Azərbaycan Turizm Bürosu Rusiyanın tanınmış “Profitravel” onlayn təlim portalında yeni layihəyə başlayıb.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, təkcə rusiyalı deyil, eyni zamanda qazaxıstanlı və özbəkistanlı turagentlərin də üzv olduğu portal vasitəsilə cari ilin sonunadək 3 təlim keçiriləcək. Layihə çərçivəsində MDB ölkələrindən 5000-ə yaxın turagent portalın Azərbaycana həsr olunmuş səhifəsində qeydiyyatdan keçərək onlayn təlimlərdə iştirak edəcək.
Təlimlər Bakı və digər şəhərləri əhatə etməklə ölkənin əsas turistik obyektləri ilə tanışlıq, ekskursiya turları, sağlamlıq və qış turizmi kimi mövzuları ehtiva edəcək.
Azərbaycan Turizm Bürosu eyni zamanda Almaniyanın tanınmış “FVW Academy” onlayn təlim portalı ilə əməkdaşlığa start verib.
Almandilli auditoriyanın turagentliklərini və turoperatorlarını əhatə edən layihə 2020-ci ilin iyul ayının sonunadək davam edəcək və il ərzində bu haqda 5000-dən çox abunəçiyə bir neçə dəfə bülleten formasında xəbərlər göndəriləcək.
Portalda ölkənin əsas turistik obyektləri ilə tanışlıq, ekskursiya turları, şərab turları, biznes turizmi, Azərbaycanın təbiəti və mədəniyyəti haqqında məlumat və Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zengstşmidin müsahibəsi yerləşdirilib.
Hər iki təlim portalında müvafiq test mərhələlərini uğurla adlayan iştirakçılar onlayn sertifikat əldə etməklə Azərbaycan turizmi üzrə ixtisaslaşmış turagent olaraq fəaliyyət göstərə biləcəklər. Rusiya turagentlərindən ən yaxşı nəticə göstərmiş 10 iştirakçının Azərbaycana tanışlıq səfəri təşkil ediləcək. Almandilli auditoriya üzrə fərqlənən iştirakçılar isə lotereya oyunu əsasında hədiyyə qazanacaqlar.