“Belə hallar baş verdiyi zaman dərhal 102-ə zəng edərək, şikayəti bildirmək vacibdir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında sosial şəbəkələrdə şantaj hallarının artmasına və bu vəziyyətdə qanunvericiliyin nə dərəcədə təsirli olduğuna münasibət bildirən “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib.
Əliməmməd Nuriyevin sözlərinə görə, vəzifəli şəxslərin vətəndaşlara qarşı şantaj xarakterli əməlləri Cinayət Məcəlləsinin 310-cu maddəsinə (Vəzifəli şəxslərin öz vəzifə səlahiyyətlərini mənimsəməsi) uyğun şəkildə cəzalandırılır. Burada eyni zamanda, vətəndaşa vurulan mənəvi zərər də nəzərə alınır:
“Bu halda 1500 manatdan 3000 manata qədər cərimə, 240 saatdan 400 saata qədər müddətdə ictimai işlər, 2 ilə qədər müddətə islah işləri və ya 3 ilə qədər müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.
Bununla belə, şantaj və şəxsi məlumatların yayılması kimi əməllərə görə Cinayət Məcəlləsinə müəyyən dəyişikliklərin edilməsi, hətta xüsusi maddənin əlavə olunmasına ehtiyac var. Çünki bu hallar bir sıra hallarda ailələrin dağılmasına, qətillərin baş verməsinə gətirib çıxara bilər”.
Azərbaycan kimi spesifik ölkələrdə xüsusilə, qızların bəzən valideyinlərindən qorxaraq, şantaj hallarını gizlətmələrini mənfi hal kimi qiymətləndirən hüquqşünas praktikada belə halların tez-tez yaşandığını və nəticələrinin ağır olduğunu deyib:
“Belə hallar baş verdiyi zaman dərhal 102-ə zəng edərək, şikayəti bildirmək vacibdir. Bu tip hallar heç bir ailə üçün xoş deyil. Düşünürəm ki, bu sahədə profilaktik tədbirlər görülməli və genişmiqyaslı maarifçilik fəaliyyəti həyata keçirilməlidir”.