Sentyabrın 1-də Hicri-qəməri təqvimi ilə Məhərrəm ayı başlayıb. Bu ayın başlanması ilə də Azərbaycanda ənənəvi olaraq “toy edəkmi, etməyəkmi” sualı ətrafında müzakirələrə start verilib.
Əgər bu il Məhərrəmlik sentyabrın 1-də başlayıbsa, Aşura (imam Hüseyn və tərəfdarlarının qətlə yetirildiyi gün) da sentyabrın 10-na təsadüf edir. Belədə Aşuranın qırxıncı günündən sonra 10 gün də Səfər ayı üçün matəm günü hesab olunur.
Deməli, inanclı insanlar Məhərrəm ayından sonra gələn Səfər ayında da toy-nişan mərasimlərini haram sayırlar. Səfər ayı isə oktyabrın 29-da bitir.
Təbii ki, uzun illərdən bəri davam edən bu ənənəni pozmaq istəyənlər, Məhərrəmliyin qayda-qanunlarına əhəmiyyət verməyənlər də var. Və belə insanlar elə Məhərrəm ayı müddətində də toy-nişan mərasimləri etməyi qəbahət saymırlar.
İllərdir ki, geniş müzakirələrə səbəb olan bu mövzu ilə bağlı İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədli Modern.az-a danışıb.
Hacı bildirir ki, bu ayda toy etmək qəti şəkildə olmaz, günahdır:
“Məhərrəmlik ayı adından göründüyü kimi haram aydır. Bu ay savaş və müharibələrin qadağan edildiyi bir ərəfəyə təsadüf edir. Eyni zamanda, Məhərrəmlik hüzn və kədər ayı kimi də yadda qalır. 14 əsr bundan öncə imam Hüseyn Kərbəlada Allah yolunda öz ailəsi ilə bir yerdə islamın təbliği, insanlığın yaşaması üçün mücadilə edib, zalımla mübarizə aparıb. Həmçinin, burada bir qəm, matəm anlayışı var. Bu ayda toy etmək qəti şəkildə olmaz, icazəli deyil.
Belə deyək ki, əgər bir insan öz doğmasını, yaxınını itirirsə, onun gözünə nə toy, nə də şadlıq görünər. Məhərrəmlik ayında da vəziyyət belə olmalıdır. İmam Hüseyn haqq və ədalət uğrunda şəhid olub. Bu bizim müsəlmançılığımızın qan yaddaşından süzülüb gələn tarixi bir hadisədir. Yəni bunu hər nə qədər şücaət kimi qiymətləndirsək də, ortada ölüm faktoru var. Bu şəhidliyin fonunda toy və ya hər hansı əyləncəli tədbir etmək olmaz, günahdır”.
Bəs bu ayda günah sayılan toy mərasimi keçirmək istəyənlər necə, varmı? Şadlıq sarayları müraciətlərə açıqdır ya yox?
Modern.az saytı bu sorğu ilə toy-nişan mərasimlərinin keçirldiyi şadlıq saraylarına müraciət edib.
“Elit” sarayı: “Bizim saray indiyədək heç vaxt Məhərrəmlikdə toy etməyib, nə də bundan sonra edəcək. Açığı, bu ayda toy-nişanla bağlı sifariş də daxil olmur. Əksinə, Məhərrəmlikqabağı müraciət edirlər ki, mərasim həmin aya düşməsin. Ay ərzində müraciətlər olur, o da ehsan vermək üçün”.
“Arena” sarayı: “Məhərrəm ayında bu il sifariş daxil olmayıb. Lakin ötən illərdə toy-nişanla bağlı Məhərrəmlikdə sifarişlər olurdu. Əgər bu ay sifariş olsa, biz istər nişan, istərsə də toy kimi mərasimləri həyata keçirəcəyik, burada problemli bir şey yoxdur”.
“Neon Palace”: “Məhərrəm ayında bizə toy, nişan və ya ad günü ilə bağlı hər hansı sifariş daxil olmur. Daxil olacağı təqdirdə də bu cür mərasimləri təşkil etmirik”.
“Çıraq Palace”: “Hələ ki toy və ya nişanla bağlı sifariş daxil olmayıb. Sifariş olarsa da, bu ay ərzində belə müraciətləri qəbul etmirik”.
“Su Sonası” sarayı: “Toy üçün bizə 20-yə yaxın müraciət daxil olub. Sifariş etmək istəyənlərin çoxu da oktyabr ayını istəyiblər. Lakin Məhərrəmlikdə toy ya nişan mərasimlərini qəbul etmirik. Əvvəllər də bu ayda müraciətlər olurdu, lakin bu il nədənsə say daha çox olub”.
“Yeganə” şadlıq sarayı: “İndiyədək bizə Məhərrəmlik boyunca sifariş daxil olmayıb. Əgər müraciət olsa, yəqin ki, belə mərasimləri təşkil etməyəcəyik”.
“Kratos” sarayı: “Ay ərzində sifarişlər daxil olur, amma Məhərrəmlik müddəti üçün yox, ondan sonraya. Əgər Məhərrim ayı üçün toy və ya nişan sifarişi daxil olarsa bilmirik, qəbul edərik ya yox”.
“Ağ çiçəyim” sarayı: “Məhərrəm ayında qətiyyən sifariş qəbul etmirik. Ümumiyyətlə, elə şey olarmı ki, bu ayda toy edilsin. Hər kəs qəm-kədər içərisindədir, düzgün deyil”.