Anews.az xəbər verir ki, İsmayıllı rayonunun Basqal kəndində qeydiyyatda olan Famil Əhmədov paytaxtda işləyib, Nəsimi rayonunda kirayə yaşayıb.
Mübahisə zamanı Famil Əhmədov arvadını öldürmək qərarına gəlib. Bu niyyətlə Ülviyyə Əhmədovanı əvvəlcə döyərək ona xəsarət yetirib. Daha sonra mətbəxdə stolun üstündən götürdüyü bıçaqla dəhlizdə qadının bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub.
Ülviyyə Əhmədova aldığı zərbələrdən hadisə yerində ölüb. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Famil Əhmədov həbs edilib.
İstintaq orqanı tərəfindən Famil Əhmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Famil Əhmədov 17 il azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Famil Əhmədov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, cəzasının yüngülləşdirilməsini xahiş edib.
Hər iki tərəfin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Qədim Babayevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxsin barəsində olan maddənin dəyişdirilməsi barədə verdiyi şikayət təmin olunmayıb.
Məhkəmə zərərçəkmiş tərəfin verdiyi şikayəti də təmin etməyib.
Bu qərardan narazı qalan Famil Əhmədov kasasiya şikayəti verib. Onun şikayətinə Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə baxılıb.
Hakim onun istəyini nəzərə alaraq kasasiya şikayətinə baxışdan çıxarıb və geri qaytarılması barədə qərar qəbul edib.(teleqraf)