Dünya

Ermənistanın keçmiş baş “çekisti” Paşinyanı hədələdi

Mən istefa verdikdən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan vəziyyət düzələnə qədər yanıma adam göndərib bir müddət susmağımı xahiş edir. Ancaq görürəm ki, Nikol Paşinyan razılaşmaları pozur və populist bəyanatlar verir.

Oxu.Az-ın Ermənistan mətbuatına istinadən məlumatına görə, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyan deyib.

O deyib ki, N.Paşinyanın cəmiyyətin əhval-ruhiyyəsində qısamüddətli təəssürat yaratmaq istəyinə “heyran” olub.

“Nikol Paşinyan sözlərinin nəticələri barədə düşünmür. Bəs mən nəticələri düşünmədən danışsam, bunu təsəvvür edə bilərsiniz? Nə vaxtadək ictimaiyyətə yalan danışıb, “bizimlə olmayanlar milləti satanlardır” tezisini irəli sürəcək? Onunla razı olmayanlarla əvvəlki hökumətin etdiyi kimi davranır. Bir daha təkrar edirəm, məni əvvəlkilərlə bağlamağa cəhd etməyin”, – deyə Vanesyan N.Paşinyanı hədələyib.

Onun sözlərinə görə, N.Paşinyan konstitusiyanı bilmir.

“Konstitusiyaya əsasən, müharibə şəraiti olmayanda Baş nazir ali baş komandan səlahiyyətini daşımır. İstefa barədə bəyanatımı oxusa, əminəm ki, nəyi nəzərdə tutduğumu anlayacaq. Ona görə də zamanın kimin və nəyin zibilliyə atacağını göstərəcəyinə əminəm”.

Qeyd edək ki, N. Paşinyan Los-Ancelesdə keçirdiyi mətbuat konfransında A.Vanesyanın istefası barədə danışıb:

“Cənab Vanesyan de-yure Milli Təhlükəsizlik Xidmətinin direktoru olaraq mahiyyətcə öz ali baş komandanına qarşı bəyanat verir. Zabit şərəfinə bundan alçaldıcı münasibət ola bilməz. Siz başa düşürsünüz, söhbət nədən gedir?”

Xatırladaq ki, bundan əvvəl A.Vanesyan istefasından sonra bəyanatla çıxış edərək bu vəzifədə qalmasını “zabit şərəfi ilə uyğun gəlməyən” məsələ adlandırıb.

Eyni zamanda, istefasının “ayıldıcı mesaj” olduğunu vurğulayıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir