Cəmiyyət

Qənirə Paşayeva AŞPA-nı Ermənistana təzyiq etməyə çağırdı

Millət vəkili Q.Paşayeva AŞPA-da işğalçı Ermənistanı Suriyadan qaçqın düşmüş erməniləri işğal etdikləri Azərbaycan torpaqlarına yerləşdirməkdə ittiham edib və AŞPA-ya bunun durdurulması üçün Ermənistana təzyiq etməyə çağırıb. Millət vəkili, Azad Demokratlar Qrupunun vitse-prezidenti Q.Paşayeva AŞPA-da “Suriyada vəziyyət: siyasi həll üçün perspektivlər?” adlı qətnamə layihəsinin müzakirəsi zamanı Azad Demokratlar Qrupu adından çıxış edərək AŞPA-ya, Avropa təşkilatları,və ölkələrinə çağırış səsləndirib.O, işğalçı Ermənistanı Suriyadan qaçqın düşmüş erməniləri işğal etdikləri Azərbaycan torpaqlarına yerləşdirməkdə ittiham edib və AŞPA-ya bunun durdurulması üçün Ermənistana təzyiq etməyə çağırıb. “Dəyərli həmkarlar, Sənəddə də vurğulandığı kimi Suriyada bir neçə ildir davam edən müharibə II Dünya müharibəsindən sonra dünyanın üzləşdiyi ən ağır humanitar böhrana gətirib çıxarıb. Mən bu böhranı şəxsən görmüş insanlardan biriyəm. Çünki Surayadan qaçqın düşmüş 3 milyondan çox insana neçə ildir yardım edən Türkiyənin Suriya ilə sərhədlərində qaçqınlarla bir neçə dəfə görüşmüşəm. Eləcə də İordaniyada onlarla görüşmüşəm. Hamımızın gözləri önündə dəhşətli bir faciə yaşanır və o insanlar sizdən daha çox dəstək gözləyirlər. İlk öncə getdikcə daha da böyüyüb Yaxın Şərq və getdikcə Avropa üçün də ciddi problemlər yaradan Suriya probleminin siyasi həlli çox vacibdir və bununla bağlı təşkilatımız da ciddi dəstək olmalıdır. Qətnamə layihəsində məruzəçinin bu istiamətdə təklif və çağırışları dəstəkləməklə yanaşı bəzi məsələləri xüsusi vurğulamaq istəyirəm. İnsanları köçkün salan səbəblərlə mübarizə aparmaq və köçkünlərə Avropa təşkilatlarının və ölkələrinin dəstəyini artırmaq lazımdır. Əks halda faciələr daha da böyüyəcək. Bir müddət əvvəl Suriyadan köçkün düşmüş türkmənlər, bizim soydaşlarımız bizimlə görüş zamanı onların istəklərini buradan səsləndirməyimizi istədilər. Çox böyük əziyyətlər yaşayan türkmən köçkünlər Parlament Assambleyasını onların yaşadığı faciələrə daha çox diqqət ayırmağa çağırır və onların həllində daha çox dəstək gözlədiklərini söyləyirlər. Suriyadan köçkün düşmüş bütün insanlar da bu çağırışı səsləndirirlər. Biz onların səsini duymalı və dəstəyimizi artırmalıyıq. Suriya ilə böyük sərhədləri olan və bu ölkədən köçkün düşmüş 3 milyondan artıq insana qapılarını açmış üzv ölkə Türkiyəyə də AŞPA olaraq dəstəyimizi daha da artmalıyıq. Türkiyə onlar üçün bir ümid, bir xilas qapısıdır. Avropa və Avropa Şurası, onun Parlament Assambleyası dünyada ən çox köçkünün sığındığı ölkə olan Türkiyəyə daha çox dəstək olmalıdır və biz Assambleyanı buna çağırırıq”. Dəyərli həmkarlar,
”Suriyada yaşanan faciələrdən qaçmaq məcburiyyətində qalan insanlara etnik və dini mənsubiyyətindən asılı olmayaraq dəstək göstərmək bütün üzv ölkələr üçün vacibdir. Amma onlardan hansısa çirkin siyasi oyunlar üçün istifadə etmək doğru deyil və bu beynəlxalq sənədlərdə də öz əksini tapır. Eyni zamanda bu insani dəyərlərlə də doğru yanaşma deyil. Ona görə də Suriyadan qaçmaq məcburiyyətində qalan ermənilərin rəsmi İrəvan tərəfindən Ermənistanda deyil, işğal edilmiş Azərbaycan torpaqlarında yerləşdirilməsinin ATƏT-in faktaraşdırıcı missiyasının çağırışlarına da zidd olduğunu diqqətə çatdırır və buna son qoyulmasının vacibliyini xüsusi vurğulamaq istəyirəm. Ermənistan dövləti onları Ermənistanın bölgələrinə deyil, məhz işğal etdikləri Azərbaycan torpaqlarına yerləşdirməklə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə böyük zərər vurur. Biz Ermənistanı bu çağırışlara əməl etməyə, Suriyadan, münaqişədən köçkün düşmüş insanların münaqişə bölgələrinə köçürülməsinə son verilməsinə çağırırıq”.
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir