Rus yazıçı Yelena Çijova qalmaqallı açıqlama verib. O, İkinci Dünya Müharibəsi zamanı SSRİ rəhbəri İosif Stalinin Leninqrad blokadası zamanı Almaniya lideri Adolf Hitlerə kömək etdiyini bildirib.
Bizimyol.info xəbər verir ki, Çijova bu haqda İsveçrənin “Neue Zurcher Zeitun” qəzetində yazıb. Yazıçı Stalinin Leninqrada nifrət etdiyini qeyd edib: “Onun nifrəti Hitlerin planına uyğun gəlirdi. İki qaniçən diktator birlikdə bu tamaşanı oynadılar”.
Çijova deyir ki, o vaxt az-çox fərqli fikir Leninqradda (indiki Sankt-Peterburq) səslənirdi. Bu da SSRİ rəhbərinin xoşuna gəlmirdi. Müstəqil fikir Stalini qıcıqlandırırdı. Yazıçının fikrincə, SSRİ rəhbərliyinin blokadada olanlara ərzaq çatdırmaq imkanı var idi: “Mən tarixçi deyiləm, amma hesab edirəm ki, ora yola düşən yüzlərlə qatar onminlərlə insanın həyatını xilas edə bilərdi”.
Leninqrad 1941-ci ilə sentyabrın 8-də blokadaya düşmüşdü. Şəhər 872 gün mühasirədə qalmışdı. Bu müddətdə şəhərdə 1,5 milyona yaxın insanın aclıqdan və başqa səbəblərdən öldüyü bildirilir.