Sosial

Azərbaycanda diabet xəstələrinə dərman çatmır – ŞİKAYƏT

Binəqədi rayonunda yaşayan bir neçə  diabet xəstəsi redaksiyamıza müraciət edərək,  dibet xəstələri üçün  dövlət tərəfindən pulsuz verilməsi nəzərdə tutulan dərmanları almaqda çətinlik çəkdiklərini bildiriblər.

Anews.az-a danışan xəstələrdən biri deyir ki, ayın ilk günlərində dərman üçün aptekə yaxınlaşdıqda belə dərmanların artıq bitdiyini bildirirlər. Onlar hətta bir dəfə üçün nəzərdə tutilan insulin iynələrini də əldə edə bilməyiblər.  Xəstələr dövlət tərəfindən pulsuz verilməli olan dərmanları öz məvacibləri hesabına almağa məcbur olurlar. Bu isə az pul deyil. Belə ki, bir insulinin qoyməti ortalama 15-25 manat arasında dəyişir. Xəstə 3 bel insulin qələm alsa bu edir 45-75 manat arası pul. Bu isə əksəriyyəti təqaüdçü olan xəstələrin təqaüdünün ücdə biri, bəzi hallarda isə yarısına bərabərdir. Bəs görəsən büdcədən bu dərmanların alınmasına pul ayrılırsa nədən xəstələrə dərmanlar çatmır?

Məsələ ilə bağlı Binəqədi rayonu üzrə imtiyazlı xəstələr üçün nəzərdə tutulan dövlət aptekinin müdürü Rüfət Rəhimovla danışdıq.

Rüfət Rəhimovun sözlərinə görə, ərazidə çoxlu sayda  diabtedən əziyyət çəkən xəstə olduğundan şikayət və narazılıqların olması normaldır.

Ancaq aptek müdiri dərman çatışmazlığının olduğunu təsdiqləmir.

“Bəzən olur ki, bəzi dərmanlar gecikir. Onların aptekə gəlməsi bir neçə gün çəkir. Ancaq bu dərman çatışmazlığı deyil. Bütün imtiyazlı xəstələr dərmanlarla təmin olunurlar”, – deyə aptek müdiri Rüfət Rəhimov bildirir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev isə düşünür ki, xəstələr şikayətlərini mətbautdan öncə Səhiyyə Nazirliyinə bildirməlidirlər.

Elvin Hacıyevin sözlərinə görə, şəkərli diabet xəstələri dərmanla vaxtı-vaxtında təmin olunurlar.

“Bilirsiniz, əgər kiminsə belə bir şikayəti varsa, mətbuatdan öncə Səhiyyə Nazirliyinə müraciət etməlidir. Biz həmin şəxsin problemini həll edə bilməsək,  sizə müraciət edə bilər. Ancaq hələlik bizə belə bir şikayət daxil olmayıb və ona görə də konkret nə isə deyə bilmirəm. Bütün imtiyazlı xəstələrin dərmanları dövlət tərəfindən təmin olunur və rahatlıqla əldə edirlər. Bununla bağlı dövlət programı var”, – deyə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev bildirib.

Azərbaycan Diabet Liqasının (ADL) sədri, Respublika Endokrinoloji Mərkəzinin həkimi Yeganə Sultanova isə əksini düşünür. Onun sözlərinə görə, bu ementar problemi həll etmək lazımdır ki, xəstələr dərmanları əldə etməkdə problem yaşamasınlar.

Onun sözlərinə görə, bu cür şikayətlər onlara da gəlir.

“Bu cür şikayətlər bizə də gəlir. İnsanlar dərmanları əldə etmək üçün nəzərdə tutulan vaxtda gedəndə çox adam olur, uzun-uzun növbələr yaranır, 2 gün sonra gedəndə isə, dərmanlar bitir. Bu da insanların haqlı narazılıqlarına səbəb olur. Elementar problemdir, həll edilməlidir ki, insanlar əziyyət çəkmədən dərmanları əldə edə bilsinlər”, – deyə Yeganə Sultanova bildirir.

Yeganə Soltanova deyir ki, məsələ ilə yerlərdə yaxından tanış ola bilməsələr də diabet liqasının üzvləri də hər zaman bu problemdən əziyyət çəkdikləri üçün məlumatlıdırlar.

Dünyada hər 10 saniyədən bir iki adama “şəkərli diabet” diaqnozu qoyulur, bir adam isə şəkərli diabetin fəsadlarından dünyasını dəyişir.

Diabet ən geniş yayılmış qeyri-yoluxucu xəstəliklərdən biridir. Dünyada 422 milyon insan diabetdən əziyyət çəkir – onların 80 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür. Əhalinin yaşlanması və qeyri-sağlam həyat tərzi xəstəliyin hər il bir az daha artmasına səbəb olur.

Azərbaycanda da bu xəstəliyə tutulanların sayının artması müşahidə olunur. Son statistikaya görə, respublikanın müalicə-profilaktika müəssisələrində qeydiyyata alınan diabet xəstələrinin sayı 241. 223 nəfər təşkil edir ki, onların da 73.367 nəfəri Bakı şəhəri sakinidir. II tip şəkərli diabetdən 29.830 adam (1683 nəfəri Bakı sakini), I tip diabetdən 211.493 adam (71.684 nəfəri Bakı sakini) əziyyət çəkir. Bundan əlavə, Azərbaycanda diabet xəstəsi olan 1543 uşaq rəsmi olaraq qeydə alınıb ki, onların da 556 nəfəri paytaxt sakinidir. II tip şəkərli diabetdən 21 uşaq (2-si Bakıda), I tip diabetdən 1522 uşaq (554-ü Bakıda) əziyyət çəkir.
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir