Xəbər verdiyimiz kimi Məhərrəmlik ayı sentyabrın 1-i daxil olur. Məhərrəm ayının 10-cu günü, yəni Aşura isə sentyabrın 10-na təsadüf edəcək. Bu ayın əməlləri və hadisələri, İmam Hüseynin şəhidlik zirvəsi hər bizimizə məlumdur. Məhərrəmlik mərasimləri İmam Hüseynin şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri adətən məscidlərdə, ibadət ocaqlarında təşkil olunur.
Məhərrəmlik ayının müstəhəb əməllərini müasir günümüzlə əlaqələndirsək ən çox insanlar nələrə daha çox əməl etməlidirlər?
Bununla bağlı Sonxeber.az-a açıqlama verən İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədli bildirib ki, məhərrəmlik ayında müstəhəb əməllər savab işlərlə yadda qalır.Yaşlı adamlar, ehtiyacı olan insanların yanında olmaq, sosial paylaşma, ölənlərimizi ziyarət etmək önəmli əməllərdəndir. Ümumiyyətlə məhərrəmlik sözünün mənası haram ay deməkdir. Bu ayda savaşların, müharibələrin haram olduğu qeyd olunur. Məhərrəmlik ayı hünər, şücaət və qeyrət məktəbidir. Məhz İmam Hüseynin bu məktəbindən bəhrələnmişik. Mən hər zaman demişəm ki, Qarabağın azadlığı Kərbəladan keçir. Yəni Kərbəlada İmam Hüseyn öz şücaət və kişiliyini ortaya qoydu. Haqq və ədalət yolunda 72 nəfərin 30 min qoşunun qarşısında dayanması böyük bir güc və Allaha olan bağlılığın bariz nümunəsi idi”.
Bundan əlavə Hacı Surxay Məmmədli vurğulayıb ki, zəncir rəmz mənasını daşıyır: Yəni zəncirvurmanın mənası zülmdən azad olmaqdır. Təbii ki, dünya dəyişir. Dünyada inteqrasiyalar gedir və 14 əsr bundan əvvəl olan hadisəni təkrar etmək düzgün olmaz”.
Hacı Surxay Məmmədli zəncirvurmanın müasir dönəmimizdə qavermə aksiyası ilə əvəzləndiyini söyləyərək bunun əsasən sovet dönəmində baş verdiyini, bu gün isə bu əməlin heç bir halda bəyənilmədiyini və qəbul olunmadığını vurğulayıb:” Qeyd edək ki, artıq 10 ilə yaxındır ki, Qafqaz Musəlmənaları İdarəsinin verdiyi fətva nəticəsində bu hallar qanvermə aksiyaları ilə əvəzlənib. Hətta əcnəbilər də 4 ildir ki, qanvermə aksiyalarında iştirak edir. Bu da təbii ki, tolerant mühitdən və İmam Hüseynin məktəbinə olan maraqdan irəli gəlir”.
Həmçinin Hacı Surxay Məmmədli qeyd edib ki, o biri illərdə bir məsciddə 500 adam qan verirdisə, keçən il bu rəqəm 4000-ə qədər yüksəlib: “Bu gün dünya məntiq üzərində qurulub. Etiraz etməkdənsə bir yerə yığılıb İmam Hüseynin fədai məktəbini anlatmaq lazımdır. Uşaqların məscidə gəlməsində heç bir yaş məhdudiyyəti yoxdur. Keçən il Aşura məktəb zamanına düşdüyünə görə xüsusi bir fətvada uşqların məsciddə gəlməsi məqsədəuyğun olmadığı vurğulandı. Çünki, uşaqlar təhsildən uzaqlaşırlar. Bu il Aşura məktəb vaxtına düşmədiyi üçün valideynlərin uşaqlarını məscidə gətirməməsinə heç bir səbəb yoxdur. Əgər uşaq gəlib orda baş yarmağı görmürsə, sivil şəkildə maarifləndirilirsə nə xoş bizə ki, vətənpərvərliyi məhz Aşura günündə təbliğ edirik”.