“Polisin küçə ticarəti ilə mübarizə tədbirlərinin keçirilməsində əsas məqsəd cəmiyyəti bu məsələdə həssas olmağa səfərbər etməkdir. Küçə ticarətinə qarşı ictimai baxış dəyişməlidir”.
Zirveyolu.info open.az-a istinadən xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
O bildirib ki, ictimai fikir qanunsuz küçə ticarətini ümumi qəbul olunan davranış normaları çərçivəsində görə bilməz: “Çünki konkret səbəblər var: küçə ticarəti insan sağlamlığına zərər vurur, ətraf mühitin çirkələnməsi, epidemoloji təhdid yaratmaq, vergidən yayınmaya şərait yaradır. Bununla bağlı suallara bu sahənin mütəxəssisləri cavab verməklə, cəmiyyəti məlumatlandıra bilər”.
Xidmət rəisi əlavə edib ki, küçə ticarəti ilə bağlı polisin tədbirlərini ictimai müzakirəyə çıxaran bəzilərinin subyektiv fikirləri ziddiyyətli yanaşmanın nümunəsidir və ənənəvi populizmdir: “Sağlam məntiq, sağlam düşüncə, polisin qanunla üzərinə düşən vəzifələrinin yerinə yetirməsini ictimai qınaq obyektinə çevrilməsinə çalışa bilməz. Polisdən bu əmələ göz yumulmasını tələb etmək ictimai məsuliyyətsizliyi təşviqdan başqa heçə nə deyil…”.