Dünya Manşet

Azərbaycanın 3 nəhəng qonşusu Amerika ilə düşməndir – TƏHLİL

Azərbaycanın 3 böyük qonşusu – Rusiya, Türkiyə və İran – hazırda ABŞ-la müharibə vəziyyətindədir. ABŞ administrasiyası Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edib.

Xüsusən də Ukrayna böhranı və Krımın işğalından sonra Vaşinqton Moskva ilə “körpüləri yandırıb”, hər il Rusiyaya qarşı daha ağır sanksiyalar tətbiq olunur. Türkiyə isə NATO üzvü və ABŞ-ın Şərqdəki əsas müttəfiqlərindən biri olsa da, son illərdə bu ölkə ilə Vaşinqton ciddi soyuqluq yaşayır. Baxmayaraq ki, danışıqlar, müzakirələr davam edir, lakin Vaşinqton Türkiyəyə qarşı ticarət məhdudiyyətləri tətbiq etməyə hazırlaşır, üstəlik Ankara Rusiyadan S-400 zenit komplekslərini alacağı təqdirdə Rusiya sanksiyaları ilə üzləşə bilər.

Ancaq təbii ki, Vaşinqtonun bu regionda əsas rəqibi İrandır. ABŞ administrasiyası ötən il İranla imzalanmış nüvə sazişindən çıxıb və Tehrana qarşı avqustun 7-də, daha sonra noyabrın 4-də sanksiya paketləri elan edib. Ən son olaraq isə Vaşinqton İrandan neft alışına icazə verdiyi 8 ölkəyə qoyulan limiti mayın ikisindən etibarən ləğv edib. Ancaq bundan daha faciəli vəziyyət ondan ibarətdir ki, Vaşinqton Tehrana h\rbi müdaxilə edə bilər, başqa sözlə iki ölkə arasında müharibə ehtimalı var. Doğrudur, İran və ABŞ arasında müharibə riski 2000-ci illərin əvvəllərində, yəni 2006-2012-ci illərdə də gündəmdə olub. Ancaq indi məsələ necə deyərlər, daha irəli aparılıb.

ABŞ prezidenti İranın əsas hərbi gücü olan İnqilab Keşikçiləri Korpusunu (Sepah) terror təşkilatı kimi tanıyıb. Buna cavab olaraq İran da ABŞ ordusunu terror təşkilatı elan edib. Bu isə o deməkdir ki, qarşı-qarşıya gəldikləri zaman hər iki qüvvə bir-birinə atəş açmaq üçün hüquqi əsasa sahibdir. Bu isə təbii ki, savaş riskini yüksəldir. Baxmayaraq ki, ABŞ hərbiyyəsi İrana hərbi müdaxiləni dəstəkləməyib, nə indi, nə də daha əvvəl. Lakin indi Trampın çox yaxın əməkdaşlıq etdiyi İsrail hakimiyyəti İrana zərbə endirilməsində maraqlıdır. Çünki Tehranın dəstəklədiyi silahlı güclər İsrail ətrafında gündən günə möhkəmlənir. Fələstin, Livan, Suriyada indi İranın dəstəkləyib, silahlandırdığı savaş qrupları mövcuddur. Vaşinqton sanksiyalar vasitəsilə İranı zəiflətmək və onun Yaxın Şərqdəki silahlı qruplara dəstəyini dayandırmaq, ya da azaltmaq (ən pis halda), eləcə də İranın nüvə və ballistik raket proqramlarını dayandırmağa çalışır. Və təbii ki, bunlar təsirsiz olsa, Vaşinqton 12 il əvvəl dəbdə olan frazada deyildiyi kimi, “masa üzərində olan hərbi müdaxilə variantına” da əl ata bilər.

Əlbəttə, bu cür xəbərlər, yəni İrana hərbi müdaxilə və ya necə deyərlər, müharibə gündəmə gələndə Azərbaycanda ciddi müzakirələrə səbəb olur. Təkcə ona görə yox ki, qonşu ölkə və Azərbaycandakı əhalidən 3 dəfə çox azərbaycanlı İranda yaşayır, həm də ona görə ki, hərbi münaqişə Azərbaycan Respublikası üçün ciddi risk yaradır. Yeri gəlmişkən, İran ordusunun generalı “Xatm əl-Ənbiya” qarnizonunun komandanı Aulam Əli Rəşid qonşu ölkələrə xəbərdarlıq edərək İranla müharibənin qonşu ölkələr üçün baha başa gələcəyini bildirib. Burada nəzərdə tutulan təhlükə yalnız müharibənin gətirəcəyi dağıntılar barədə deyil, İran rəhbərliyinin qonşulardan narahat olmasıdır. Əlbəttə, müharibə olarsa bu Azərbaycana böyük sayda insan axını, ekoloji fəlakət, qıtlıq, acılıq kimi böhranlar gətirə bilər. Lakin müharibə həm də hər zaman qonşu ölkələr üçün risk, daha dəqiqi müharibəyə qatılmağın doğuracağı təhlükə yaradır. Əlbəttə, rəsmi Bakı hələ 7-8 il əvvəl bəyan edib ki, öz ərazisindən İrana qarşı istifadəyə icazə verməyəcək. Bu açıqlamalar o zaman verilirdi ki, ABŞ mətbuatı Azərbaycan ərazilərindən İrana qarşı istifadə olunacağı ilə bağlı məlumatlar yayırdı, İran tərəfi isə sürəkli olaraq qonşu ölkələri İsrail kəşfiyyatının İrana qarşı təxribatlarına həyata keçirmək üçün şərait yaratmaqda ittiham edirdi. Əlbəttə ki, həm o zaman, həm də sonra rəsmi Bakı təmkinli davrandı, İrana qarşı əməliyyatlara qarışmama kursunu davam etdirdi.

Əlbəttə, Avrasiyanın 3 böyük imperiyasının ortasında yerləşmək və bunların hər üçü ilə bir formada – mədəni, tarixi, etnik, dini-məzhəbi və sair – bağları olmaq Azərbaycan üçün hər zaman risk olmaqla yanaşı, həm də bəzən üstünlük də ola bilir. Lakin indi dünyanın elə dövrdür ki, risklər daha çoxdur. Qonşu ölkələrimiz indi dünyanın diqqət mərkəzində, necə deyərlər gərginliyin qaynar nöqtəsində yerləşirlər. Bu isə bizim üçün risk olmaqla yanaşı, daha incə, müdrik siyasət tələb edir. Çünki ətrafımız hər an partlamağa hazır minalardan ibarətdir, bir yanlış addım sözün bütün mənalarında “partlayışa” səbəb ola bilər.
“Yeni Müsavat”

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir