Siyasət

Naxçıvanda NATO AMİLİ: Türkiyə ermənilərin canına necə qorxu salıb?

Türkiyə ordusunun Naxçıvana yerləşməsi barədə xəbərlər Ermənistanda ciddi narahatlıq yaradıb. Türkün qüdrətinə yaxşı bələd olan İrəvan, məsələni regional müstəviyə daşımaqla, Rusiyanın Azərbaycan üzərində təzyiqini artırmasına çalışır.

Ermənilər Türkiyənin NATO üzvü olmasını daha çox qabardır. Çünki İrəvan NATO amilini qabartmaqla, Moskvanı qıcıqlandırmaq istəyir.

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq İlqar Vəlizadə hesab edir ki, Azərbaycanın öz gücü ermənilərə cavab verməyə kifayət edir:

“Ümumiyyətlə, Azərbaycan və Türkiyə arasında hərbi müstəvidə olan əməkdaşlığa ikitərəfli münasibətlər prizmasından baxmaq lazımdır. Bunu NATO səviyyəsinə qaldırmaq, reallıqda bizə çoxlu risklər gətirə bilər. Ermənilər Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirərək NATO-nu bu regiona cəlb edəcəyini iddia edirlər. Bununla onlar Rusiyanın bölgədə müqavimətini artırmasına, Azərbaycana təzyiqlər etməsinə şərait yaratmaq istəyirlər. Hələ ki, Azərbaycan-Türkiyə əməkdaşlığı Rusiyada qıcıq yaratmır. Ona görə də NATO prizmasından bu məsələyə baxmalı olduğumuzu düşünmürəm. NATO-nu hansısa bir yolla regiona gətirmək lazım deyil. Çünki NATO-Rusiya qarşıdurması Azərbaycanın xeyrinə olmaz. Azərbaycanın milli maraqları var və bu kimi məsələlərə bu maraqlardan çıxış edərək reaksiya vermək lazımdır”.

Politoloq qeyd edib ki, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının indiki dönəmi 2010-cu ildə qəbul olunmuş sənədə əsaslanır:

“2010-cu ildə iki ölkə arasında geniş əməkdaşlığı nəzərdə tutan kompleks sənəd imzalanıb. Bu sənədə görə hər iki tərəf strateji maraqları və bölgədə olan riskləri nəzərə alaraq, bir-birinə yardım etmək qərarına gəlib. Yəni sırf bu nöqteyi-nəzərdən əməkdaşlıq aparılır, hərbi təlimlər keçirilir. Türkiyə Azərbaycanın ordu quruculuğunda illərdir yaxından iştirak edir, əsgərlərimiz Türkiyədə təlimlər keçir, hətta birgə əməliyyatlarda iştirak edirlər. Amma bizim əməkdaşlığımız xaricdən olan riskləri minimuma endirmək üçün nəzərdə tutulub. Bu, ermənilərə də mesajdır”.

İ. Vəlizadə vurğulayıb ki, Naxçıvana hər hansı real təhlükə olsa, Türkiyənin də müdaxilə etmək haqqı var:

“Amma unutmamalıyıq ki, Azərbaycan ordusu olacaq təxribatları və riskləri dəf etmək gücündədir. Bizə  əslində Türkiyənin hərbi yardımı o qədər də lazım deyil. Doğrudur, əgər digər ölkələr ermənilərə yardım göstərsə, bu məsələyə müdaxilə etsə, onda Azərbaycan da Türkiyədən kömək istəyə bilər. 2010-cu ildə imzaladığımız saziş buna imkan verir”.

Politoloq bildirib ki, əsas məsələ bu təlimlər ətrafında yaranan spekulyasiyalara getməməkdir:

“Ermənilər tərəfindən yayılan iddialarda Türkiyə-Azərbaycan qruplaşmasının yaradıldığı, yaxın gələcəkdə Ermənistana hücum edəcəkləri ilə bağlı həyəcan təbili çalınır. Amma elə bir şey ortada yoxdur. Keçirilən təlimlər ikitərəfli hərbi-siyasi əməkdaşlığın möhkəmlənməsinə yönələn addımlardır. İki ölkənin yaxınlığı regionda olan aktorlar tərəfindən də hiss olunmalıdır”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir