Noyabrın 1-dən etibarən övladlığa götürmə ilə bağlı qaydalara dəyişiklik ediləcək.
Uşaqların əsas hüquqlarından biri tərbiyə olunmaq və ailə mühitində böyüməkdir. Təəssüf ki, əksər uşaq bu hüquqdan məhrumdur. Övladlığa götürmə isə həmin uşaqların ailədə yaşaması və tərbiyə olunmasını təmin edir. Qəyyumluq şərtlərinin sərt olması isə cəmiyyət tərəfindən birmənalı qarşılanmır.
Bu baxımdan nəzərdə tutulan yeni qayda qəyyumluq şərtlərini yumşalda biləcəkmi?
“Sağlam Toplum” İctimai Birliyinin sədri, jurnalist-sosioloq Lalə Mehralı Redaktor.az-a açıqlamasında bildirib ki, övladığa götürmə ilə bağlı qaydalarda dəyişiklik edilməsi vacib idi:
“Hazırda qəyyumluq qaydaları bir qədər sərtdir. Bu sərtlik uşaqların gələcək həyatında təhlükəsizliyin təmini ilə bağlı olsa da, şərtlər olduqca çoxsaylıdır. Qəyyumluq istəyən valideynlər bu şərtlərin hamısına uymaq məcburiyyətindədir. Müəyyən xəstəlikləri olan şəxslərin övladlığa uşaq götürməsinə icazə yoxdur. Bu maddədə yer alan şərtlərə haqq qazandırmaq olar. Lakin maddəyə fiziki məhdudiyyətli insanlar da daxil edilib. Halbuki dünyada övlad böyüdən fiziki məhdudiyyətli analar yetərincə çoxdur. Yeni dəyişikliyə əsasən, I və II qrup əlilliyi olan şəxslərə övladlığa uşaq götürmək hüququ veriləcək. Bu, müsbət addımdır.
Məhkumluğu olan şəxslər övladlığa uşaq götürə bilməz
Bu şərtin yumşaldılmasına ehtiyac var. Məhkumluğun hansı səbəbə görə olduğunu aydınlaşdırmaq lazımdır. Məsələn, kimsə şər-böhtan qurbanı olan şəxslərə güzəşt edilməlidir.
Ölkəmizdə əcnəbi vətəndaşlara uşaq verilmir
Bu şərtin doğru olduğunu hesab etmək olar. Çünki əcnəbinin hansı marağa görə ölkəmizdən uşaq götürdüyünü bilmək olmur. Burada uşaq istismarı və ya insan alverinin başvermə ehtimalı yüksəkdir. Uşağın gələcək həyatının təqibinin xarici ölkədə olması riskli haldır.
Aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər
Övladlığa götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən uşağın yaş fərqi 16-dan az olmamalıdır. Yaş fərqi yanlız məhkəmənin qərarı ilə əsaslı səbəb varsa, qısaldıla bilər. Bu şərtlərin olması isə normaldır. Övladlığa götürən şəxs onun gələcəyini təmin edə biləcək gücə malik olmalıdır”.
Qeyd edək ki, noyabrın 1-dən övladlığa götürmə ilə bağlı səlahiyyətlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, övladlığa götürmə sahəsində vahid elektron Alt sistemin yaradılması da nəzərdə tutulur.