Sosial

Bu ordu səni əsirlikdən azad edəcək, əziz Şuşa, Xankəndi, Kəlbəcər… Mütləq azad edəcək

Pərvanə İbrahimova

Müzakirələrə aprelin sonlarından başlamışdıq… O aprel ki, öz qələbəsi ilə bütün ayıların önünə keçdi. İndi elə bilirsən il apreldə başlayır, Novruz bayramı apreldədir, ordu günü apreldədir, qələbə günü apreldədir. Ümummilli liderimiz Heydər Əliyevin doğum gününü həm doğma universitetimizdə qeyd edəcək, həm də bu münasibətlə Cocuq Mərcanlıya səfər edəcəkdik. Düzü, hazırlıqlara, proqram tərtibatına çox da vaxt sərf etmədik. Doğrusu, buna ehtiyac olmadı, sanki, hər şey əvvəldən hazır idi. Bu, ilahi bir hazırlıqdır, axı biz illərdir ora getməyə hazırlaşırıq… Kollektivin Cocuq Mərcanlı sevgisi qısa vaxt ərzində kənd orta məktəbi üçün lazım olan bütün avadanlıqları topladı: kompüter dəsti, bütün fənlərə aid tədris kitabları, bədii ədəbiyyatlar, müxtəlif məzmunlu xəritələr, mikroskop və fizika fənnində istifadə ediləcək avadanlıqlar, məktəb ləvazimatları və. s. və i. Təbii ki, bu, sıradan bir səfər deyildi. Yol uzun idi, amma biz bu yolun daha da uzun olmaq arzusunu ürəyimizdə yaşadırıq… Bakıdan Şuşaya qədər uzun bir yol… Adam yorularmı, bezərmi? Cocuq Mərcanlı yolunun yaşadacağı duyğuları, fərəh və qürur hisslərini, elə ilk gündən təsəvvür etmək olurdu.

 

İlahi, bu nə hisslərdi?

 

2019-cu il, 8 may, saat 22.08. Aldığım ən gözəl mesaj, oxuduğum ən mənalı mətn, yaşadığın ən gözəl duyğular! Elə sevindim, elə bil Cocuq Mərcanlını təzəcə almışıq. Əllərinə sağlıq, əziz Leyla! “Axşamınız xeyir, əziz BDU nümayəndə heyəti. Bildiyiniz kimi, sabah Cocuq Mərcanlıya səfərimiz olacaq. Bildirmək istərdik ki, məsafə müəyyən qədər uzaq olduğu üçün səhər saat 06:00-da yola düşəcəyik. Sizdən xahişimiz, zəhmət olmasa, 05:45-dən gec olmayaraq BDU-nun əsas girişinin qarşısında olasınız”. Bəzən duyğuları dilə gətirmək, düşündüklərini bölüşməkdə çətinlik çəkirsən, nə demək istədiyini ifadə edə bilmirsən, hansısa bir sözün, bir cümlənin qarşısında aciz qalırsan, dilin topuq vurur, dərindən nəfəs alıb sadəcə, belə deyirsən: “Cocuq Mərcanlı”. Qrupumuzun adı belə qoyulsa da, mətnin təsiri altında Cocuq Mərcanlıya gedib çıxmışdım, yol üstü balaca Zəhramızın məzarını da ziyarət etmişdim. Dövlətimlə, ordumla, əsgərlərimizlə qürur duya-duya başımı lap uca tutmuş və əziz qardaşım Lələtəpəyə baxmışdım. “Cocuq Mərcanlımı?”. Nə baş verdiyini sanki, indi anlayırdım. İndi dərk edirdim hara getdiyimi. Əllərim əsə-əsə “Cocuq Mərcanlı” qrupuna təsvir verdim. Belə:

 

Cocuq Mərcanlı: Şuşa!

 

Deyilən saatda hamı bir nəfər kimi BDU-nun əsas qapısında idi. Heç kim gecikməmişdi. Niyə geciksinlər axı? İllərdir bu arzuda deyilikmi? İllərdir itirilmiş torpaqlarımızın qaytarılması gününü gözləmirikmi? Səbirsizlənirik! Mənzil başına bir an olsun yetişmək istəyirik, çatmaq istəyirik! Hamı Qarabağdan danışır, kimisi tarixindən, kimisi mədəniyyətindən…. Universitetin dosenti Atamoğlan Məmmədli isə həm tarixçi-alim, həm də Qarabağ müharibəsi veteranı kimi daha ətraflı və dəqiq məlumatlar verir. Şahidi olduqları və şahidlərin ona danışdıqlarını xatırlayır. Dedikləri tükürpədicidir, insanlığa sığmayan hadisələrdir, əsl vəhşilikdir, vandallıqdır, dəhşətdir! Təkcə xalqımıza deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı bu cinayətləri törədənlər əminəm ki, insanlıq qarşısında cavab verəcəklər! Verə bilsələr!

 

Sabirabad, Saatlı, Beyləqan və budur Füzuli!

 

Rayona daxil olandan həyacan içindəyik. İlahi, nə gözəl həyəcandı… Müharibə zonası, sərhəd bölgəsi, hər an eşidilə biləcək atəş səsləri altında insanların öz torpağına bağlılığı, sevgisi… Əkin-biçin, qoyun-quzu, mal-qara öz yerində. Həyat öz axarında, insanlar iş başında. Yollar abad, evlər yaşıllıqlar içində, hava təmiz, münasibət isti. Həyacan dolu qürur, qürur dolu həyacan. Və yaşyarımlıq Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın ermənilərin atəşi nəticəsində qətlə yetirildiyini bütün dünyaya duyuran Alxanlı kəndi. BDU-nun rektoru Elçin Babayev, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, universitet kollektivi və rayon ictimaiyyətinin nümayəndələri balaca Zəhranın oyuncaqları və aldığı qəlpələrin düzüldüyü, nənənin nəvəsini soyuq torpaq altında qucağına aldığı ürəkparçalayan məzarı önündədilər. Məsum baxışlı bala və nənənin başı üzərində balasını və həyat yoldaşını itirmiş baba və ata… Ana isə abidənin önündədir. Balasının qətlə yetirildiyi torpağın üzərində uzaldılmış abidənin…

 

Zəfərə gedən yol buradan başlayır

 

1993-cü ildə erməni işğalına məruz qalan, 1994-cü ildə Azərbaycan milli ordusunun keçirdiyi Horadiz əməliyyatı zamanı işğaldan azad edilən və Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2007-ci il tarixli fərmanına əsasən şəhər statusu verilən Horadiz! Abad, inkişafda olan şəhər. Olimpiya İdman Kompleksi, Muğam Mərkəzi, Rəsm Qalereyası, Diaqnostika Mərkəzi, Gənclər Mərkəzi, Heydər Əliyev Mərkəzi, Dram Teatrı, istirahət parkları… Təmiz və səliqəli küçələr, müasir və gözoxşayacaq obyektlərin həm də hər bir füzulilinin adına əkilən 135 min qızılgüllə əhatə olunmasının öz cazibədarlığı var. Amma ən möhtəşəmi “Aprel şəhidlərinə xatirə” adı ilə ucaldılan abidədir. Füzuli-Cəbrayıl avtomobil yolunun kənarında yerləşən və Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olan silahlı qüvvələrimizin 22 nəfər zabit və əsgərinin şərəfinə ucaldılan abidə. Möhtəşəmdir, əzəmətlidir. Onu vüqarlı edən təkcə görünüşü deyil, onu ucaldan mərd, qəhrəman oğullarımızın mübarizliyi, mətinliyi, Vətən sevgisi, torpaq məhəbbətidir! BDU-nun birinci kurs qazi tələbəsi, aprel döyüşlərində əsgər kimi  iştirak edən Ramil Əmiraslanovun dediyi kimi, 22 nəfər arasında xidmət etdiyim hərbi hissədən şəhid olmuş Elnur Əliyev, Rasim Məmmədov kimi qəhərman şəhidlərimiz də var. Onlar bizə qorxmazlıq, mətinlik, cəsarət öyrətdilər. Onlar bizə döyüş müddətində mənəvi dayaq oldular, psixoloji dəstək nümayiş etdirdilər. Vətən üçün vuruşdular, torpaq üçün canlarından keçdilər. Şanlı tarix yazdılar! Dövlətimizin gücünü, ordumuzun qüdrətini göstərdilər, düşmənə gücümüzü sübut etdilər! O şəhidlər ki, öz məzarları ilə torpağı şərəfləndirdilər. O şəhidlər ki, torpağın altında da vətəni qoruyurlar. O şəhidlər ki, onların ruhları hər an Qarabağ torpağının üzərində dolaşır…

 

Cocuq Mərcanlı: Şuşa

 

Səfərin ən həyacanlı anlarını yaşayırıq… İgid Vətən övladlarının başımızı uca edən abidəsinin önündən onların qanı tökülən Lələtəpə yüksəkliyinin də yerləşdiyi Cocuq Mərcanlıya tərəf yol alırıq. XIX əsrdə Cavadağa Cavanşirə məxsus ərazidə salınan, Mərcanlı tayfa adını özündə əks etdirən Cocuq Mərcanlı adındakı cocuq sözü yaşayış məntəqəsini Böyük Mərcanlı kəndindən fərqləndirməyə xidmət edir. Dörd bir yanı təpələrlə əhatə olunan kənd 1993-cü ilin oktyabrında ermənilər tərəfindən işğal olunmuşdu. Lakin Azərbaycanın igid, vətənpərvər oğulları bu doğma yurdu işğal altında darıxmağa qoymadılar. 1994-cü il yanvarın 5-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi uğurlu Horadiz əməliyyatı zamanı bir gecədə 22 kəndimizlə birgə Cəbrayılın Cocuq Mərcanlı kəndi də işğaldan azad edildi, ermənilər bu kənddən də qovuldular. Kənd əsirlikdən azad olundu. 2016-ci ilin aprelində Azərbaycan Ordusu ermənilərin təxribatına layiqli cavab verməklə tariximizə daha bir şanlı səhifə yazdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu əks-hücum əməliyyatı nəticəsində hektarlarla torpağımız, o cümlədən Lələtəpə yüksəkliyi işğaldan azad olundu. Kəndin su problemi həll edildi, yol çəkildi, yeni evlər, Şuşa məscidinin bənzəri olan məscid, məktəb, bağça, klub inşa edildi, istirahət mərkəzləri, parklar salındı. Lələtəpə qələbəsi bizim zəifləmiş, öləzimiş Şuşa, Xankəndi, Kəlbəcər ümidimizi gücləndirdi. Biz inandıq ki, qəfl qələbə nə deməkdir, necə olur… Biz inandıq ki, gecə yatıb səhər oyanarıq ki, Şuşa bizimdir, Şuşanı almışıq.

 

Cocuq Mərcanlı məktbini indi körpə gülüşləri, şagird səsləri bəzəyir

 

“Hamınızı salamlayırıq. Sizləri burda görmək çox xoşdur. Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbi 1993-cü ilə kimi burada, işğaldan sonra 24 il Bakıda qaçqın-köçkün kimi fəaliyyətini davam etdirib. 2016-cı ilin uğurlu aprel döyülərində ermənilərin təxribatına uğurlu cavab verilib, kəndə yaşayış üçün maneçilik törədən Lələtəpə yüksəkliyi azad edildikdən sonra məktəb fəaliyyətini bərpa edib. Hazıra məktəbdə 85 şagird təhsil alır, onların təlim-tərbiyəsi, təhsili ilə 22 müəllim məşğul olur. Vaxtilə ermənilər tərəfindən yandırılmış Cocuq Mərcanlı məktəbini indi körpə gülüşləri, şagird səsləri bəzəyir” – məktəbin direktoru Zamin Həziyev belə deyir. Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov isə əlavə edir ki, cənab Prezident İlham Əliyev bu məktəbdə olub, şagirdlərlə görüşüb, onların qarşısında çıxış edib. Eyni zamanda Lələtəpədə hərbçilərlə görüşən Prezident bir qarış torpağımızı belə işğal altında qoymayacağımızı bildirən mesajlarını verib.

 

Körpədən son yaşacan

Lap ayaqdan başacan

Ey böyük Azərbaycan

Hamımız bir canlıyıq

Biz Cocuq Mərcanlıyıq

Bunu isə məktəbin şagirdləri söyləyir.

 

Rektor Elçin Babayevlə şagirdlərin qısa dialoqu bundan sonra başlayır:

 

  • Salam, uşaqlar, siz bilirsiz biz hardan gəlmişik?
  • Bəli. Bakı Dövlət Universitetindən.
  • Universitet haqqında nə bilirsiniz?
  • Bilirik ki, orada dərs oxuyurlar.
  • Orada oxumaq üçün nə etmək lazımdır?
  • Çox çalışmaq, yaxşı oxumaq.
  • Hamınızı BDU-da gözləyirik.
  • Orada oxuyacağımıza söz veririk.

 

“Bakı Dövlət Universiteti: tədris otağı”

 

Məktəbdə bütün şərait yaradılıb. Sinif otaqları, fənn kabinetləri, kitabxana, laboratoriya, müasir avadanlıqlar, cihaz və kitablarla təmin edilib. Foyedə Cəbrayıl rayonundan şəhid olan Milli qəhrəmanların, aprel döyüşləri şəhidlərimizin guşəsi yaradılıb, Prezident İlham Əliyevin Cocuq Mərcanlıya gəlişini və bu kəndlə bağlı imzaladığı sərəncamları, o cümlədən kəndin ali məktəblərdə oxuyan tələbələrinin fotolarını əks etdirən stendlər foyedə özünə yer alıb. Və 8 may tarixindən etibarən məktəbdə yeni bir otaq istifadəyə verilib: “Bakı Dövlət Universiteti: tədris otağı”. Otaq bütün lazımi avadanlıqlarla təmin edilib, universitet rəhbərliyi tədris otağının davamlı olaraq yenilənməsi, ehtiyac duyulan avadanlıqlarla təmini məsələsinə söz verib. Rektor Elçin Babayev həm məktəbdə, həm də kənd məscidində şəhid ailələri ilə görüşdə deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində Lələtəpə yüksəkliyinin erməni işğalından azad edilməsi milli vətənpərvərlik ruhunu yüksəldib. Bu gün hər bir Azərbaycan gənci Ali Baş Komandanın rəhbərliyi altında topraqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpasına tam hazırdır. Sərhəd bölgəsində yaşayan insanlar xalqımızın və dövlətimizn daim diqqət və qayğısı altındadırlar.

 

Səndən ötrü can verməyə cümlə hazırız…

 

Gözəl günün ən mənalı, ən anlamlı saatlarını Kəndin “Qayıdış” İcma klubunda əsgərlərimizlə birgə yaşayırıq. Onlarla eyni ortamı bölüşmək, mənəvi dayaq olmaq ifadə olmayacaq qədər gözəldir. Gözəl olan həm də Müdafiə Nazirliyinin rəsmilərinin də iştirakı ilə Füzuli Dövlət Dram Teatrının təqdimatında nümayiş olunan tamaşa, universitet tələbələrinin ifasında milli-vətənpərvərlik ruhunda təqdim olunan musiqi nömrələri, o cümlədən “Ana, mən şəhid oldum”, “Cənab leytenant” mahnılarının yaratdığı böyük coşqudur. Və bir də “Yaşa mənim xalqım” mahnısının ifası zamanı auditoriyanın, xüsusilə əsgər və zabitlərimizin üçrəngli bayrağımıza sarılaraq çöhərlərindəki təbəssüm, mübarizlik və mətinlikdir! Hamının bir ağızdan “hörmətli zabit, gizir və əsgərlər, biz sizinlə qürur duyuruq” ifadəsidir.

 

Bu da son: Lələtəpə

 

Cocuq Mərcanlıda “N” saylı hərbi hissədəyik. Üçrəngli bayrağımızı Lələtəpəyə sancan Azərbaycan əsgəri başıucadır, komandir qürurludur! Şəraitləri gözəldir, bir sözlə, bu gün Azərbaycan əsgərinin heç nəyə ehtiyacı yoxdur! Mənəvi dəstək isə hər zaman var və olacaq! Rektorumuzun sonda dediyi kimi: “Bu millət, bu dövlət bizimdir. Milli qürurumuzu, milli dəyərlərimizi Ali Baş Komandanın siyasəti ətrafında birləşdirməli və daha da güclü olmalıyıq!”

Qayıdanda gözümü uzaqlara dikib beləcə də dedim:

– Bu ordu səni əsirlikdən azad edəcək, əziz Şuşa, Xankəndi, Kəlbəcər… Mütləq azad edəcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir