Manşet

“Rusiya heç vaxt Azərbaycanın yanında olmayacaq”- Eldar Namazov

Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Prezidentin eks-köməkçisi, politoloq Eldar Namazovun Redaktor.az-a müsahibəsini təqdim edirik:

– Son vaxtlar Ermənistanın Baş naziri Nikol Paşinyan və onun ətrafı danışıqlara zərbə vuran daha ciddi bəyanatlar səsləndirir. Xüsusilə də Xankəndində “Qarabağ Ermənistandır” bəyanatının məhz indi səsləndirilməsinə səbəb nədir? Azərbaycan bu bəyanatdan öz xeyrinə necə istifadə edə bilər?

– Ümumiyyətlə, Paşinyanın mövcudluğu və onun Ermənistanda hakimiyyətə gəlməsi Azərbaycan üçün böyük bir dividentdir. Faktiki olaraq, Ermənistan indi Azərbaycanın 90-cı illərdəki dövrünü xatırladır. Bəzi oxucular elə hesab edə bilər ki, Paşinyanı tənqid edəndə, Ermənistanla bağlı informasiyaları bölüşəndə müəyyən şişirtmələrə yol veririk. Belə düşünən insanlar cəmiyyətimizdə var. Səmimi deyim ki, hər gün həm Azərbaycanda, həm də ölkəmizin ətrafında gedən prosesləri izləyirəm. Xüsusi ilə Ermənistanda gedən prosesləri ən azı 3-4 erməni saytından izləyirəm. Ona görə də orada gedən prosesləri kifayət qədər yaxşı bilirəm. Ümumiyyətlə, düşməni öyrənmək lazımdır. Düşmənin gücünü həddən artıq kiçiltmək qətiyyən olmaz. Eyni zamanda düşmənin zəif yerlərini düzgün dəyərləndirmək lazımdır. Paşinyanın Xankəndindəki çıxışında daha nələr dediyini xatırlamaq lazımdır. Yəni burada təkcə “Miatsum” bəyanatı səsləndirilmədi. Paşinyan deyir ki, 30 illik proqram hazırlayıb və bunun nəticəsi olaraq Ermənistan əhalisi 5 dəfə artacaq. Hamı bilir ki, Ermənistan əhalisi ildən-ilə azalır. Paşinyanınm dövründə də bu azalma davam edir. Digər tərəfdən Paşinyan deyir ki, Ermənistanda 5-10 milyard kapitalı olan onlarla şirkətlər yaranacaq. Bu gün Ermənistanın büdcəsinə və orada olan şirkətlərə baxanda bu bəyanatların reallıqdan uzaq olduğunu görürük. Yəni bu adamın bütövlükdə çıxışı reallıqdan çox uzaq, müəyyən psixoloji stress və komplekslər keçirən insanın çıxışını xatırladırdı. Təbii ki, onun səsləndirdiyi sərsəm, ağılsız bəyanatların arxasında müəyyən məqsəd dayanıb. Yeganə məqsəd Paşinyanın günbəgün zəifləyən hakimiyyətini qoruyub saxlamaq istəyidir. O, gündəlik yerli mətbuatı izləyir, ona qarşı keçirilən mitinqləri, xaricdən olan təzyiqləri görür…

Paşinyan yaxşı anlayır ki, ictimai narazılıq hər gün artır. Ona qarşı irəli sürülən hər bir ittihamı qabaqlayaraq, arqumentlər axtarır. Tapmayanda bu tip arqumentlər uydurur. Əvvəllər Serj Sarkisyan, indi isə Robert Köçəryan hakimiyyətin 1 il ərzində getməli olduğunu iddia edir. Bu, Paşinyan üçün çox ciddi təhlükədir. Bu baxımdan Nikolu hazırda ATƏT-in Minsk Qrupunun, Qarabağla məşğul olan ekspertlərin, diplomatların onun haqqında nə düşünəcəkləri maraqlandırmır. Paşinyanı maraqlandıran əsas məqam, daxildə Qarabağ məsələsində onu nədə ittiham edəcəkləridir… Yəni onu yıxmaq üçün sosial-iqtisadi məsələlərlə, Qarabağla, xarici siyasətlə bağlı nəyi deyəcəkləridir. Paşinyanın Qarabağla bağlı qorxduğu ən böyük ittiham isə hakimiyyətə gəldiyi dövrdə verdiyi bəyanatları həyata keçirə bilməməsidir. Belə ki, Paşinyan hakimiyyətə gəldiyi ilk dövrlərdə Qarabağla bağlı yeni yanaşma ortaya qoyacağını, Dağlıq Qarabağ adından danışıqlar aparmayacağını deyirdi. Bunu da Qarabağ vətəndaşı olmaması və həmin insanların ona səs verməməsi ilə əlaqələndirirdi. Bu ideyanı Paşinyan az qala hər gün səsləndirirdi. Xəstə erməni cəmiyyəti də onun bu çıxışlarına əl çalırdı. Amma nəticə Paşinyanın düşündüyündən fərqli oldu. Azərbaycan və ATƏT-in Minsk Qrupu həmsədrləri Paşinyanın ağzından vurdu. Azərbaycan tələb etdi ki, erməni qoşunları Qarabağda qaldığı müddətcə Paşinyan Azərbaycanla danışıqlar aparmağa məcburdur. Buna görə də Paşinyan özü də, xarici işlər naziri Zöhrab Mnatsakanyan da danışıqlara getməyə, prosesi davam etdirməyə məcbur oldu. İndi Paşinyan başa düşür ki, devirmə prosesi başlayanda ona qarşı irəli sürülən ittihamlardan biri də Qarabağın adından danışıqlarda iştirak etməyəcəyi ilə bağlı bəyanatları olacaq. O, bu ittihamları qabaqlamaq üçün “Miatsum”un baş tutduğunu elan edir. Paşinyan bu bəyanatı səsləndirdi ki, artıq heç kim onu Qarabağı danışıqlara cəlb edə bilməməkdə ittiham edə bilməsin. Yəni bu adam başa düşür ki, bu bəyanatdan Moskva da, Vaşinqton da, Paris də narazı olacaq. Azərbaycan da bu sərsəm bəyanatdan istifadə edib, diplomatik hücuma keçə bilər. Ancaq tərəzinin iki gözü var. O ya öz hakimiyyətini xilas etməli, ya da Azərbaycanın, Minsk Qrupunun reaksiyası haqqında düşünməlidir. Paşinyan da hesab edir ki, daha vacib olanı hakimiyyətini qoruyub saxlamaqdır. Hakimiyyətsə günü-gündən zəifləyir. Paşinyan bu hakimiyyəti itirmək üzrədir. Yəni “Qarabağ Ermənistandır” şüarı daxili auditoriyaya hesablanıb.

– Yəni Paşinyanın bu bəyanatı hansısa dövlətlə razılaşdırıb ortaya atdığını düşünmürsünüz?

– Paşinyanın səsləndirdiyi bu bəyanatın məntiqi yoxdur. Çünki orada səsləndirdiyi digər bəyanatlara da baxsaq, onun fikirlərinin həqiqətdən nə qədər uzaq olduğunu görə bilərik. Yəni həmin məntiqlə demək olar ki, Ermənistan futbol yığmasının yaxın 30 il müddətində dünya və Avropa Çempionu olacağı ilə bağlı UEFA və FİFA ilə razılığa gəlib. Əslinə qalsa, bu, məhz Paşinyanın özünü təzyiqlərdən xilas etmək üçün uydurduğu çox ağılsız bəyanat idi. Xüsusi diqqət yetirilməli olan məqam, həmin bəyanatdan sonra Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın açıqlaması idi. Zaxarova Qarabağın statusu ilə bağlı məsələnin həllinin yalnız Azərbaycan və Ermənistan arasında olan danışıqlar yolu ilə mümkünlüyünü bəyan etdi. Bu açıqlamadan sonra Qarabağda referendum sözü, öz müqəddəratını təyinetmə prinsipi artıq gündəmdən çıxdı. Yəni ermənilər uzun illərdir ümid edirdilər ki, onlara referendum keçirmək hüququ verilib, onlar səsvermə keçirərək Azərbaycandan ayrıla biləcəklər. Moskva Paşinyanın bu sərsəm bəyanatından sonra öz mövqeyini daha da sərtləşdirdi. Ermənistan mətbuatında da bununla bağlı bir neçə məqalə çap olundu. Rusiyanın artıq mövqeyini dəyişdirməsi, Azərbaycanın yanında yer alan mövqe ortaya qoymasını Paşinyanın uğursuz ekspromtu ilə əlaqələndirdi.

– Bəs, həqiqətən Rusiyanın mövqeyinin dəyişdiyini düşünürsünüzmü?

– Rusiyanın mövqeyi dəyişə bilər. Çünki Moskva hər zaman öz maraqlarından çıxış edir. Rusiya hesab etsə ki, Ermənistan hakimiyyəti rəsmi Moskvanın yürütdüyü siyasətin əksinə çıxır, o zaman onlar Qarabağ, eləcə də digər məsələlərdə rəsmi İrəvana dəstəyi dayandıra bilər. Hətta erməniləri müəyyən mənada cəzalandırmaq haqqında da düşünə bilərlər. Ümumiyyətlə, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı yeni strategiyamızın yaranmasına ehtiyac var. Bu haqda ciddi müzakirə açmaq lazımdır.

Rusiya ilə bağlı konkret işlər görülməlidir. Yəni Rusiya istiqamətində də Qarabağ diplomatiyamız olmalıdır. Çünki bölgədə ən böyük təsirə malik olan ölkə Rusiyadır. Bu ölkənin dəstəyi olmasa, Ermənistan bizim torpaqlarımızı işğal edə, bu günə kimi işğalı davam etdirə bilməzdi. Bütün bunları nəzərə alaraq, bizim Rusiya istiqamətində də həm diplomatiyamız, həm də informasiya siyasətimiz olmalıdır. Əksər Rusiya vətəndaşı, hətta beynəlxalq münasibətlə məşğul olan diplomatlar, politoloqlar, dövlət məmurları Qarabağ və Rusiya-Azərbaycan münasibətlərinin tarixçəsinin bir çox vacib detallarını bilmirlər. Sovet dövründə bu təbliğ olunmurdu, kitablarda yazılmırdı. Ona görə də insanlar daha çox həmin dövrdə olan tarixi konsepsiyalara əsaslanıb, fikir söyləyirlər.

– Bunun üçün konkret hansı işlər görülməlidir? Rusiya-Azərbaycan münasibətlərinin və Qarabağ münaqişəsinin tarixçəsinin Rusiyada yayılması üçün hansı addımlar atılmalıdır?

– Ruslar Ermənistanın nə vaxt çar Rusiyasının tərkibinə daxil olmasının ilini, əsrini deyə bilməz. Çünki Ermənistan heç vaxt çar Rusiyasının tərkibinə daxil olmayıb. Həmin dövrdə Ermənistan adında nəinki dövlət, heç balaca bir xanlıq da yox idi. Rusiyanın tərkibinə Azərbaycan xanlıqları daxil olub, hansı ki, hər birinin tarixçəsi də məlumdur. Misal üçün Qarabağ xanlığı Kürəkçay sülh müqaviləsi əsasında Rusiyanın tərkibinə daxil olub. Bəzi ermənipərəst rus politoloqlarına “Ermənistan nə vaxt çar Rusiyasının tərkibinə qatılıb?” sualını verəndə, cavab verə bilmirlər. Onlar əsaslandırmağa çalışırlar ki, bizim xanlıqların tərkibində erməni icmaları da var idi. Guya, bizim xanlıqlar çar Rusiyasının tərkibinə daxil olanda, elə ermənilər də daxil olub. Amma həmin dövrdə bəzi xanlıqların tərkibində heç erməni yox idi, bəzilərində isə onların sayı 3-5 % təşkil edirdi. Qəribə məntiq ortaya çıxır. Yəni Fransa dövlətində hardasa yarım milyon erməni yaşayır. Bir neçə erməni əsilli futbolçu Fransa milli yığmasının tərkibində oynayır. Fransa milli yığması dünya çempionu olub. Onda belə çıxır ki, Ermənistan da Fransa ilə birgə futbol üzrə dünya çempionu olub?

Qarabağla bağlı Azərbaycan-Rusiya münasibətləri konteksində 2 dəfə çar Rusiyası, iki dəfə də sovet Rusiyası Azərbaycan qarşısında öhdəlik götürüb. Yəni Rusiya 4 dəfə Azərbaycan qarşısında öhdəlik götürüb və heç birini də yerinə yetirməyib. Birinci dəfə Kürəkçay sülh müqaviləsində çar Rusiyasının imperatoru Azərbaycan qarşısında öhdəlik götürüb. Həmin müqavilə 11 bənddən ibarətdir. 2-ci bənddə Rusiya imperatorunun adından zəmanət verilirdi ki, rus imperatorluğu tərəfindən Qarabağın ərazi bütövlüyü təmin olunacaq. Yəni Rusiya artıq o dövrdə Qarabağın bütövlüyünün təmin olunması üçün öhdəlik götürmüşdü, amma bu, yerinə yetirilmədi. Daha sonra, Rusiya-İran müharibəsi zamanı ermənilərin Qarabağa köçürülməsi prosesi başlayanda da, Rusiyanın Azərbaycan qarşısında öhdəlik götürdüyü məlumdur. Çünki ermənilərin Qarabağa köçürülməsinə yerli azərbaycanlılar etiraz edirdilər. Bu işə rəhbərlik edən rus səfiri tərəfindən azərbaycanlılara zəmanət verilmişdi ki, ermənilər heç vaxt bu torpaqlara iddia etməyəcəklər. Bu zəmanət də imperatorun adından onun səfiri vasitəsi ilə verilmişdi. Çar Rusiyası dağıldığı dövrdə, SSRİ formalaşanda bir neçə ərazilər üzərində müharibələr gedirdi. O cümlədən Zəngəzur və Qarabağ da belə mübahisəli ərazilərdən idi. Naxçıvan məsələsi Rusiya və Türkiyə arasındakı ikitərəfli müqavilə əsasında həll olundu. Zəngızur və Qarabağ məsələsinin həlli üçün paket saziş təsdiqləndi. Sazişə görə, Zəngəzur ermənilərə verilirdi, Qarabağ isə Azərbaycanın tərkibində qalırdı. Azərbaycan tərəfi bu qərarla razılaşmırdı. Ermənilər isə üstəlik Qarabağı da ələ keçirmək istəyirdi. Bu, 20-ci illərdə baş verirdi. Ancaq qəbul edilən paket sazişin qarantı Moskva idi…. 1988-ci ildə ermənilər Qarabağla bağlı müharibəni başladılar. Bununla da 20-ci illərdə qəbul edilən paket sazişin maddələrini- yəni Zəngəzurun ermənilərə verilməsi bəndini də pozdular. Bununla Zəngəzurun ermənilərə verilməsinin legitimliyi aradan götürüldü. Biz Rusiya ilə bu haqda da ciddi danışmalıyıq. Zəngəzur məsələsi də artıq ciddi sual altındadır. İndi savaş həm Zəngəzur, həm də Qarabağ üzərində gedir. Biz 20-ci illərin əvvəllərinə qayıtmışıq. 1988-ci ildə Qarabağ məsələsini ermənilər alovlandırandan sonra, məsələ Ali Sovetə verildi. Çünki sovet konstitusiyasına görə, bu cür məsələlər SSRİ Ali Sovetinin iclasında baxılırdı. SSRİ Ali soveti Azərbaycanın haqlı olması ilə bağlı qərar çıxardı. Ali orqan ermənilərin bu iddialardan əl çəkməli olduğunu bəyan etdi. Bu qərarların icra olunması isə yenə də Rusiyanın məsuliyyətinə daxil idi. Azərbaycanın həmin dövrdə ordusu yox idi. SSRİ Ali Sovetinin qərarının icrası SSRİ orqanlarının- ordusunun, polisinin, təhlükəsizlik xidmətlərinin üzərinə düşürdü. Yəni Kürəkçay sülh sazişindən bu tərəfə ən azı 4 dəfə Moskva Qarabağ məsələsində qarant durub. Deməli, bu öhdəlikləri yerinə yetirməyən dövlətlə Azərbaycan açıq danışmalıdır. Yəni Azərbaycan xalqı necə Rusiyaya inansın!? Ona görə də bu haqda bizim rəsmi orqanlar da, diplomatlarımız da danışmalıdır. Həqiqətən də Rusiya Azərbaycanla dostluq münasibətləri qurmaq istəyirsə, Qarabağ və Azərbaycanın tarixi torpaqları məsələsində üzərinə götürdüyü öhdəliklərə riayət etməlidir.

– Sizcə Rusiya ilə danışıqlar hansı şəkildə aparılmalıdır? Konkret hansı tələblər irəli sürülməlidir?

– Dünya tarixində belə bir qayda var. Hansısa bir ölkə qonşu ölkəyə qarşı təcavüz həyata keçiribsə, müharibə nəticəsində yaranmış ziyana görə məsuliyyət daşıyır. Bu baxımdan, ortaya konpensasiya məsələsi çıxır. Bu, adətən iki yolla olur: ya pul, ya da torpaq yolu ilə. Ermənilər Azərbaycana qarşı başladığı müharibəyə və bizə vurduğu ziyana görə məsuliyyət daşıyır, deməli onlar cəzalandırılmalıdır. Pulla ödənilən kompensasiyaya kontributsiya deyilir. Yəni həmin ölkənin zavodları, fabrikləri başqa ölkəyə köçürülür və vurduğu ziyanın hesabına müxtəlif fabrik və zavodları itirir. Aydındır ki, Ermənistanın pulu yoxdur. Onlardan heç Rusiya nəsə qopara bilmir. Hər şey kredit və külli miqdarda borc hesabınadır. Ona görə də təkcə Dağlıq Qarabağın yox, eyni zamanda Azərbaycanın tarixi ərazisi olan Zəngəzurun Azərbaycana qaytarılması ən ədalətli həll yolu olardı. Azərbaycan diplomatiyası da, Azərbaycan ordusu da məhz bu məqsədlərə çatmaq üçün çalışmalıdır. Bunun üzərində həm diplomatik, həm də hərbi strategiyamızı qurmalıyıq.

– Bəs Rusiya ilə danışıqlar nəticə verə bilər?

– Rusiya heç vaxt Azərbaycanın yanında olmayacaq. Eləcə də Rusiya daim Ermənistanın da yanında olmayacaq. Moskva hər zaman öz maraqlarını müdafiə edəcək. Biz Rusiya ilə münasibətlərimizdə elə şərait yaratmalıyıq ki, istədiyimizə nail olaq. Bu mənada Rusiyanın da, özümüzün də maraqlarımızı nəzərə alaraq, həm danışıqlar aparmalı, həm də müəyyən addımlar atmalıyıq. Daha böyük konteksdə bu məsələyə yanaşmaq lazımdır. Son dövrlərdə Azərbaycanın əhəmiyyəti həddən artıq böyüyür. Bu, Türkiyə-Rusiya yaxınlaşması, eyni zamanda İran ətrafında gedən proseslərlə bağlıdır.

– Yaranmış bu fürsətdən Azərbaycan necə istifadə etməlidir?

– Söhbət ondan gedir ki, Avrasiya kimi böyük regionda iki böyük xalq təmsil olunur: slavyan və türk xalqları. Burada Azərbaycan açar rolunu oynayan çox böyük geopolitik amildir. Bu rolumuzdan düzgün istifadə etməyi bacarmalıyıq. Qafqaz türkləri dil baxımından türk dünyasında 1-ci sıradadır. Vaxtilə böyük imperatorluğun mərkəzi Təbriz idi. Türklər başqa regionlara buradan yürüş edirdilər. Qafqaz türklərinin ləhcəsində hardasa 60 milyona yaxın insan danışır. Qafqaz türklərinin geostrateji vəziyyəti elədir ki, onlar Anadolu və Orta Asiya türklərini birləşdirə biləcək ərazidə yaşayırlar.

Hazırda gedən proseslərin içərisində tarixi Azərbaycanın (şimallı-cənublu) rolu çox böyük əhəmiyyət kəsb edir. Bura geopolitik məqamlarla yanaşı, iqtisadi potensialı və digər imkanları da əlavə etsək, Rusiyanın bu prosesdə Azərbaycana sərf edən mövqe tutmasına imkanlar var. Bu, hansısa bir xahişlə, minnətlə olmayacaq. Çünki xarici siyasətdə dostluq anlayışına, ideoloji şüarlara yer yoxdur. Burada sırf maraqlar əsas götürülür. Moskva da buna çalışır. Hazırda Rusiyanın özündə çox ciddi problemlər var. Faktiki olaraq Rusiya iki daşın arasında qalıb: ya ABŞ-la, Qərblə münasibətlərini yaxşılaşdırmalıdır. Hansı ki, bu mümkün deyil. Ya da Çinlə əməkdaşlığı inkişaf etdirməlidir. Ancaq Rusiya Çinlə əməkdaşlığı sona kimi qura bilmir. Çünki Çin Rusiyaya kiçik qardaş kimi baxır. Əslində Rusiyanın da gələcəyi bu iki qüvvənin arasında seçim etmək yox, hansısa böyük, tarixi ənənələrə malik olan Avrasiya birliyində aparıcı qüvvələrdən biri olmaqdır. Bu, Rusiya üçün daha sərfəlidir. Bu statusa da türk dünyasının (Türkiyə, Azərbaycan) rolu olmadan Rusiya heç vaxt sahib ola bilməz. Avrasiya İqtisadi Birliyi ideyasını da vaxtilə Nursultan Nazarbayev irəli sürüb. Moskva bu ideyanı sonradan qəbul etdi. Nazarbayev iclasların birində Türkiyəni bu birliyə dəvət etməyi açıq şəkildə təklif etmişdi. Türkiyənin Avrasiya İqtisadi Birliyində iştirakı ilə bu layihə əsl tarixi mahiyyətini əldə edə bilər. Nazarbayevin bu təklifindən sonra Vladimir Putin Türkiyə ilə addım-addım yaxınlaşma siyasəti yürütməyə başladı. Azərbaycanın indi Qarabağ məsələsində ciddi irəliləyişə nail olmaq üçün böyük imkanları var. Köhnə dünya düzəninin dağıldığı dönəmdə, biz öz geopolitik layihəmizi ortaya çıxartmalıyıq. Azərbaycan xalqının yeganə təhlükəsizlik və inkişaf qarantisi böyük, bütöv Azərbaycan, Türkiyə ilə siyasi, iqtisadi,hərbi birliyə və Rusiya ilə qarşılıqlı faydalı strateji əməkdaşlıq həyata keçirən bir dövlətə çevrilməsindən keçir. Onda biz deyə biləcəyik ki, bizim millətimizin həm təhlükəsizliyi, həm də inkişafı üçün zəmanəti mövcuddur. Nə qədər bütöv Azərbaycan parçalanmış vəziyyətdədir, nə qədər Şimali Azərbaycan torpaqları qonşuları tərəfindən zəbt edilir biz daim təhlükəni öz üzərimizdə hiss edəcəyik. Təhlükələr Azərbaycan üçün realdır.

– Azərbaycan bu təhlükələrdən yaxa qurtarmaq üçün nə etməlidir?

– Azərbaycan müharibə şəraitindədir və 20 % torpağımız işğal altındadır. Ancaq ölkəmizdə elə bir dövlət məmuru yoxdur ki, onun aldığı məvacib sırf Qarabağ münaqişəsinin həlli ilə bağlı olsun. Yəni bu sahədə işləri koordinasiya edən mexanizmlər hələ yaranmayıb. Sovet dövründə camaatın arasında “kolxoz malı” ifadəsi geniş yayılmışdı. Həmin dövrdə şəxsi mülkiyyət demək olar ki, yox idi, hər şey sosialist mülkiyyəti idi. Bu mülklərin də sahibi guya hər kəs idi. Yəni həmin mülkün konkret heç bir sahibi yox idi. Qara camaatın içərisində yiyəsiz olan hər şeyə “kolxoz malı” deyilirdi. Çünki bu malı kim necə istəyirdi dağıdırdı, istifadə edirdi. İndi Qarabağ məsələsi də “kolxoz malı”na dönüb. Bu sahə ilə məşğul olan, sırf bu sahəyə görə maaş alan məmur yoxdur. Torpaqları işğal edilən dövlətlərdə adətən üst qurum olur (Məsələn, Milli Təhlükəsizlik Şurası). Həmin qurumda həm hərbçilər, həm diplomatlar, həm də informasiya sahəsində çalışan insanlar təmsil olunur. Qarabağla bağlı atılacaq addımları həmin qurumda müəyyənləşdirirlər. Yəni bu qurumda diplomatların təklifləri hərbçilər tərəfindən nəzərdən keçirilir, informasiya sahəsində olan materiallar da hərbçilər və diplomatlar tərəfindən dəyərləndirilir. Bu qurum Azərbaycanda yoxdur. Bizdə Milli Təhlükəsizlik Şurası 2-3 aydan bir toplaşaraq, iclas keçirir, amma obu iclaslar heç bir nəticə vermir. Milli Təhlükəsizlik Şurasının aparat kimi güclü bir qurum olaraq yaradılmasına obyektiv və subyektiv səbəblərdən ehtiyac duyulmursa, başqa təcrübədən yararlanmaq olar. Başqa dövlətlərdə bu sahəyə cavabdeh ya xüsusi ayrılmış nazir, ya da baş nazirin müavini olur. Təəssüf ki, bizdə hələlik həm Qarabağla bağlı siyasətimizi, həm də daha böyük geopolitik layihələrimizi işləyib-hazırlayıb reallaşdırmağa cavabdeh olan qurumlar formalaşmayıb. Biz əslində bundan başlamalıyıq.

– Bu təkliflərinizi hökumətə təqdim etməyi düşünürsünüzmü?

– Faktiki olaraq, bizim hər bir müsahibəmiz müəyyən ideyaları irəli sürmək və onları əsaslandırmaq üzərində qurulur. Bu özü də bir təklifdir. Əvvəlcə biz institusional addımlar atmalıyıq. Burada professional kadrlar lazımdır. bir misalı xatırladım. Ruslarda satirik şerlərin ən tanınmış nümayəndəsi Krılovdur. Onun məşhur bir şeiri var. həmin şeirdə durnabalığı, qaz, xərçəng arabanı biri quruya, biri havaya, biri də suya çəkməyə çalışır. Ona görə də heç biri arabanı yerindən tərpədə bilmir. İndi, Qarabağ münaqişəsində də Azərbaycanda ordu, diplomatiya, informasiya sahəsində çalışanlar problemi yerindən tərpədə bilmir. Həm dediyim böyük geopolitoloji layihələrlə bağlı, həm də Qarabağ münaqişəsinin həlli ilə bağlı strategiyanı müəyyənləşdirəndə bizim 3 əsas istiqamətimiz (ordu, diplomatiya, informasiya) olmalıdır. Bunlardan birinin öz üzərinə düşən vəzifəni yerinə yetirə bilməməsi, bu sahədə çatışmazlıqların göstəricisidir. Ordunun son 10 il ərzində uğurları göz qabağındadır. Ordu dövlətin onurğa sütunudur. Ordumuzla bağlı işlər düzgün istiqamətdədir. Ancaq bizim diplomatiyamız özünü “qaz” kimi aparır. Çünki XİN rəhbərləri sadəcə şəkil çəkdirməklə, eyni bəyanatları təkrarlamaqla məşğuldur. İnformasiya sahəsindəkilər isə lazım olan məqamda səslərini çıxarmırlar. Bu il Avropa liqası çərçivəsində keçirilən final matçı öncəsində Azərbaycana qarşı böyük bir kampaniya aparıldı. Bu məsələdə biz haqlı idik və əlimizdə çox ciddi arqumentlər var idi. Ancaq həftələrlə Azərbaycana qarşı gedən təbliğata cavab verən, əks-təbliğat aparan olmadı və ya arqumentli olmadı. Burada söhbət jurnalistlərdən getmir. Söhbət informasiya siyasətini həyata keçirən adamlardan gedir.

– Hər dəfə peşə bayramı günündə yüzlərlə jurnalistə “premya”lar, mükafatlar verilir. Bəs, Azərbaycana qarşı qara, çirkin kampaniyalar aparılan dövrdə bu jurnalistlər əks-təbliğatla niyə məşqul olmurlar?

– Bir faktı xatırladım. Aprel döyüşlərində Azərbaycan Ordusu hərbi əməliyyatlar keçirirdi. Bütün dünya ordumuzun üstünlük əldə etməsindən danışırdı. Ermənistanın eks-prezidenti o dövrdə Aprel döyüşlərindən dərhal sonra, Berlində Angela Merkellə görüşündə Azərbaycanın ordusunu müasir silahlarla təchiz etməsindən şikayətləndi. Ermənistan Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərinin az qala yarısı işdən qovuldu, müəyyən hissəsinə qarşı cinayət işi açıldı. Beynəlxalq qurumlar artıq bu məsələ ilə bağlı qərar vermək, erməniləri sıxmaq haqqında düşünürdü. Yəni o zaman düşünülürdü ki, Ermənistan işğal etdiyi torpaqları qoruya, saxlaya bilmirsə, artıq bu torpaqları Azərbaycana qaytarmalıdır. Azərbaycan Ordusu dünyaya bu cür mesaj verən bir vaxtda diplomatiyamızın mövqeyi olduqca başadüşülməz idi. Həmin dövrdə Ermənistanın xaici siyasət idarəsinin rəhbəri ilə görüşdən sonra Azərbaycan XİN rəhbəri danışıqların davam etdirildiyi ilə bağlı bəyanat səsləndirir, danışıqların davam etdirilməsindən, erməni həmkarının professionallığından söz açırdı. Yəni bilinmədi ki, diplomatiyamız “ayı”nın, yoxsa “ovçu”nun dostudur…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir