Binəqədi rayonunda törədilən, son illərin ən qəddar cinayət əməli “Emin 444” ləqəbi ilə tanınan Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Səfərovun qətli son günlərin əsas müzakirə mövzularından birinə çevrilib. Qətldən dərhal sonra 1995-ci il təvəllüdlü Həsən Tağıyev həbs olunub. Qətlə yetirilən Emin Səfərovun yaxınları isə Həsən Tağıyevin qətlin iştirakçısı olduğunu, qəddar qətlin sifarişçisinin kikboks üzrə dünya çempionu Zaur Yusifov olduğunu iddia ediblər. Zaur Yusifov mayın 14-də həbs olunub.
Sonxeber.az-ın məlumatına görə, onun atası Əli Yusifov Musavat.com-a bildirib ki, oğlunun cinayətin sifarişçisi olması haqda deyilənlər doğru deyil: “Emin Səfərovu Həsən Tağıyev vurub. Mən onları aralamaq istəmişəm, qoluma da bıçaq dəyib”.
Əli Yusifov deyir ki, hadisə baş verən gün ad günü olub: “Evə tərəf gedirdim. Qonşuluqda yaşayan Emin Səfərovun yolun kənarında maşınını saxladığını gördüm. Mənə evdə demişdilər ki, Emin Həsəni öldürəcəyini deyib. Bu vəziyyəti bilirdim. Baxdım ki, Emin maşınla dayanıb. Qapını açıb maşına oturdum. Eminə dedim ki, məni bir əmi, dayı kimi qəbul elə. Həsən də pis uşaq deyil. Həsən oğlum Zaurun yanında məşq edir. Oğlum müəllimdir, o da onun yanına məşq eləməyə gəlir. Eminə dedim ki, sən Allah, onunla işin olmasın. Emin də bizim məhəlləmizin uşağıdır. Qapı qonşuyuq. Eminə dedim ki, cavan oğlansan, təzə evlənmisən, sənə belə problemli işlər lazımdır? Söhbət edirdik. Emin maşını “xoddadı”, təxminən 10 metr qabağa sürdü, dönüb maşını saxladı. Mənə də dedi ki, ağsaqqal, sənə yaxşı yol. Həmin məqamda ona zəng gəldi. Danışdı, həmin adama dedi ki, səni yığacağam. Bu dəmdə maşının qapısı açıldı, Həsənlə vuruşmağa başladılar. Mənə də bıçaq dəydi, qolumun qanı axa-axa evə tərəf qaçdım. Oğlanlarım evdən çıxıb məni xəstəxanaya aparıblar. Mən həddindən artıq qan itirmişəm. Mənim oğlanlarım o hadisədə iştirak etməyib. Bu haqda deyilənlər yalandır. İstintaq araşdırır, hər şey üzə çıxacaq”.
Əli Yusifov oğlu Zaur Yusifovun sələmçi olması ilə bağlı deyilənlərin də həqiqət olmadığını söylədi: “Mənim oğlum Avropa çempionudur. Onun sələm verməsi ilə bağlı deyilənlər yalandır. Oğlum idman ustasıdır, müəllimdir. Həsən onun tələbəsi olub. 6-cı mikrorayona gəlib yoxlasınlar, 1 adam desə ki, mənim oğlum sələmə pul verib, ondan imtina edərik. Bu şərdir, böhtandır. Emin belində pistolet gəzirdi, deyirdi ki, burada mənəm, məndən başqa oğul yoxdur. “Çölə” çıxandan sonra deyir ki, hamı mənim sözümlə oturub durmalıdır. Yalandan da deyirlər ki, guya Zaura deyib ki, sən sələmə pul vermə, camaatı incitmə. Belə şey olmayıb. 4 nəvəmin canına and içirəm ki, belə şey olmayıb. Yalan deyirlər. Mənim oğlum obyektinin təmirinə pul tapa bilmir, gedib yoldaşının qızıllarını qoyub lombarddan pul götürüb. Hər ay da lombarda pul ödəyir. Əlimizdə sənədlər var. Bu qədər yalan, şər, böhtan olmaz. Bizi 6-cı mikrorayonda çox adam tanıyır. Bilirlər ki, belə işlərdən kənar insanlarıq”.
Əli Yusifov deyir ki, Emin Səfərovun boynuna kəndir atılaraq boğulması haqda məlumatlar da yalandır: “Həsənin maşına minməsi ilə onların arasında davanın başlaması ani oldu. Mən nə baş verdiyini anlamadım. Onları aralamaq istəyirdim, bıçaq qoluma dəydi. Maşından düşdüm evə tərəf qaçdım. Qanım axırdı. Orada kəndir filan olmayıb. Ekspertizanın rəyi var. Əgər kəndir olsaydı, yazardılar ki, onu iplə boğublar”.
Əli Yusifov deyir ki, Emin Səfərovun yaxınları onu, ailə üzvlərini təhdid edir, 2 obyektlərini yandırıblar: “Telefonuma zəng edib öldürəcəkləri ilə təhdid edirlər. Mənim 2 obyektimə hücum olub. Birinə benzin atıb yandırıblar. Obyektdəki yanğını yanğınsöndürənlər söndürüb. Bu haqda DİN-in 102 xidmətinə məlumat vermişəm. Digər obyektimə də benzin töküblər, yandıra bilməyiblər. Özümü, ailəmi öldürəcəkləri ilə hədələyirlər. Bələkdə nəvələrini doğrayacağam kimi hədələr alıram. Məcbur olub başqa ünvanda yaşayıram. Dövlətdən xahiş edirəm ki, bu məsələnin dəqiqliyi ilə araşdırılmasını təmin edib kimin cəzası varsa, versin, cəzaya çatdırsın. Emin Səfərov adam öldürməyə görə 10 il həbsdə olub, çıxıb narkotiklə bağlı həbs olunub. 15 gün əvvəl də həbsdən çıxıb. Onu silahla tutmuşdular. 10-15 gün saxlayıb buraxdılar. Mənim oğlumu həbs ediblər. Oğlum həmin vaxt evdə olub. Araşdırsınlar, həqiqəti üzə çıxarsınlar. Mənim oğlum günahkardırsa, tutulsun”.
Zaur Yusifovun anası Şirin Yusifova deyir ki, övladının günahı yoxdur: “Bu işdə vuran bəllidir, tutulan da odur. Emin Həsənlə mübahisə edib, oğlumu tutublar. Bizi anonim zənglərlə hədələyirlər. Emin Səfərovun keçmişini araşdırsınlar. Bu işi prokurorluq araşdırsın. Gedib Zaurun qohumlarını tapıb bizim şəxsiyyətimizi təhqir edirlər. Bunun qarşısı alınmalıdır”.
Şirin Yusifova oğlu Zaur Yusifovun həbsi ilə bağlı ədalətli araşdırma aparılmasını tələb edir: “Oğlum həmin hadisə olanda evdə olub. Amma onu tutublar. Həsən mənim oğlumun yanına gəlib-gedirsə, onun etdiyi əmələ görə mənim oğlum cavabdehdir? Bizi hədələyirlər. Belə zülüm olar? Dövlət bu məsələləri araşdırsın”.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci – qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.