Anes.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Leyla Abdullayeva Laçın rayonunun işğalının 27-ci ildönümünü ilə əlaqədar bəyanatında bildirib.
“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüz siyasətinin davamı olan Laçın rayonunun işğalı nəticəsində bölgənin əhalisi etnik təmizləməyə məruz qalıb və hal-hazırda 77.518 nəfər Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır.
Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə 2015-ci il 16 iyun tarixli qərar qəbul edərək onların İnsan Hüquqları və Fundamental Azadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyət hüququ, şəxsi və ailə həyatına hörmət kimi hüquqlarının pozulduğunu təsbit edib. Həmçinin, bu qərarın 19-20-ci paraqraflarda Laçın rayonu, ələlxüsus Laçın şəhərinin hərbi hücuma məruz qalması, 1992-ci il may ayının ortalarında Laçının havadan bombardman edilməsi və bunun nəticəsində çoxlu sayda evlərin dağıdılması, şəhərin talan edilməsi və yandırılması, hərbi münaqişə dövründə Laçın və ətraf kəndlərin tamamilə dağıdılması öz təsdiqini tapıb.
Ermənistan anlamalıdır ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verməyəcəkdir. Azərbaycan ərazilərinin işğalına əsaslanan status-quo dayanıqlı deyil və qəbuledilməzdir. Bölgənin, o cümlədən Ermənistanın özünün dayanıqlı, demokratik, sülh, sabitlik və təhlükəsizliyin təmin olunduğu bir şəraitdə inkişafı birinci növbədə, beynəlxalq hüququn aliliyinin təmin olunması, işğal amilinin aradan qaldırılması, məcburi köçkünlərin fundamental hüquqlarının bərpa olunmasından asılıdır. Yalnız Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrindəki Ermənistan silahlı qüvvələrinin bu ərazilərdən dərhal, tam və qeyd şərtsiz çıxarılması və Azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması iki ölkə arasında normal qonşuluq münasibətlərinin qurulmasına və bölgədə davamlı sülh, təhlükəsizlik və rifahın bərpa olunmasına imkan yaradacaqdır.
Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi, Laçın, habelə ölkənin digər işğal olunmuş rayonlarından olan məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq kimi hüquqlarının təmin edilməsi və ümumilikdə münaqişənin ağır fəsadlarının aradan qaldırılması beynəlxalq ictimaiyyətinin öhdəliyi olmaqla yanaşı, BMT Nizamnaməsində təsbit edildiyi kimi Azərbaycan dövlətinin ayrılmaz hüququdur”, – deyə XİN rəsmisi vurğulayıb.