Siyasət

Mövsümi meyvələrin baha satılma SƏBƏBİ – Qiymətlər “od tutub yanır”…

Hazırda ərik, gilas, gilənar, çiyələk, albalı, alça kimi meyvələrin mövsümü olsa da, həmişəkindən yüksək qiymətlər əhalinin böyük əksəriyyətini necə deyərlər onlara tamarzı qalıb. Əriyin kiloqramı 4-7 manat, gilasın kiloqramı 5-7 manat, albalının kiloqramı 4-5 manat, çiyələyin kiloqramı 3-4 manat, alçanın kiloqramı 3-8 manat arasında dəyişir.

Hələ bu ilin aprel ayında müşahidə edilən kəskin hava şəraitindən sonra ekspertlər xüsusilə əriyin baha olacağını anons etmişdilər. Çünki həmin dövrdə çəyirdəkli meyvələr, o cümlədən ərik çiçəkləmişdi. Külək, dolu, yağış məhsulun tozlanmasını xeyli gecikdirdi, çiçəkləri tökdü.

Amma qiymətlərin yuxarı olması təkcə bununla əlaqələndirilmir.

Bəzi ekspertlər bahalığın səbəbinin kənd təsərrüfatı məhsullarının ixracının kəskin artımı ilə birbaşa bağlı olduğu deyirlərr. Bu il fevralın 1-dən etibarən “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi ixrac potensialını kəskin artırıb.

Dövlət Gömrük Komitəsinin rəsmi məlumatına görə, təkcə bu ilin may ayı ərzində 241 041.64 min dollarlıq 251 646.57 ton meyvə-tərəvəz ixrac olunub.

 

Qazaxdan olan fermer Şahin Əliyevin Modern.az-a bildiridiyinə görə, hazırda rayonlarda kifayət qədər məhsul var. O, qiymətin yuxarı olmasının səbəbini ixracla əlaqələndirib:

“Fevralın 1-dən etibarən “Yaşıl dəhliz” buraxılış sistemi tətbiq olunmağa başlayıb. Bu, bizim üçün çox əla fürsətdir. İstehsal etdiyimiz məhsulu sərbəst şəkildə xarici bazarlara çıxara bilirik və xaricdən bura məhsul gətirə bilirik. Bu asanlaşma səbəbilə əksəriyyət istehsal etdiyi məhsulu daha sərfəli qiymətə xarici bazarlara çıxarmaq istəyir. Yəni istehsal olunan məhsulun böyük həcmi məhz xarici bazarlara istiqamətlənib, bu isə ölkəyə valyuta gətirir. Daxili bazarda tələb təklifi üstələdiyindən məhsullar bahadır”.

Fermer qeyd edib ki, hazırda Qazaxda pomidorun 5 kiloqramı 1 manatadır:

“Daha çox ixrac olunan məhsul olmasına baxmayaraq, Azərbaycanda bir il ərzində istixanaların sayı o qədər artıb ki, xarici bazara çıxarılsa da belə, yerli tələbatı ödəmək üçün də kifayət edəcək qədər pomidor yetişdirilib. Deyə bilərəm ki, bu il fermerlər üçün əlevişlidir”.

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Firdovsi Fikrətzadə də Modern.az-a deyib ki, Azrbaycanda kənd təsərrüfatı məhsullarının ixracı artıb:

“Bu il kənd təsərrüfatı məhsulları və qida məhsullarının ixracında 37,6 faiz artım qeydə alınıb. Sizin sadaladığınız meyvələrə gəlincə, may ayı ərzində 30 ton ərik, gilas, albalı ixrac olunub. Bu da elə böyük rəqəm deyil. Nəzərə almalıyıq ki, mövsüm təzə başlayıb. Həmin meyvələr yeni yetişməyə başlayıb. Ona görə də həmin meyvələrin baha olması normaldır. Bir müddət sonra bu məhsulların qiyməti ucuzlaşacaq. Nəzərinizə çatdırım ki, Kənd Təsərrüfatı Nazirliyi qiymət siyasətinə qarışmır”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir