Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları Brüsseldə Aviasiyaya dair texniki seminarda iştirak edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, seminar Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə (MOVE) Baş Direktorluğunun rəhbəri Henrik Hololeyin cari ilin fevralında ölkəmizə səfəri çərçivəsində baş tutan görüşlərin davamı olaraq təşkil edilib. Mayın 8-də isə Aviasiyaya dair ikitərəfli görüşün keçirilməsi nəzərdə tutulur. Keçirilən görüş və tədbir Avropa Komissiyası tərəfindən Azərbaycan Respublikası və Avropa İttifaqı arasında Vahid Aviasiya Məkanı Sazişi üzrə danışıqların növbəti raunduna, sonrakı mərhələlərə dair müzakirələrin aparılması məqsədi daşıyır.
Qeyd edək ki, tədbirlərdə nazirliyin Mülki aviasiya və Beynəlxalq təşkilatlarla iş sektorları, Dövlət Mülki Aviasiya Agentliyi, “Azərbaycan Hava Yolları” QSC-nin “Azeraeronaviqasiya” Hava Hərəkəti idarəsinin nümayəndələri təmsil olunurlar.