İyulun 27-si Balakən rayonunun internet təchizatında 7 saatlıq ( saat 15.00 – 22.00 ) ciddi problem yaranıb.
“Dayanıqlı İnternet və telekommunikasiya xidmətləri ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) açıqlamaları reallığı əks etdirmir”.
Redaktor.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, texnologiya üzrə ekspert Osman Gündüz bildirib.
27 iyul tarixində ölkənin şimal-qərb bölgəsində internet təchizatında yaşanan problemin səbəblərini şərh edən O. Gündüz vurğulayıb ki, bu cür problemlər müvafiq qurumun məsuliyyətsizliyindən yaranır:
“Hansısa bir avadanlıqda və ya rabitə xəttində baş verən problem ucbatından Balakəndə 7 saat müddətində internet olmayıb. Gömrük, bank, onlayn bilet satışı sistemləri və s. sahələr yenidən iflic vəziyyətinə düşüb. Görünən odur ki, hökumət 2015-ci il 16 noyabrda Azərbaycan İnternetində baş verən hadisədən yetərincə nəticə çıxarmayıb. Yenə də informasiya və data mübadiləsi üçün alternativlik yoxdur, düzgün texniki siyasət aparılmır. İnformasiya təhlükəsizliyi üçün təhdidlər qalır”.
Ekspertin sözlərinə görə, NRYTN bəzi bölgələrə ümumiyyətlə, fiber-optik magistral xətlər çəkməyib:
“NRYTN inhisarçılıqda saxladığı internet xidmətlərini “DeltaTelecom”a məxsus infrastruktur üzərindən təqdim edir. Bu bölgədə də digər özəl provayderlərin müştəriləri Aztelekom tərəfindən sadəcə “oğurlanıb”. Həmin müddətdə Azercell dövlət mobil operatorunun da mobil interneti işləməyib. Digər operatorlar isə normal fəaliyyət göstərib”.
Qeyd edək ki, yaşanan problem nəticəsində internet istifadəçiləri, daimi onlayn əlaqə tələb olunan müəssisə və təşkilatlar, dövlət və özəl sektoru, xüsusi əhəmiyyətli qurumlar, gömrük və bank sektorunun fəaliyyətində ciddi problemlər yaşanıb.