Heydər Əliyev və milli-mənəvi dəyərlərimizə qayıdış
“Bizim hamımızın bir vətəni var – bu Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır. Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır”.
Heydər Əliyev
Milli-mənəvi dəyərlər və Azərbaycançılıq – bu sözlər hər bir Azərbaycan vətəndaşı üçün doğma, əziz və müqəddəsdir. Azərbaycanın qədim, mənəvi dəyərləri, mədəni irsi hazırda xalqın fəxr mənbəyi və dünya mədəniyyətinə töhfəsi qismində çıxış edir. Bu sahəyə dövlət qayğısının günü-gündən artması və beynəlxalq təcrübənin tətbiqi istiqamətində görülən işlər qeyri-maddi mədəni irsin gələcəyinə nikbin baxmağa ümidləri artırır.
Xalqlarının taleyində müstəsna rol oynayan liderlər bir qayda olaraq milli dövlətçilik ideyalarının praktik surətdə gerçəkləşməsində mühüm rol oynamış, milli tərəqqi üçün dayanıqlı əsasların, mütərəqqi inkişaf strategiyasının müəllifinə çevrilmişlər. Hər bir xalqın milli-mənəvi irsini, mental-əxlaqi dəyərlərini qoruyub saxlamaq, genetik yaddaşını, tarixi kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya onun taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyətlərin fəaliyyəti ilə bağlı olmuşdur.
Azərbaycan xalqının dünya siyasi arenasına bəxş etdiyi nadir şəxsiyyət olan Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini – XX əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq əsrin sonlarına doğru – müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuşdur. Sağlığında ümummilli liderlik ucalığına qovuşmuş bu müdrik şəxsiyyət böyük fədakarlıqlar hesabına qurub-yaratdığı dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir. Əgər ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ötən əsrin 70-80-cı illərində Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində istər açıq, istərsə də gizli şəraitdə görülən böyük işlər olmasaydı, biz bu gün Azərbaycanın suveren dövlət kimi mövcudluğundan danışa bilməzdik.
Ümummilli lider Heydər Əliyev respublikaya birinci rəhbərliyi dövründə ustalıqla xalqda milli özünüdərk hissini gücləndirə, habelə milli kimliyi, düşüncə sistemi barədə dolğun təsəvvür formalaşdıra bilmişdir. Ümumiyyətlə, həmin dövrdə böyük strateq Heydər Əliyevin Respublikaya rəhbərliyinin bütün fəlsəfəsi yalnız xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanışı məramına hesablanmışdı. Bu məqsədə yetişmək üçün Heydər Əliyev azərbaycançılıq məfkurəsinin rejimin ideoloji repressiya maşını ilə boğulmasına imkan verməmiş, eyni zamanda milli məfkurə və düşüncə sahibi olan ziyalıları qorumuşdur.
1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi baryerlərə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başlamış, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacarmışdır. Ulu öndər xalqda milli heysiyyəti gücləndirmək, onu öz şanlı keçmişinə, soy-kökünə qaytarmaq, habelə zəngin bədii irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün bir sıra aşkar-gizli tədbirlər həyata keçirmişdir.
Xalqımızın milli düşüncəsi, adət-ənənələri, ümumən azərbaycançılıq ideologiyasının mühüm komponentləri daha çox qədim yazılı abidə olan “Kitabi-Dədə Qorqud”da əksini tapdığından, sovet ideologiyası XX əsrin 20-50-ci illərində dastanın öyrənilməsini qadağan etmiş, uzun illər bu abidənin unutdurulmasına çalışmışdı. Ulu öndər bu qadağanı da tamamilə aradan götürərək dastanın araşdırılması və tədqiqinə normal şərait yaratmışdır.
Azərbaycan xalqının milli düşüncə sisteminin bədii-poetik modeli olan folklorun inkişafı istiqamətində həyata keçirdiyi addımlar da ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərə həssas münasibətindən irəli gəlməklə milli özünüdərkə, milli ictimai şüurun oyanışına xidmət etmişdir. Heydər Əliyev xalqın istiqlal düşüncələrinin, azadlıq ideyalarının lirik-emosional təcəssümü olan aşıq poeziyasının və musiqisinin dirçəldilməsinə də xüsusi diqqət yetirmişdir. 1972-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan Aşıq Ələsgərin 150 illik yubileyinin həm aşığın doğulduğu Göyçə mahalında, həm Bakıda, həm də Moskvada yüksək səviyyədə keçirilməsi bunu bir daha təsdiqləyir.
Heydər Əliyev görkəmli şair İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə dair hazırlıqla bağlı qərarın qəbuluna nail olmuş, bir il sonra görkəmli klassikin şanlı yubleyi Bakıda və Moskvada təntənə ilə qeyd edilmişdir. 1972-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının 50 illik yubileyi keçirilmiş, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 90 illik yubileyi də Bakıda və Moskvada yüksək səviyyədə qeyd edilmiş, həmçinin xalqın qəhrəmanlıq epopeyasını əks etdirən “Koroğlu” dastanı yenidən tamaşaya qoyulmuşdur.
Ümummilli liderin milli ideologiyanın ən mühüm istiqamətlərindən və komponentlərindən biri kimi qiymətləndirdiyi milli-mənəvi dəyərlər özü də mürəkkəb daxili struktura malikdir. Burada Heydər Əliyev üç tərkib hissəsini xüsusi qeyd edirdi: dil, din, adət-ənənə (bunların şüur müstəvisində proyeksiyası olan milli mentalitet). Heydər Əliyev milli-mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü. Bunlarsız millət yoxdur.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən biri də məhz ana dilinə həssas münasibət olmuşdur. Xalqın milli-mənəvi dəyərlərinin yaşadılması və inkişaf etdirilməsində ana dilinin müstəsna rol oynadığını yaxşı bilən, onu bilməyənləri şikəst sayan müdrik rəhbərin bu məsələyə münasibəti birmənalı olmuşdur. Ulu öndər birinci dəfə Azərbaycanda hakimiyyətə gələndən dərhal sonra Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsinə qərar vermiş, 1969-cu il noyabrın 1-də bu təntənəli tədbirdə totalitar sovet rejiminin tətbiq etdiyi bütün baryerləri aşaraq Azərbaycan dilində çıxış etmişdir. Bununla da Heydər Əliyev dühası cəmiyyətə milliləşmə zəruriliyi mesajını vermiş, milli dilə, dinə, dəyərlərə bağlı olmağı, tarixi irsi yaşatmağı ictimai fikrə böyük müdrikliklə təlqin etmişdir.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın – Azərbaycançılığın təşəkkül və inkişafına müstəsna diqqət vermişdir. Ümummilli lider Heydər Əliyevin böyüklüyü rəhbər vəzifəyə gəldiyi gündən bu dəyərləri düzgün qiymətləndirməsi, daim diqqət mərkəzində saxlamasıdır.Bunları qoruyub saxlamış xalq isə həmişə müstəqillik yolu ilə getmək, müstəqilliyini qorumaq əzmindədir.
Heydər Əliyev Azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi. Milli dövlətçilik və milli-mənəvi dəyərlər sıx daxili vəhdətdədir. Yalnız milli kimliyi bəlli olan və özünü bir millət kimi dərk edən xalqın bitkin inkişaf konsepsiyası ola bilər. Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən Azərbaycan Prezidenti İlham Əliyev regionda cərəyan edən proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən ciddi fenomenə çevrilmişdir. Bu gün Prezident İlham Əliyevi, eyni zamanda, Azərbaycanın milli-mənəvi dəyərlərinin ən qüdrətli mühafizəçisi kimi görürük. Prezident İlham Əliyevin konsepsiyasına görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti məhz milli dövlətçilikdir. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Dövlətçilik hisslərinə malik olmadan xalq milli dövlətini inkişaf etdirə bilməz. Bu gün ulu öndərin ali ideyalarının gerçəkləşməsində cənab İlham Əliyevlə birgə onun xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da yaxından iştirak edir.
Bu gün Azərbaycanda dinlərarası dialoq inkişaf edir və beynəlxalq mədəni əlaqələrdə əsas yer tutur.
Azərbaycan dövləti hazırda dünyada gedən siyasi, iqtisadi, mədəni proseslərdə layiqincə təmsil olunur. Ölkədə həyata keçirilən mütərəqqi dəyişikliklər, milli-mənəvi dirçəliş, fəal xarici siyasət kursu dövlətimizin dünyaya daha sürətlə inteqrasiya olunacağına, milli maraqlarımızın təmin ediləcəyinə, Ermənistanın təcavüzü nəticəsində pozulmuş ərazi bütövlüyünun bərpa olunacağına əminlik yaradır. Bu məqsədlərə nail olunmasında mədəniyyət amili mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq münasibətlərdə cərəyan edən proseslər sübut edir ki, hər bir dövlətin dünya birliyində rolu və yeri hərbi, iqtisadi, geosiyasi, diplomatik resurslarla yanaşı mədəni resursları, dünya ictimaiyyətinə göstərə biləcəyi intellektual və mənəvi-mədəni təsir imkanları ilə də müəyyən edilir. Həmin resurslar ənənəvi milli kimliyimizi və özünəməxsusluğumuzu qorumaqla yanaşı ümumdünya mədəni proseslərinə uğurlu inteqrasyia olunmaq üçün baza rolunu oynayır.
Ölkəmiz hazırda beynəlxalq mədəni proseslərin fəal subyekti olaraq dünyada uğurla gerçəkləşdirilən bir çox mədəni proqram və layihələrin nəinki fəal iştirakçısıdır, həm də onların təşəbbüskarı və təşkilatçısı rolunda çıxış edir. Dünya mədəni proseslərinə fəal qoşulmaqla Azərbaycan həm özünün milli mədəniyyətini mütərəqqi, ümumbəşəri ideya və dəyərlərlə zənginləşdirir, həm də dünya mədəniyyətinin inkişafına öz layiqli töhfələrini verir.
Gənclərin müstəqil həyata hazırlıqlarında çox istiqamətli vəzifələrin yerinə yetirilməsi bilavasitə müəllimdən asılıdır. Müəllim xalqın bütün ideoloji fəaliyyətlərində azərbaycanlılığın təbliğatçısı və təşviqatçısı olmalıdır. Bu gün müəllimlər gənc nəslə milli mənəvi dəyərləri aşılamalı, öz ixtisasını mükəmməl bilməli,metodikadan bacarıqla istifadə etməlidir. Ümumiyyətlə dünya praktikasına nəzər salsaq,mövcüd təhsil prosesləri və təlimlərində də,qabaqcıl müəllimlər dərnək məşğələ,praktiki kurslar və əlavə vaxtlarda da şagirdlərlə dostluq və yoldaşlıq prinsiplərinə sadiqlik numayiş etdirmişlər.Dəyərlərmizin öyrədilməsi istqamətində də bu prosesi davam etdirməlidirlər.Bütün bunlar çox müsbət nəticə verir.Məhz şagirdlərin məkfurəvi tərbiəsində azərbaycançılıqın tədrisi dərs prosesinin efekktivliyini artıran əsas vasitələrdən biri olmalıdır.
Mən bir riyaziyyat müəllimi kimi öz dərslərimdə milli-mənəvi dəyərlərimizi, azərbaycançılıq ideologiyasını daim təbliğ etməyə çalışıram. Dərslərim əsasən biinci saata düşdüyündən dərsimizə Azərbaycanın himni ilə başlayırıq. Hər bir şagird dövlət rəmzlərimizi bilir və dərindən dərk edir. Sentyabrın 17-si ilk dərs günü Təhsil Nazirliyinin qərarı ilə “Azərbaycan Respublikasının Dövlət Rəmzləri haqqında” apardığımız müsahibə bird aha bunu təsdiq etdi.
Mənim işlədiyim 290 № -li məktəbdə çox yüksəək səviyyəli tədbirlər keçirilir. Demək olar ki hə rkl “20 Yanvar”, “Xocalı faciəsi”, “31 mart Soyqrımı”, “Ulu Öndər Heydər Əliyevin anım günü” çox yüksək səviyyədə qeyd olunur.
Bütün milli bayramlarımız rəhbərliyin nəzarəti və iştirakı ilə keçirilir. Şagirdlər bütün bunların hamısından görünür ki, milliliyimizə, adət-ənənlərimizə, mənəvi dəyərlərimizə hər bir sahədə diqqət yetirilir. Eyni zamanda torpaqlarımızın 20 %-nin hələ də işğal altında olduğunu unutmuruq. 12 rayonumuzun hələ də işğalda qalmaqda olduğunu bilirik.
Dərslərimizdə məsələ həllərində, hazırladığımız təqdimatlarda, karassvordlarda bunu daima qabarıq şəkildə göstəririk.
İndi hər bir şagird bilir ki,çəpərin o tayındakı düşmənin obyektini məhv etməkdən ötrü riyaziyyatı güclü bilməlidir. Çünki silahdan hansı bucaq altında istifadə edəcəyini bilməlidir. Riyaziyyat beynin gimnastikasıdır. Şahmat oyunundakı bütün gedişlər demək olar ki, riyaziyyatın məhsuludur.
Riyaziyyatı güclü olan insanın musiqi duyumu yüksəkdir. Musiqi isə bizim milli-mənəvi dəyərimizdir.
Şagirdlərimiz Azərbaycanın görkəmli riyaziyyatçılarını tanıyır, onların tədqiqatları ilə dərindən maraqlanırlar.Bütün bunlar bizim mənəvi dəyərləmizi,azərbaycançılığımızı sübut edir.
ABBASOVA DÜRDANƏ FƏRMAN QIZI
SURAXANI RAYONU SƏMƏD ABDULLAYEV ADINA 290 №-li TAM ORTA MƏKTƏBİN RİYAZİYYAT MÜƏLLİMİ