Dünya Manşet

ABŞ-da 28 may tarixi “Azərbaycan Milli Günü” elan edildi

ABŞ-ın Nyu Meksika ştatının paytaxtı Santa Fe şəhəri 28 may tarixini “Azərbaycan Milli Günü” elan edib.
Bu barədə Anews.az-a Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
Məlumata görə, bununla bağlı şəhər meri Alan Veber (Alan M.Webber) müvafiq bəyannamə imzalayıb:
“Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır. Həmçinin, bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunur.
Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilir.
Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.
Sənəddə qeyd olunur ki, Los-Ancelesdəki Baş Konsulluğu vasitəsilə Azərbaycan ABŞ-ın Qərb ştatları ilə iqtisadi, mədəni və digər sahələrdə güclü əlaqələr qurub.
Bəyannamənin sonunda 28 may tarixi Santa Fe şəhərində “Azərbaycan Milli Günü” elan edilir”.
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir