Ombudsman Elmira Süleymanova Milli Məclisə Aliment Fondunun yaradılması ilə bağlı müraciət edib.
Bəs Aliment Fondu yaradılması problemləri həll edə bilərmi?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova Modern.az-a bildirib ki, alimentlərin ödənilməsi ilə bağlı çətinliklərlə üzləşən yüzlərlə qadın onlara müracət edir.
“Çoxu var ki, neçə vaxtdır boşanıblar ancaq övladlarına veriləcək alimenti ala bilmirlər. Təbii ki, bu məsələdə bir neçə yanaşma var. İlk öncə valideyn məsuliyyəti var. Tərəflər bir-biriləri ilə boşana bilər, ancaq övladları ilə bağlı vəzifə və öhdəlikləri davam etməlidir. Təbii ki, bu bütün qanuvericilik sənədlərində, uşaq hüquqları haqqında konvesiyalarda da öz əksini tapır. Uşaqların ehtiyaclarının ödənilməsi, onların sağlam böyüməsi, müdafiəsi üçün valideynlər öz vəzifə və öhdəliklərini hərzaman yerinə yetirməlidirlər”.
A.Veysəlovanın sözlərinə görə, bir çox valideyn müxtəlif səbəblərdən öhdəlikdən boyun qaçırır.
“Bunun da nəticəsi olaraq uşaqlar təminatsız qalırlar və qadınlar da çətinlik çəkirlər.
Nəzərə alaq ki, bir çox boşanan qadının peşəsi, işləmək üçün daimi iş yeri yoxdur. Ona görə də bu çətinlik biraz da dərinləşir.
Alimenti ödəməyən valideynlərlə bağlı İnzibati Xətalar Məcəlləsində məsuliiyətlər müəyyən olunub. Təbii ki, Aliment Fondunun yaradılması bir tərəfdən yaxşı olacaq ki, qadınların işi xeyli yüngülləşəcək. Qadınlar öz övladlarının maddi təminatını yaxşılaşdıracaqlar. Bu məsələdə yükləri xeyli azalmış olacaq”.
Komitə nümayəndəsi deyib ki, ayrı-ayrı ölkələrdə alimentin ödənilməsi dövlət vəsaiti hesabına həyata keçirilir.
“Aliment Fondunun yaradılması sayəsində himayəsində uşaq olan valideyn məhkəmə qətnaməsi ilə, borclu tərəfdən gözləməyərək , dövlətdən birbaşa aliment ala bilir. Bundan sonra da məhkəmə icraçıları alimenti ödəməli olan valideynə, dövlətin ödədiyi miqdarda aliment məbləğini alır. Bununla da ödənilmiş vəsait yenidən dövlətin hesabına geri qayıdır”.
Bəs nikahdankənar doğulan uşaqlara aliment düşürmü?
A.Veysəlova bununla bağlı bildirib ki, nikahdankənar doğulan uşağın atalıq hüququnun təsdiqi əsas götürülür.
“Nikahdankənar doğulan uşaqların şəhadətnaməsi alınarkən iki statistika aparılır. Birincisi hər iki valideynin ərizəsi əsas götürülür. Bu o deməkdir ki, ailə normaldır, lakin müəyyən səbəblərdən ailənin rəsmi nikahları yoxdur. Elə ailə var ki, 5 uşağı var, amma rəsmi nikahı yoxdur. Hər iki tərəfin iştirakı ilə atalıq müəyyənləşir və nəticədə uşağın doğum haqqında şəhədatnaməsi alınır. Bu tip ailələrdə sənədləşmə problemi var.
Biri də var ki, tək ananın ərizə ilə müraciət olunur. Təbii ki, burda sənədlər araşdırılır. Bununla bağlı Ədliyyə Nazirliyinə də müraciət olunur, orda araşdırılır ki, niyə tək müraciət olunub. Bəzən olur ki, ata rəhmətə gedir, ya da qadın hamilə vəziyyətində boşanıb uşaq dünyaya gəlib. Ancaq hər bir halda uşaqların və qadınların hüquq və mənafeləri ön planda dayanır”.
“Təmiz Dünya” Qadınlara Dəstək İctimai Birliyinin sədri Mehriban Zeynalova Aliment fondunun yaradılması ilə bağlı danışarkən qeyd edib ki, bəzi qadınlar uşağa sənəd almırlar. Məqsəd isə budur ki, kişi nə vaxtsa insafa gələr, öz atalığını verər.
“Aliment Fondunun yaradılması məsələsini dəstəkləyirəm. Düzgün verilmiş bir təklifdir. Əslində bu məsələ çoxdan müzakirə olunurdu.
“Bir çox qadın çətin şəraitdə yaşayırlar. Mən belə təklif edirəm ki, buçıxılmaz bir vəziyyətdə olan qadınlara da şamil edilsin . Birinin usağı balacadırsa, işləyə bilmir, peşəsi yoxdursa bu kimi qadınlara fonddan pul ayrılsa daha yaxşı olardı . Müddət olaraq da 3 ay olsa daha məqsədəuyğun olardı ki, alimenti verən şəxs tapılsın”.
M.Zeynalova təklif edib ki, həmin qadınların təcili işlə təmin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tədbir görməlidir.
“Əslində aliment uşağa lazımdır. Təəssüf ki, bəzi kişilər məsuliyyətsizlikdən , qisas hissindən, iqtisadi asılılıq yaratmaq məqsədilə alimenti ödəmirlər. Bax bu məsələdə qadınlara dəstək proqramı lazımdır”.
O, nikahdankənar dünyaya gələn uşaqlara aliment ödənilməsi qaydasından da danışıb:
“Əgər atalıq faktı təsdiq olunursa , qadın məhkəməyə müraciət edirsə, bu yolla aliment almaq olur. Bu məsələdə müəyyən çətinliklər yaranır. Əslində atalıq faktını verməyən kişilər əmindirlər ki, qadınların məhkəməyə ödəyəcək rüsumu olmayacaq. Bunu heç qadının qohumları da ödəyə bilməyəcək. Çünki dövlət rüsumu kifayət qədər böyük məbləğdir. Hardasa 2400 manat təşkil edir. Nəticədə atalıq faktını da təsdiq etmək olmur. Bir imkan da var ki, o məbləği qadın hardansa götürüb ödəyə bilər. Əgər ata imtina edirsə, atadan o pul alınıb geri qaytarılır. Əslində bir çox maarifləndirici verlişlər olmalıdır ki, qadınlar bu məsələni anlaya bilsinlər”.
M.Zeynalova düşünür ki , rüsumların müvəqqəti ödənilməsi və kişidən alınıb fonda qaytarılması məsələsi də Ombudsmanın təklif etdiyi sənədə daxil ola bilər.
“Yəni atalıq faktı təsdiq olunandan sonra , atadan məhkəmə rüsumu alınıb Fonda ödənilər. Nəticədə qadın alimentini almış olar. Çünki kişilər arxayın olur ki, dövlət verəcək. Beləliklə də aliment ödəməkdən boyun qaçırırlar. Bu hal da biabırçılıq hesab olunur”.