Əsas gəlir mənbəyinin torpaq olduğu 700 milyon insan 2050-ci ilədək torpağın deqradasiyası səbəbindən öz doğma yurdlarını tərk etmək məcburiyyətində qalacaq. Bu, iqlim dəyişikliyi və insan fəaliyyəti nəticəsində baş verən prosesdir, planetin 3 milyarddan çox sakininin, yəni Yer kürəsi əhalisinin təxminən yarısının həyatında bu və ya digər şəkildə özünü göstərir.
Sentyabrın 2-də Nyu-Dehlidə BMT-nin səhralaşma üzrə mübarizə Konvensiyası iştirakçılarının Konfransının 14-cü sessiyası açılıb. Tədbirdə dünyanın 196 ölkəsindən olan hakimiyyət strukturlarının, ictimai təşkilatların və özəl sektorun nümayəndələri iştirak edir. Sessiyanın gedişində 30 sənədin qəbulu gözlənilir ki, bu da ölkələrə torpaqların səhralaşması və deqradasiyası ilə mübarizədə yardımçı olacaq.
Zirveyolu.info bildirir ki, AZƏRTAC bu barədə BMT-nin saytına istinadla xəbər verir.
BMT-də təklif olunan tədbirlərdən biri torpaqdan səmərəli istifadənin təmin edilməsi, dünya əhalisinin 40 faizinin yaşadığı səhra və quraqlıq rayonların sakinlərinin gəliri üçün alternativ üsulların yaradılmasıdır. Bu, torpağın deqradasiyasının qarşısını ala, yaxud prosesin sürətini azalda bilər.
Sessiyanın gedişində əsasən Mərkəzi Asiya ölkələrinin nümayəndələrinin regiondakı vəziyyəti, həmçinin Konvensiyanın icrası üzrə milli planları müzakirə edəcəyi gözlənilir. Bu ölkələrin təbii mühiti antropogen təsirlərə çox həssasdır, daha zəifi isə dağ-səhra rayonlarıdır.
Səhralaşma üzrə mübarizə Konvensiyası 1994-cü ildə Parisdə qəbul olunub və 1996-cı ildə qüvvəyə minib. Bu günədək Konvensiyanı 196 ölkə, həmçinin Avropa İttifaqı qəbul edib. Konvensiyanın əsas məqsədi torpaqların məhsuldarlığının və bərpasının yaxşılaşdırılması, mühafizəsi, həmçinin torpaqlardan və su resurslarından səmərəli istifadə edilməsi istiqamətində ölkələrin səylərini birləşdirməkdir.