Dünya birjalarında neftin qiyməti cari ilin ən böyük ilk həftəlik itkisinə yönəlib.
AZƏRTAC xəbər verir ki, buna səbəb qlobal ticari savaşlara dair narahatlıqlar, Yaxın Şərqdə artan siyasi gərginlik, Venesuelada davamlı pisləşən vəziyyət, Rusiya və Nigeriyada neft istehsalındakı azalmaların təchizat riskləri yaratması, eləcə də Birləşmiş Ştatlarının xam neft ehtiyatlarının artmasıdır. Bazar hazırda OPEC və tərəfdaşlarının iyunda keçirəcəyi iclasa və bu iclasda neft hasilatının azaldılmasına dair sazişin müddətinin ilin sonunadək uzadılıb-uzadılmayacağına fokuslanıb.
Qeyd edək ki, “qara qızıl”ın qiyməti OPEC+ koalisiyasının istehsalı azaltması fonunda bu il 40 faizdən çox artmışdı. Lakin bu artan temp son bir neçə həftədə geriləməyə başlayıb.
Hazırda “Brent” markalı xam neftin bir barreli Londonun ICE birjasında 68,59 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 58,64 dollara satılır.