Uşaqların tənəffüs üzvləri böyüklərinkindən xeyli fərqlənir. Bəzi xüsusiyyətlərin üzərində dayanaq.
Burunla tənəffüs fizioloji düzgün tənəffüs sayılır. Uşağın burunla nəfəs almasına fikir verin.
Südəmər uşaqlarda burun tənəffüsü pozulduqda uşaq süd əmə bilmədiyindən döşdən imtina edir və sonda ac qalır. Bu hal uzun müddət davam edərsə, körpənin çəkisi az artır, o pis inkişaf edir, orqan və toxumaların hipoksiyası (oksigen ilə tam təmin edilməməsi) əmələ gəlir.
Burun tənəffüsünün pozulması uzun müddət davam edərsə, bu hal mərkəzi sinir sisteminin pozğunluğuna, kəllədaxili təzyiqin artmasına gətirib çıxara bilər. Bu zaman uşaq narahatlıq keçirir, başagrıları, yuxusuzluq meydana çıxır.
Son nəticədə, daima ağızla nəfəs alan uşaqlar soyuqdəyməyə tez-tez məruz qalırlar. Çünki soyuq hava ağızdan birbaşa tənəffüs yollarına daxil olur (normal burun tənəffüsü zamanı hava burun boşluğunda bir qədər isidilir və tozdan da təmizlənir). Əgər uşağınızın uzun müddət ağızla nəfəs aldığını, tez yorulduğunu, ağzının quruduğunu, yuxuda xoruldadığını, pis yatdığını hiss etsəniz, mütləq LOR (qulaq-burun-boğaz) həkiminə müraciət edin.
Bir şeyə xüsusi olaraq diqqət yetirin. Orta qulaq udlaqla yevstax borusu vasitəsi ilə birləşir (şəklə bax). Uşaqlarda bu borular qısa olur. Bunun nəticəsində burun-udlaq infeksiyaları asanlıqla orta qulağa keçərək otitin (orta qulağın iltihabı) yaranmasına səbəb ola bilər. Belə infeksiyalaşma udma, asqırma zamanı və ya sadəcə, zökəm zamanı boruya daxil ola bilər. Buna görə də orta qulağın iltihab xəstəliklərinin profilaktikası, əsasən burun-udlaqda baş verən bütün infeksiyaların diqqətlə müalicəsindən ibarətdir.
Qırtlaq (traxeya) – orqanizmin ən uzun tənəffüs borusudur. Bu borunun selikli qişasının iltihabı traxeit adlanır. Bu xəstəlik uşaqlarda tez-tez rast gəlinir. Bu zaman cox kobud, alçaq səsli öskürək əmələ gəlir. Traxeitin profilaktikası burun-udlaqda hər hansı bir infeksiyanın vaxtında (traxeyaya yayılmaması üçün) və diqqətlə müalicəsindən ibarətdir.
Uşaqların bronxları böyüklərə nisbətən dar, selikli qişası daha quru, bronx vəzilərinin ifraz etdiyi selik isə daha qatıdır. Ona görə də bronxların iltihabı zamanı onların yolu bəlğəm yığılmasından və şişkinlikdən daha da daralmış olur. Bunun nəticəsində uşağın həyatı üçün təhlükəli olan tənəffüs çatışmazlığı baş verə bilər. Hər bir valideyn bilməlidir ki, istənilən yaş qrupundan (xüsusən körpə yaşlarında) olan uşaqlarda tənəffüs çatışmazlığı əlamətləri (nəfəsalmanın kəskin çətnləşməsi, dərinin göyərməsi və s.) baş verdiyi halda, təcili olaraq həkimə müraciət etmək lazımdır.
Son vaxtlar uşaqlarda daha tez-tez allergik bronxitlər müşahidə olunur. Bu zaman bronxların selikli qişasının iltihablaşması adi bronxitdə olduğu kimi, infeksiyanın təsiri nəticəsində deyil, allergenlərin (toz, bitki tozcuqları və s.) təsiri sayəsində baş verir.