Hesablama Palatasına yeni cərimələr tətbiq etmək səlahiyyəti verilib.
“Hesablama Palatasının bir qurum kimi ləvğ edilməsini və bu yolla onun saxlanmasına xərclənən büdcə vəsaitlərinə qənaət edilməsini təklif edərdim”.
Bunu sabiq maliyyə naziri Fikrət Yusifov Redaktor.az-a açıqlamasında bildirib.
Hesablama Palatasının fəaliyyəti qənaətbəxş deyil və ləğv edilməsi məqsəduyğundur:
“Hesablama Palatasının ambulatoriya, uşaq bağçası, xəstəxana və bu səviyyədən olan təşkilatları yoxlayıb, çirkin əməllərlə məşğul olması bu cür yüksək statuslu qurum üçün utancverici bir əməldir. Palatanın Dövlət büdcəsinin tərtibi və icrası ilə bağlı rəyləri və hesabatları tam formal xarakter daşıyır. Bu şəkildə fəaliyyət göstərən palatanın bir qurum kimi ləvğ edilməsini və bu yolla onun saxlanmasına xərclənən büdcə vəsaitlərinə qənaət edilməsini təklif edərdim. Baxın, son 5 ildə dövlət büdcəsi vasitəsilə nə qədər vəsait xərclənib və Hesablama Palatası bu müddət ərzində nə qədər yeyinti, mənimsəmə və vəsaitlərdən düzgün istifadə edilməməsi halları aşkara çıxarıb? Göstəricilərə nəzər salaraq, Palatanın fəaliyyətinə obyektiv qiymət vermək olar”.
Qeyd edək ki, bu ay “Hesablama Palatası haqqında” qanunda dəyişiklik edilmişdi. Dəyişikliyə əsasən, Palatanın qanunla nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxma və inzibati tənbeh tətbiq etmə hüququ ləğv edilmişdi. Ləğvetmədən bir neçə gün sonra, Palataya daha yüksək səlahiyyət verildi.