Manşet

Pomidorun qiyməti niyə əl yandırır və nə vaxt ucuzlaşacaq?

Son vaxtlar ölkədə tərəvəz məhsullarının qiymətlərinin artımı müşahidə olunur. Pomidor isə digərləri ilə müqayisədə xeyli bahalaşıb. Belə ki, hazırda paytaxt bazarlarında və marketlərdə pomidorun bir kiloqramının qiyməti iki manata qədər yüksəlib. Bu, əvvəlki illərlə müqayisədə də xeyli bahadır. Hətta rayonlarda pomidorun bir kiloqramının qiyməti 1,50 manat təşkil edir. Təbii ki, bu da alıcıların narazılığına səbəb olur.

Bəs, görəsən, pomidorun qiyməti nə zaman aşağı düşəcək, ümumiyyətlə, gözlənilirmi?

İqtisadçı ekspert Vüqar Bayramov Oxu.Az-a açıqlamasında bildirib ki, yaxın bir həftə ərzində pomidorlar sahədən yığılaraq bazarlara çıxarılarsa, qiymətlərin azalması müşahidə edilə bilər:

“Kənd Təsərrüfatı Nazirliyi çalışmalıdır ki, sahədən yığılan pomidorların bazara satışını təmin etsin. Çünki qiymət artımı sahə pomidorlarının bazara çıxarılmasının yubanması ilə bağlıdır. Nəzərə almalıyıq ki, istixana pomidorlarının bazara çıxarılması mərhələsi başa çatmaq üzrədir.

Adətən, bu prosesdən sonra növbəti mərhələdə sahə pomidorları bazara çıxarılır və bununla da bazarda pomidorların aşağı qiymətə satışı təmin edilir. Bu da qiymətin stabil qalmasına səbəb olur. İstixana pomidorlarının bazara çıxarılması yekunlaşmaq üzrə olsa da, əvvəlki illərlə müqayisədə yubanmalar var. Bunun səbəbi isə daha çox hava şəraiti ilə bağlıdır. Bu baxımdan bazarda təklif azalıb və qıtlıq yaranıb. Təklifin azalması isə qiymətlərin artmasına gətirib çıxarıb. Çünki sahədə yetişdirilən pomidorların həcmi hələlik azdır. Bu da qiymətlərə təsir edir”.

Ekspert xatırladıb ki, 2017-ci ildə də oxşar hal baş vermişdi. Həmin vaxt istixana və sahə pomidorlarının bazara çıxarılması arasında bir interval var idi:

“Böyük fərq yaranmışdı. Amma sonradan sahə pomidorlarının bazara çıxarılması qiymətlərin yenidən azalmasına səbəb olmuşdu. Bu baxımdan indi də eyni hal baş verə bilər. Güman olunur ki, yaxın günlərdə, böyük ehtimalla gələn həftədən etibarən sahə pomidorlarının bazara çıxarılması təmin oluna bilər. Bu zaman qiymətlərin azalması müşahidə olunacaq. Təklifin artması qiymətlərə təsir edəcək”.

V.Bayramov onu da qeyd edib ki, qiymətlərin dəyişməsi birbaşa, xüsusən də Xaçmaz, Tovuz və Qazax rayonlarındakı sahələrdə yetişdirilən pomidorların nə zaman bazara çıxarılıb satılmasından asılı olacaq:

“Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları sahədə yetişdirilən pomidorların daha qısa zamanda bazara çıxışını təmin etməlidir. Əsasən də nəqliyyat xidmətini və paytaxtdakı fermer bazarlarına çıxış imkanlarının artırılmasını təmin etməlidirlər”.

İqtisadçı əlavə edib ki, digər tərəvəz məhsullarının da bazara çıxarılmasında yubanmalar baş versə, onların da qiymətlərində artım müşahidə oluna bilər.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir