Gədəbəydə baş verən silahlı insidentlə bağlı bəzi təfərrüatlar məlum olub.
Rayonun Arısu kənd sakinlərindən Lent.az -a verilən məlumata görə, Əmiraslan Həsənov ailə münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə qaynının (Məhəmməd Əliyev) qızı 1985-ci il təvəllüdlü Rüxsarə Vəliyevaya qolundan, onun oğlu 2006-cı il Aqşin Əliyevə isə ayaq nahiyəsindən xəsarət yetirib.
Qeyd edək ki, Əmiraslan Həsənovun qaynı Məhəmməd Əliyev dünyasını dəyişib, həyat yoldaşı İradə Əliyeva isə 1962-ci il təvəllüdlüdür. Onların bu nikahdan iki qızları olub.
Bildirildiyinə görə, mübahisə Rüxsarə Vəliyevanın hazırda yaşadığı ev üzərində düşüb. Belə ki, Ə.Həsənov evdən pay istəyib. Həmin ev isə onun qayınatasınındır. Ev sahibi qaynana İradə Əliyeva hazırda o evdə qızı və nəvəsi ilə birlikdə yaşayır.
***
11:54
Gədəbəydə silahlı insident olub.
Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata görə, avqustun 31-də Gədəbəy rayonunun Arısu kəndi ərazisində Şəmkir rayon sakini Ə.Həsənov münaqişə zəminində tüfəngdən açdığı atəşlə kənd sakini olan qohumu R.Vəliyevaya qolundan, onun oğlu A.Əliyevə isə ayaq nahiyəsindən xəsarət yetirib.
Ə.Həsənov sonradan R.Vəliyevaya məxsus 2 mərtəbəli evə neft tökərək yandırıb. Nəticədə oradakı əşyalar, habelə 20 kvm. sahədə dam örtüyü yanıb.
Yanğın söndürülüb, R.Vəliyeva və A.Əliyev xəstəxanaya yerləşdiriblər.
Gədəbəy Rayon Polis Şöbəsnin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən Ə.Həsənov saxlanılıb. Cinayət əməlini törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi ondan götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb və araşdırma aparılır.