“Azərbaycan vətəndaşlarının readmissiya sazişləri çərçivəsində geri qaytarılması ilə bağlı müraciətlər daha çox Almaniya ilə bağlı olur”.
Sonxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
Onun sözlərinə görə, xaricə gedərək pasportlarını, sərhəd keçmə sənədlərini itirən Azərbaycan vətəndaşları adətən readmissiya sazişləri çərçivəsində bir müddətdən sonra həmin dövlətlərin miqrasiya qurumları tərəfindən ölkəyə geri qaytarılırlar: “Bu cür müraciətlər olan ölkələrin statistikasında Almaniya nisbətən ön yerdədir”.
V.Hüseynov əlavə edib ki, bu hal dünyanın hər yerində var: “Azərbaycanda isə belə halların sayı qonşu dövlətlərlə müqayisədə azdır. Gürcüstan və Ermənistan əhalisinin say nisbətini nəzərə alsaq, bu ölkələrdə qaçqın statusu almaq üçün digər ölkələrə getmə ilə bağlı müraciətlərin sayı Azərbaycandan 2 və ya 3 dəfə çoxdur”.