türkiyə bürosuna Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son görüşlərə münasibət bildirən Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən açıqlama verilib.

“İstər bu baxımdan, istər Azərbaycanla strateji səviyyədə qardaşlıq əlaqələrimiz çərçivəsində, istərsə də Minsk qrupu üzvü olaraq Türkiyə bölgədəki prosesləri yaxından izləyir və Yuxarı Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq və razılaşmalara əsasən sülh və danışıqlar yolu ilə həllini dəstəkləyir. Təbii olaraq, dost və qardaş Azərbaycanın razılıq vermədiyi həll yolunu Türkiyənin dəstəkləməsi mümkün deyil. ATƏT-in Minsk Qrupunun üzvü olan Türkiyə digər Minsk qrupu ölkələri kimi həmsədrlər tərəfindən mütəmadi olaraq həll prosesi ilə bağlı məlumatlandırılır”,-deyə açıqlamada deyilir.

Nazirlikdən bildirilib ki, həmsədrlər Minsk Qrupu ölkələrinə etdikləri səfərlər çərçivəsində sonuncu dəfə  2017-ci ildə Türkiyədə olublar: “ATƏT Minsk Qrupu ölkəsi olaraq Türkiyə Yuxarı Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində edilən səylərə lazımi dəstək verməyə hazırdır”.

ONA

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir