Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin gömrük rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması, buna görə gömrük əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilərək cəzalandırılması ilə bağlı məlumatı bir sıra media qurumları tərəfindən yanlış şərh olunub və həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.
DGK-dan Publika.az-a verilən məlumata görə, bir sıra kütləvi informasiya vasitələri hər hansı fakta söykənmədən tutduğu vəzifədən azad edilən “Qırmızı Körpü” gömrük postu rəisinin Rəşad Babayev olduğuna dair iddiaların yer aldığı məlumatlar yayımlayıb.
Dövlət Gömrük Komitəsi bildirir ki, Rəşad Babayev, ümumiyyətlə, “Qırmızı Körpü” gömrük postunun rəisi vəzifəsində çalışmayıb, Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini işləyib, bir müddət sonra isə rotasiya qaydalarına uyğun olaraq Cənub Ərazi Baş Gömrük İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub və hazırda da həmin vəzifəni icra edir.
Dövlət Gömrük Komitəsi media qurumları və jurnalistlərə komitənin fəaliyyəti ilə bağlı informasiyaları yayımlayan, şərh edərkən rəsmi məlumatlara əsaslanmağı tövsiyə edir.
Qeyd edək ki, DGK-nin ötən gün yaydığı məlumatı araşdıran bəzi media qurumları “Qırmızı Körpü” gömrük postunun işdən azad edilən rəisinin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmisi oğlu Rəşad Babayev olduğunu iddia etmişdi.
DGK rəsmi məlumatında işdən azad edilən rəisin adını qeyd etməmişdi.