Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində “Reabilitasiya” altsistemi yaradılır.
Nazirlikdən Lent.az -a bildirilib ki, altsistem nazirliyin reabilitasiya müəssisələri ilə Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK) əlaqəli fəaliyyətinin qurulması üçün onlar arasında e-formada məlumat mübadiləsinə şərait yaradacaq.
Əlilliyi olan şəxslərin reabilitasiya müəssisələrinə qəbulu da TSEK-lər tərəfindən altsistemə daxil edilən göndərişlər əsasında aparılacaq. Bu da əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri üçün daha rahat və asan şəkildə müraciət imkanlarına malik olmasına, bərpa müəssisələrinə qəbul üzrə növbəliliyin e-qaydada və şəffaf, obyektiv aparılmasına, bu sahəyə nəzarətin də daha təkmil qurulmasına imkan verəcək.
Bərpa müalicəsinə qəbul edilmiş şəxslərlə bağlı tətbiq edilən reabilitasiya tədbirləri, bu tədbirlərin nəticələri də “Reabilitasiya” altsisteminə daxil ediləcək. Həmin nəticələr onlayn rejimdə TSEK-lərə göndəriləcək və fərdi reabilitasiya proqramının icrası çərçivəsində TSEK-lərin həmin məlumatlar əsasında müvafiq qərar verməsi mümkün olacaq.