Şou biznes

Azərbaycanlı dizayner Nyu-Yorkda moda həftəsində “Xarı Bülbül çiçəyi” kolleksiyasını təqdim edib VİDEO

Azərbaycanlı dizayner Rüfət İsmayıl Nyu-York moda həftəsi çərçivəsində özünün 30 modeldən ibarət “Xarı Bülbül çıçəyi” adlı yeni kolleksiyasını dünyanın əfsanəvi fashion məkanı olan “Springs Studio”da təqdim edib.

AZƏRTAC xəbər verir ki, “Xarı bülbül” mövzusunda olan bu kolleksiyanı yaratmağa dizayneri Azərbaycanın Qarabağ bölgəsində bitən xarı bülbül çiçəyi ruhlandırıb.

Çiçəyin təbii bənövşəyi və çəhrayı rəngli naxışı və görünüşü kolleksiya üçün istifadə olunan bənövşəyi, narıncı, yaşıl və çəhrayı rəngli parçaların həm rənglərində, həm strukturunda əksini tapıb.

Xarı bülbül çiçəyini xatırladan bəzi naxış nümunələri əsasında yüksək keyfiyyətli parçalardan istifadə olunub. Bu parçaları bəzəyən əl işləri libasların unikallığından xəbər verir. 15 min daşdan hörülən paltarlar ətrafda parlaq işıq saçır.

2020-ci ilin yaz mövsümünün kolleksiyasının təqdimatından danışan dizayner deyib ki, təqdimatda səslənən Azərbaycan xalq artisti Aygün Kazımovanın ifa etdiyi “Vokaliz” kompozisiyası “Xarı Bülbül” kolleksiyasının təqdimatını tamamlayır.

Tədbirdə iştirak edən müğənni Aygün Kazımova Rüfət İsmayılın moda nümayişini yüksək qiymətləndirib.

Xatırladaq ki, bu moda tədbiri R.İsmayılın Nyu-Yorkdakı 3-cü tədbiridir.

Rüfət İsmayıl hazırda ilk və yeganə Azərbaycan və türk dizayneridir ki, onun kolleksiyaları moda dünyasının İtaliya, Dubay, İran, Beyrut moda həftələri kimi sanballı podiumlarında nümayiş etdirilib. R.İsmayılın kolleksiyası dünya moda sənayesinin ən mötəbər məkanında – “Pitti Uomo” sərgisində də təqdim olunub. “Fashion TV” kanalı onu 2018-ci ildə Avropanın ən yaxşı dizayneri adlandırıb.

Xatırladaq ki, Azərbaycanı Nyu-York Moda Həftəsində ilk dəfə məhz Rüfət İsmayıl təmsil edib. 2018-ci il sentyabrın 7-də moda həftəsi çərçivəsində onun “Power of fire” (“Alovun gücü”) kolleksiyası nümayiş etdirilib. Cari ilin fevral ayında isə Nyu-York Moda Həftəsi çərçivəsində Rüfət İsmayıl özünün 22 modeldən ibarət “Butterfly Efffect” (“Kəpənək effekti”) adlı kolleksiyasını təqdim edib. Bu kolleksiyalar moda tənqidçiləri və beynəlxalq mətbuat tərəfindən yüksək qiymətləndirilib.

Nyu-York Moda Həftəsi London, Paris və Milan moda həftələri ilə birlikdə “Böyük Dörd” adlanan və dünyanın dörd ən əsas moda həftəsindən biridir. İldə iki dəfə keçirilir: fevralda payız-qış, sentyabrda isə yaz-yay trendləri nümayiş etdirilir. Amerika Moda Dizaynerləri Şurasının araşdırmalarına istinadən, Nyu-York Moda Həftəsinin iqtisadiyyata təsiri təxminən 887 milyon dollar səviyyəsində qiymətləndirilir.

Rüfət İsmayıl son illər Türkiyədə yaşayır və işləyir. 2012-ci ildə o, “Afffair” moda brendinin əsasını qoyub. Dizaynerin kolleksiyaları İtaliya, İran, Türkiyə, BƏƏ və digər ölkələrdə müvəffəqiyyətlə nümayiş etdirilib.

https://video.azertag.az/site/video/78498

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir