“Keçid balları açıqlanmayıbsa, deməli, təlaşlanmağa əsas yoxdur. 700 bal toplayan yoxdursa, bu o demək deyil ki, keçid balları aşağı salınacaq”. Bunu
Modern.az-a açıqlamasında təhsil eksperti Etibar Əliyev keçid ballarının açıqlanmaması ilə bağlı suala cavab verərkən deyib.
Ekspertin sözlərinə görə, əgər 700 bal toplayan abituriyent yoxdursa, bu keçid ballarının fəlsəfəsini dəyişmir.
“Çünki 400-dən, 500-dən, 600-dən yuxarı bal toplayan nə qədər abituriyent var. Abituriyentlərin 700 bal toplamaması keçid ballarının fəlsəfəsini dəyişmir. Buna kökləniblər və bu istiqamətdə də informasiyalar aparılır”.
Qeyd edək ki, bu il 650 və daha artıq bal toplayan abituriyentlərin sayı 143 nəfər olub.
Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə qısa müqayisə apararaq bunları deyib:
“Ötən il 650 və daha artıq bal toplayan abituriyentlərin sayı 369 nəfər idi. 600 və daha artıq bal toplayan abituriyentlərin sayı isə bu il 554 olub, ötən il bu rəqəm 880 nəfər idi. Eyni zamanda bu il 200 və artıq daha bal toplayan abituriyentlərin sayı 10524, 150 və daha artıq bal toplayan abituriyentlərin sayı 15101-dir. Ötən il isə 200 və artıq daha bal toplayan abituriyentlərin sayı 13169, 150 və daha artıq bal toplayan abituriyentlərin sayı isə 16649 nəfər olub”.