Cəmiyyət

Azərbaycanda spirtli içkilərin təhlükəsizliyi və keyfiyyətinə dair tələblər hazırlanır

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şamaxı rayonunun Meysəri kəndində keçirilən 1-ci Üzüm və Şərab Festivalında iştirak ediblər.

Agentlikdən “Report”a bildirilib ki, “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi ərazisində təşkil olunan festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırmaqdır.

Festival çərçivəsində ölkədə şərabçılıq sahəsində həyata keçirilən irimiqyaslı tədbirlər, inkişaf istiqamətləri və yerli şərab məhsullarının xarici bazarlara çıxışı mövzularında “dəyirmi masa” keçirilib. Tədbirdə yerli şərab istehsalçıları, müvafiq dövlət qurumlarının nümayəndələri və xarici ekspertlər iştirak edib, şərab istehsalçıları öz müəssisələri barədə təqdimatlarla çıxış edib, məhsullarının dequstasiyasını keçiriblər.

Bildirilib ki, sözügedən sahədə inkişaf ölkəmizin sürətlə artan ixrac potensialına da öz müsbət təsirini göstərməkdədir. Hazırda Azərbaycan şərabları dünyanın bir çox ölkələrinə ixrac edilir. Həmin şərab məhsullarının qida təhlükəsizliyi təminatı AQTA-nın tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında həyata keçirilən təhlillərin nəticəsinə uyğun olaraq verilir. Belə ki, ölkəmizdə şərabçılıq məhsullarının istehsalı Agentlik tərəfindən müəyyən edilən qaydada xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir. Bu məhsullar müvafiq standartların tələblərinə, sanitariya normalarına və qaydalarına riayət edilməklə, təsdiqlənmiş texnoloji təlimatlara və resepturaya uyğun istehsal olunur.

Ölkədə istehsal edilən şərab məhsulları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında ekspertizaya cəlb olunur və sertifikatlarla təmin edilir. İnstititun Bakı Regional 1 Saylı Sınaq Laboratoriyası şərab məhsulları üzrə ölkənin ixtisaslaşmış və qabaqcıl laboratoriyalarından biridir. Laboratoriyanın şərab sektoru son standartlara uyğun qurulub. Burada Yaponiya, Amerika, Fransa və Türkiyənin aparıcı şirkətlərinin istehsalı olan yüksək texnologiyalı və keyfiyyətli avadanlıqlar quraşdırılıb. Laboratoriyada şərab məhsullarının 20-dən çox göstəricisi Beynəlxalq Şərab təşkilatının metodlarına əsaslanaraq analiz edilir.

Hazırda AQTA və AQTİ bitki və heyvan mənşəli qida məhsulları üçün mövcud beynəlxalq standartlar nəzərə alınmaqla sanitariya norma və qaydalarını, gigiyena normativlərini işləyib hazırlayır. Bu proses çərçivəsində Azərbaycanda istehsal olunan və idxal olunan şərabçılıq məhsullarının keyfiyyət və təhlükəsizlik parametrlərinin əks olunduğu “Spirtli içkilərin təhlükəsizliyi və minimum keyfiyyətinə dair tələblər” sənədi üzərində iş gedir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir