Paytaxtın Binəqədi rayonunda yerləşən və artıq 5 ildir təmiri davam edən Ayna Sultanova parkında böyük obyekt inşa edilir.
Axar.az xəbər verir ki, sözügedən obyekt bundan əvvəl də müzakirələrə səbəb olub və konkret cavab təəssüf ki, yoxdur.
Hələ aprel ayında Binəqədi İcra Hakimiyyəti rayonda abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən Ayna Sultanova adına parkda yenidənqurma işlərinin aparılması məqsədilə 1,5 milyon manat vəsait ayrıldığını, parkın yay aylarına qədər istifadəyə verilməsinin gözlənildiyini açıqlamışdı. Lakin nə parkda təmir işləri yekunlaşmaq üzrədir, nə də “sirli obyektin” təyinatı.
Məlumatda yalnız bu tikilinin hər hansı obyekt olmadığı, sakinlərin asudə vaxtının təşkili üçün yer olaraq nəzərdə tutulduğu vurğulanıb. Ancaq Ayna Sultanova parkının ərazisinin böyük olmadığını, maşınların parklanma yerinin salınmadığını və ərazidə avtomobillərin hərəkət intensivliyini nəzərə alsaq, kiçik parkda “insanların asudə vaxtı üçün” bu tikilinin həddən artıq böyük olduğu diqqətdən yayınmır.
Əgər doğrudan da bu obyekt asudə vaxt üçün nəzərdə tutulubsa, insanlar bir neçə yolun kəsişməsində olan yerdə necə rahat şəkildə dincələ biləcəklər? Və ümumiyyətlə, “asudə vaxt üçün” tikilən bu obyekt nədir axı? Tikilinin təyinatı niyə gizli saxlanılmalıdır?
“Sirli tikilinin” fotolarını təqdim edirik: