Manşet

Ekspertlər: Tramp Yerevana eyham vurur ki, Qarabağ üzrə mövqeyini dəyişməli, Bakı ilə razılığa gəlməlidir

Ağ Ev 2020-ci ildə Dövlət Departamenti və Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin maliyyələşdirilməsini azaltmağı planlaşdırır. Bu qərara uyğun olaraq, ABŞ hökuməti tərəfindən dünyanın müxtəlif regionlarında layihələrin və proqramların reallaşdırılması üçün ayrılan maliyyə vəsaitinin miqdarı da azalır.

Vaşinqton Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində minaların təmizlənməsini həyata keçirən Britaniyanın xeyriyyə və ABŞ-ın qeyri-kommersiya təşkilatı olan “HALO Trust”ın fəaliyyətini də 20 ilə yaxındır USAID-in xətti ilə maliyyələşdirir.

Ermənistan mətbuatı ABŞ-ın Yerevandakı səfirliyində olan mənbəyə istinadla xəbər verir ki, Vaşinqton Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsi işlərinin aparılması üçün “HALO Trust” təşkilatı vasitəsilə 17 milyon dollardan çox vəsait yatırıb.

Amerika Erməni Milli Komitəsi (ANCA) diaspor təşkilatı Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsi üzrə işlərin Birləşmiş Ştatlar tərəfindən dayandırılmasına dair bu yaxınlarda məlumat yayıb.

Erməni lobbisinin nümayəndələri ABŞ Prezidenti Donald Trampı bu qərarı ləğv etməyə məcbur etmək üçün dəridən-qabıqdan çıxmağa başlayıb. Onlar bu məqsədlə ABŞ Nümayəndələr Palatasının daha çox üzvünü öz tərəfinə çəkmək qərarına gəliblər.

Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı Dağlıq Qarabağ rejiminin “yüksək vəzifəli” nümayəndəsi hətta bəyan etməyə cürət edib ki, əgər D.Tramp administrasiyası minaların təmizlənməsi prosesinin maliyyələşdirilməsini azaltmaq, yaxud dayandırmaq niyyətindədirsə, bu, ABŞ-ın imicinə ciddi zərbə vuracaq.

Görünən odur ki, Azərbaycanın işğal olunmuş ərazilərində və Ermənistanda acınacaqlı sosial-iqtisadi vəziyyətin öhdəsindən gələ bilməyən separatçılar iqtisadiyyatlarını minalardan təmizlənmiş torpaq sahələrindən istifadə etmək hesabına qaldırmaq qərarına gəliblər.

“Deyəsən, dünya ölkələri, xüsusən də ATƏT-in Minsk qrupunun üzvləri, nəhayət, anlamağa başlayıblar ki, onların Dağlıq Qarabağda təhlükəsizliyin təmin edilməsi adı altında Ermənistana göstərdikləri və hələ də göstərməyə davam etdikləri bütün yardım növləri separatçılığın bu və ya digər formasına dəstək verilməsinə istiqamətlənmiş saxta mənbələrdir”.

Bunu Oxu.Az-a politoloq Tofiq Abbasov deyib.

Politoloqun sözlərinə görə, rəsmi Yerevana Dağlıq Qarabağdakı tanınmamış qondarma rejimin dəstəyinə yönəlmiş yardım ona görə göstərilir ki, o, iqtisadi baxımdan tab gətirə bilsin:

“Digər tərəfdən, məlumdur ki, bütün bu tranş xətləri ilə Ermənistan və Dağlıq Qarabağa göndərilən maliyyə vəsaitləri istənilən halda Yerevana çatırdı. Vəsait sonradan Dağlıq Qarabağa veriləndə isə böyük ölçüdə israf edilirdi. Onun yalnız cüzi qismi təyinatı üzrə istifadə olunurdu.

Yəni separatçıların qara kassasının açarları Yerevandadır. Belə çıxır ki, kənardan idarə olunan Ermənistan regionda, o cümlədən, Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə tam nəzarət etdiyinə dair sponsorlarında təəssürat yaratmağa cəhd edərkən manevr etməyə çalışıb”.

Ekspert qeyd edib ki, Ermənistanın sabiq prezidentləri Robert Koçaryan və Serj Sarqsyan maliyyə daxilolmaları ilə bağlı məsələləri həmişə diqqət mərkəzində saxlayıblar:

“Robert Koçaryan və Serj Sarqsyan keçirilən marafonlardan, ABŞ və erməni təşkilatlarının iştirakı ilə dəstək kampaniyalarından daxil olan bütün maliyyə vəsaitlərini şəxsi məqsədlər üçün istifadə ediblər. Vəsaitlər son illər, əsasən, Serj Sarqsyanla sıx əlaqəli şəklində ABŞ və erməni strukturları tərəfindən idarə olunub.

Fikrimcə, Qərb ölkələri, əsasən də ABŞ və Fransa bu yardımla Yerevana siyasi məkanı minalamaqda kömək ediblər. Nəticədə, Yerevan Bakı ilə dialoqdan həmişə boyun qaçırırdı, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlarda anlaşılmayan mövqe tuturdu.

İndi bu vəsaitlərin ayrılması dayandırılsa, qənaətimcə, Yerevan “ağıllanacaq”. Hər halda Qərb ölkələri, xüsusən də ABŞ və Fransa Ermənistanın başına ağıl qoymalıdır. Ona eyham vurmalıdırlar ki, ictimai rəyi və beynəlxalq təşkilatların, o cümlədən, ATƏT və BMT-nin fikri ilə həmişə manipulyasiya etmək mümkün deyil. Artıq danışıqlar masası arxasına oturmaq və Azərbaycanla razılığa gəlmək lazımdır. Yerevanın digər variantı yoxdur”.

Milli təhlükəsizlik məsələləri üzrə ekspert Kamil Səlimov isə Oxu.Az-a bildirib ki, işğal olunmuş Azərbaycan ərazilərində həyata keçirilən layihələrin maliyyələşdirilməsinin D.Tramp tərəfindən dayandırılması məsələsinə kompleks şəkildə baxmaq lazımdır.

“ABŞ hazırda Azərbaycanın dövlət sərhədlərinin möhkəmlənməsində maraqlıdır və Vaşinqton bu məqsədlə Bakıya 100 milyon dollar məbləğində xüsusi vəsait ayırıb. ABŞ prezidentləri heç vaxt səthi qərar vermirlər. Bu qərarlar ABŞ-ın 17 ayrı-ayrı hökumət qurumu, eləcə də diplomatik nümayəndəlikləri dövlət başçısına müvafiq tövsiyələr təqdim etdikdən sonra qəbul edilir”, – o vurğulayıb.

Ekspert ABŞ Prezidentinin Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsi prosesinin maliyyələşdirilməsinin dayandırmasının mümkün səbəblərinə də toxunub:

“Birincisi, ayrılan pulların hara getdiyini izləmək mümkün deyil. Bəlkə, bu pulla silah alırlar? Yaxud Azərbaycan ərazisini atəşə tuturlar? “HALO Trust” nə qədər minanın tapıldığına, neçəsinin zərərsizləşdirilməsinə dair müvafiq hesabat verməlidir.

İkincisi, biz Azərbaycan sərhədlərinin möhkəmləndirilməsi deyəndə, Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ona bitişik yeddi rayonu, eləcə də Bakının nəzarət edə bilmədiyi İranla dövlət sərhədinin 132 kilometrlik sahəsini nəzərdə tuturuq. Fikrimcə, Trampın belə siyasi qərar qəbul etməsində bu nüanslar əhəmiyyətli rol oynayıb”.

Onun sözlərinə görə, Yerevanın Suriyaya göndərdiyi humanitar missiya da Vaşinqtonun bu cür qərar qəbul etməsinə təsir göstərib:

“Unutmayın ki, Ermənistan Suriyadakı əməliyyatlarda iştirak etməklə ABŞ-ın rəqibi olub. Bu məsələ də heç vaxt gündəlikdən çıxmır. Vaşinqton Ermənistana diplomatik qaydada başa saldı ki, işğalın dayandırılması üzrə praktiki addımlar atmaq və Azərbaycanla sülhə nail olmaq lazımdır.

Yerevanın ABŞ-la razılıq əsasında Ermənistanda yaradılan xüsusi laboratoriyalara üçüncü ölkə nümayəndələrini buraxması da Vaşinqtonun narazılığına səbəb olub. Bu laboratoriyaların nə işlə məşğul olduğunu bilməsəm də, faktın özü Vaşinqtonda narazılıq doğurub”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir