“Qələbə qazanmağımıza baxmayaraq, bizim üçün çox çətin oyun oldu. Futbolçularımı təbrik edirəm, meydanda yaxşı vuruşdular”.
Virtualaz.org bildirir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda Kiprdə APOEL-i məğlub etdikləri (2:1) matçdan sonra keçirdiyi mətbuat konfransında deyib.
“Rəqibin gücü hamıya məlumdur və bilirdik ki, ilk dəqiqələrdən təzyiq yaradacaqlar. APOEL özünəməxsus oyun üslubu olan bir komandadır. Qələbəyə baxmayaraq, biz arxayınlaşmayacağıq. Yaxşı başa düşürük ki, bugünkü oyundan daha ağırı bizi Bakıda gözləyir. Bu qarşılaşmanı analiz edib, cavab matçında daha hazırlıqlı olmalıyıq”, – deyə Q.Qurbanov bildirib.
Xatırladaq ki, bu komandalar arasında cavab görüşü avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.