“Fahişəxana saxlayan hacılarla, büdcəni talayan məmurlarla bir sırada olmaram” – Araz Əlizadə
“Sovet dövründə elmi kommunizmdən dərs deyənlər bu gün Cümhuriyyət tarixinin alovlu tədqiqatçılarına çevriliblər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında bir çox sabiq dövlət məmurlarının vəzifədən çıxarıldıqdan sonra dinə meyllənmələrinə münasibət bildirən Milli Məclisin deputatı Araz Əlizadə deyib.
Deputatın sözlərinə görə, sözü ilə əməli düz gəlməyən o insanların etdikləri “ibadət”in cəmiyyətdə qıcıq doğurması təbiidir:
“Çox qəribə zamandır. Vaxtilə ali məktəblərdə ateizmdən dərs deyənlər, Allahsızlığı təbliğ edənlər bu gün ilahiyyat elmini tədris edirlər. Eyni zamanda, Sovet dövründə elmi kommunizmdən dərs deyənlər bu gün Cümhuriyyət tarixinin alovlu tədqiqatçılarına çevriliblər. Cəmiyyət həmin adamları tanıyır, kim olduqlarını, hansı oyunlardan çıxdıqlarını bilir və təbii ki, onlara qarşı aqressiv davranır.
Bir dəfə İran televiziyası məndən müsahibə götürəndə, jurnalist sual verdi ki, ölkənizdə çoxları dinə qayıdıb, siz niyə dini qaydalarla yaşamırsız? Ona verdiyim cavabı sizin üçün də olduğu kimi təkrar edirəm. Dedim ki, mən fahişəxana saxlayan hacılarla, büdcəni talayan, insanların haqqını yeyən məmurlarla din baxımından heç vaxt bir sırada olmaram”.